Miri Yusif 2020-ci ilin ƏN MÖHTƏŞƏM LAYİHƏSİNƏ hazırlaşır
Tarix: 30-12-2019, 09:02




Azərbaycanın Xalq artisti Miri Yusifin solo karyerasının 10 illiyi münasibətilə gələn ilin baharında, daha dəqiq desək, mayın 24-də “Baku Crystal Hall”da solo konserti olacaq.
 
UlduzumSan.Az xəbər verir ki, bu, 2020-ci ilin ən genişmiqyaslı konsertlərindən biri olacaq. Qarşıdakı şou “SS-production” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək. Şirkət və artistin komandası onun "ruh əkizlərinin" istəyini nəzərə alaraq çox demokratik qiymət siyasəti müəyyən edib. Biletlərin qiyməti 8 AZN-dən başlanır, ən bahalı yerlərin qiyməti isə 150 azn-dir.
Müğənni bu günlərdə özünün “Instaqram” səhifəsində qarşıdakı konsertin rəsmi afişasını və anonsunu paylaşıb. Müğənni bildirib ki, qarşıdakı şou onun üçün böyük əhəmiyyət kəsb edir. Son 10 il ərzində bu artist müxtəlif məkanlarda 32 solo konserti verib. Onların arasında ikigünlük, üçgünlük şouların olduğunu nəzərə alsaq, daha böyük rəqəm alınır.
 
“Baku Crystal Hall”da konsertin nə demək olduğunu yaxşı bilən Azərbaycanın Xalq artisti Aygün Kazımova müğənnini dəstəkləyib. Super ulduz “SS-production” şirkətinin “İnstaqram” səhifəsində Miri Yusifin afişası altında bu sözləri yazıb: “Bizi və sizi möhtəşəm bir konsert gözləyir”.
Qarşıdakı şounun 100 faiz möhtəşəm olacağına şübhə yoxdur. Konsertin proqramı Miri Yusifin son 10 ildəki repertuarında yer tutmuş ən yaxşı mahnılardan ibarət olacaq. Tamaşaçıları çox sürprizlər gözləyir – parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, valehedici installyasiyalar, işıq və lazer şousu, sevimli hitlər, canlı ifa və əlbəttə, artistin qeyri-adi energetikası!

Paylaş: