AzTV-nin Televiziya və Radio Akademiyasının müdavimlərinə sertifikatlar təqdim olunub
Tarix: 27-12-2019, 16:05




“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının müdavimlərinə sertifikatlar təqdim olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində iştirak edən QSC sədri Rövşən Məmmədov müdavimlərə uğurlar arzulayaraq bildirib ki, son bir ildə aktiv fəaliyyəti yenidən bərpa edilən qurumda Akademiyanın fəaliyyəti də fəal formata keçib. Sədr gənclərə peşə fəaliyyətində daim vicdanın aliliyini rəhbər tutmağı tövsiyə edib. Rövşən Məmmədov onu da bildirib ki, Teleradio Akademiyasının məzunlarının bir qismi əvvəlki buraxılışda olduğu kimi, QSC-də işlə təmin olunacaqlar.
Akademiyanın rektoru Faiq Hüsiyev qeyd edib ki, ikinci tədris ili üçün müsabiqə 2019-cu il sentyabrın 16-dan başlayıb. Müsabiqəyə 451 nəfər CV göndərib, onlardan 280 nəfər müsahibə mərhələsinə dəvət olunub. Nəticədə 51 nəfər müsabiqə iştirakçısı və AzTV-nin 24 nəfər əməkdaşı Akademiya dinləyicisi adını qazanıb. Beləliklə, oktyabrın 7-dən başlayan II tədris prosesinə 75 nəfər cəlb olunub. Lakin davamiyyət və qiymətləndirmə baxımından yalnız 63 nəfər sertifikata layiq görülüb. Rektor nəzərə çatdırıb ki, birinci tədris ilinin yekununda sertifikat alan 73 nəfər məzundan 21 nəfəri hazırda QSC rəhbərliyinin qərarı ilə müqavilə əsasında AzTV, “Mədəniyyət TV”, “İdman TV”, Azərbaycan Radiosu və Akademiyada işlə təmin olunub. Daha sonra çıxış edən diktorlar, Akademiyanın müəllimləri Nərgiz Cəlilova, Sevda Ağazadə və digərləri Teleradio Akademiyasının fəaliyyətinin bərpasına görə AzTV sədrinə təşəkkür edərək, bununla Azərbaycanda ciddi bir televiziya məktəbinin əsasının qoyulduğunu diqqətə çatdırıblar. Sonda müdavimlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 2019-cu ildə aparılan islahatlar çərçivəsində Teleradio Akademiyasının da fəaliyyəti bərpa olunaraq il ərzində iki dəfə qəbul elan edilib. 

Paylaş: