Rusiyanın Xalq artisti, gözəlliyi ilə çoxlarını heyran edən aktrisa yubileyini qeyd edir
Tarix: 19-12-2019, 12:09




Bu gün Rusiyanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, 1960-cı illərin gözəllik simvolu Anastasiya Vertinskaya 75 illik yubileyini qeyd edir.
Open.az xəbər verir ki, 75 yaşlı sənətkar yubileyini yaxın ətrafı-dostları, ailə üzvləri, nəvə və nəticələri ilə birlikdə keçirəcəyini bildirib.
Ötən əsrin 60-cı illərində ulduzu parlayan aktrisa ilk dəfə "Al yelkənlər" filmində Assol obrazını ifa edib. Filmdə çəkilərkən hələ 16 yaşı tamam olmayan gözəl aktrisa, füsünkar zahiri görkəmi ilə rejissorların diqqətini cəlb edir. "Al yelkənlər" filmindən sonra "Amfibiya-adam" filminə çəkilən Anastasiya Vertinskayanın şöhrəti birə-min artır.
20 yaşı tamam olmadan isə daha bir görkəmli rejissorun diqqətini cəlb edir. Belə ki, Qriqori Kozinsev gözəl və istedadlı Anastasiyanı "Hamlet" filmində Ofeliya obrazını ifa etməyə dəvət edir. Film çox uğurlu alınır. Q.Kozinsev A.Vertinskayanın Ofeliyasından razı qalır. Məhz "Hamlet" filmindən sonra Anastasiya Vertinskaya əsl aktrisa kimi hər kəs tərəfindən qəbul edilir və kinoda yeni-yeni maraqlı obrazlar yaradır.
Anastasiya Vertinskayanın ailə həyatı, sevgiləri də uğurlu olub. İlk nikahını Nikita Mixalkovla bağlayan A.Vertinskayanın görkəmli sənətkardan bir oğlu var. Sonralar ikinci dəfə ailə quran aktrisanın bağladığı nikahların ömrü uzun çəkmir. Anastasiya Vertinskayanın çoxsaylı eşq macəraları olub. Ən yaddaqalan eşq macərasını Oleq Yevremovla yaşayan A.Vertinskaya keçmişi və bugünündən çox razıdır.
Özünü xoşbəxt hiss etdiyini deyən 75 yaşlı Anastasiya Vertinskaya 1980-ci illərdən sonra teatr səhnəsini tərk edib. Hazırda teatra tamaşaçı kimi qonaq getdiyini söyləyən aktrisa : "Yenidən teatra qayıtmağımı istəyən dostlarım var. Mənə çoxsaylı dəvətlər gəlir. Amma qərar verə bilmirəm. Bəlkə də, günlərin birində qayıtdım..." deyə, yubileyqabağı ürək sözlərini ifadə edib.



Rusiyanın Xalq artisti, gözəlliyi ilə çoxlarını heyran edən aktrisa  yubileyini qeyd edir-FOTO


Paylaş: