"İkinci pərdə"nin Timası: "Kimin nə deməsi mənə maraqlı deyil"
Tarix: 29-09-2017, 12:02


Ötən gün "Flame Towers"da yerləşən "Park Cinema" kinoteatrında "İkinci pərdə" filminin treyleri təqdim olunub. 16 noyabrdan etibarən kinoteatrlarda yayımlanacaq ekran işi haqda filmin rejissoru Emil Quliyev danışıb: ""İkinci pərdə" birincidən çox fərqlənir. Ona görə ki, süjet xətti tam başqadır. Hadisə eyni ərazidə baş versə də qəhrəmanlar ayrıdır. Mənə elə gəlir ki, bu film öncəkindən daha tutarlı olacaq. Bu dəfə filmdə Günay Əhməd, Hikmət Rəhimov, Qorqud Cəfər, Elşən Əsgərov, Elşən Hacıbabayev, Rövşən Ağayev, Ziya Ağa və başqaları rol alıb. Ekran işi iki yaxın dostun bir-birinə xəyanətindən bəhs edir. Tamaşaçılar "İkinci pərdə"nin ondan öncə çıxan filmin davamı olacağını düşünürdülər. Amma bu, belə deyil. Üçüncü çəkiləcək film birinci və ikincinin davamı olacaq". Filmin baş rollarından birini canlandıran aktrisa Günay Əhməd obrazına görə gələcək tənqidlərə hazır olduğunu bildirib: "Mən ssenarini oxuyanda artıq hansı rola razılıq verdiyimi bilirdim. Amma həmin dəqiqə qərar vermədim. Aktyor dostlarımla məsləhətləşdim. Sssenari o qədər real yazılıb ki, imtina edə bilmədim. Artıq hər bir şeyə hazıram. Bilirəm ki, bu roldan sonra mənim bir gözüm güləcək digəri ağlayacaq. Tənqidə hazır insanam, amma bəzən təhqirə keçirlər. O zaman tab gətirə bilmirəm. Bu, mənim səhhətimə də təsir göstərir". Ekran işində Tima obrazını canlandıran aktyor Hikmət Rəhimov bu dəfə də çətin mövzuya toxunduqlarını vurğulayıb: "Kobud səslənsə də deyəcəm. Kimin nə deməsi mənə maraqlı deyil. Bu peşəkar iş və yanaşmadır. Mənim canlandırdığım Tima obrazının çətinliyi onda idi ki, yaşadığımız cəmiyyətdə bir kişi xeylağını məhv etməyə, əzməyə yalnız qadının hüququ var. Ssenarini oxuyanda Emilə də dedim ki, çətin mövzudur. Amma filmi işlədik, necə alınmağı barədə mənim fikir bildirməyim düzgün deyil. Tamaşaçıların öhdəsinə buraxmaq lazımdır".


Paylaş: