“Muğam sənətindən getmək istəyirdim, bilmirdim ki, dövlət bizə belə dəstək olacaq...”
Tarix: 14-12-2019, 10:08



“Yerindən duran deyir ki, mən muğam oxuyuram. Mahnının ortasında bir az mızıltılı, cızıltılı muğam oxuyub deyir ki, muğam oxudum. Muğam sənətiylə zarafat olmaz, ona pir, ocaq kimi baxmaq lazımdır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Xalq artisti dövlət tərəfindən muğam sənətinə kifayət qədər dəstək göstərildiyini bildirib:

“Bu gün dövlət televiziyamız muğam sənətinə çox dəstək verir. Muğam Müsabiqələri olmasaydı, bilmirəm sonu necə olardı. Bu günlərdə oğlum Rüstəm Müslümov da müsabiqədə qalib oldu. Sonuncu dəfə Mehriban xanım Əliyevanın Xalq artisti Əlibaba Məmmədovu ziyarət etməsindən sevincli gün yox idi, elə bildim ki, o, bütün muğam ifaçılarını ziyarət etdi. Ölkə rəhbərliyi muğam sənətinə çox dəstək olur, amma keçmişdə belə deyildi. Gərək həqiqəti deyəsən. Uşaq yaşlarından muğamla məşğulam və onda deyirdim ki, bu sənəti atım çıxım gedim. İnanmırdım ki, gələcəkdə dövlət bu cür bizə dəstək olar. Elə bilirəm ki, yuxuda gördüklərimin hamısı çin oldu. Bir müddət öncə İrandan konsertdən qayıtmışam və orda insanlar mənə deyirdilər ki, sizdə Muğam Müsabiqəsi keçirləndə küçədə bir adam tapmaq olmur, hamı sizə baxır. Onlar bizdəki sənətkarlara da salamlarını göndərdilər. Bu isə dövlətin muğama göstərdiyi diqqətin gücüdür”. 

Xalq artisti özəl kanallarımızın da muğam sənətinə önəm verməsini arzulayıb və bildirib ki, bu sənətə ifaçılar ciddi yanaşmalıdır:

“Kaş ki, özəl telekanallarımız da muğam sənətinə bu qədər yer ayıraydı. Lazımsız, tərbiyəvi əhəmiyyəti olmayan ifaçıları efirə kim buxarır, bilmirəm. Bilinmir bu meyxanadır, yoxsa mahnı. Bu mahnının dədəsi-nənəsi kimdi. Yerindən duran mahnı yazıb-oxuyur. Mən isə onlara ifaçı demirəm. İranda bizi hörmətlə qarşılayıb bu cür mahnılara görə iradlarını bildirirlər. Yerindən duran deyir ki, mən muğam oxuyuram. Mahnının ortasında bir az mızıltılı, cızıltılı muğam oxuyub deyir ki, muğam oxudum. Muğam sənətiylə zarafat olmaz, ona pir, ocaq kimi baxmaq lazımdır”.


Paylaş: