"Heç mənə lazım da deyil..." — Aşıq Zülfiyyə
Tarix: 12-12-2019, 15:16



Aşıq Zülfiyyə "Space" telekanalının bayram çəkilişi zamanı yaranan narazılıqla bağlı xəbərlərə aydınlıq gətirib.
“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, bildirib ki, saat 1-də çəkilişə dəvət olunduğuna baxmayaraq, axşam saat 6-ya qədər orada gözləməli olub.
“Vallah, bizi çəkiliş üçün saat 1-ə dəvət etmişdilər. Bu aralar səhhətimdə bir az problem var deyə, xahiş etdim ki, çəkiliş nə zaman başlayacaqsa, dəqiq o saatı desinlər, gəlib orada çox gözləməyim. Çünki səhhətim buna imkan vermir. Dəfələrlə rica etdim ki, 1-2 saatdan artıq gözləməyim. Bundan başqa da duet ortağım Babək növbə ilə çalışdığına görə saat 6-da işdə olmalı idi. Çəkilişlərə nəzarət edən qıza yenə də söylədim ki, bizi çox gecikdirməsin. Həmin xanım söz verdi ki, 6-ya işləmiş bizi çəkəcəklər. Çünki bizdən əvvəl gələn sənətçilər var idi. Mən hər zaman hamıya hörmətlə yanaşmışam, yerimi bilmişəm. Buna da razılaşdım ki, əvvəl Babəki çəkərlər, mən qalaram. Əsas o, işə gecikməsin. Ancaq sonra gördüm ki, məndən sonra gələn cavan kadrları bir-bir çəkib yola salırlar, biz qalmışıq. Qıza yenə yaxınlaşdım ki, xanım, bu nə məsələdi? Deyir, Zülfiyyə xanım, vallah, rejissor da operator da öz tanışlarını irəliyə çəkir, mən də başımı itirmişəm, qalmışam belə. Mən də birinə dözdüm,ikincisi, üçüncüsünə göz yumdur. Gördüm ki, yox, bu, düzələn deyil. Mənim 4-5 saat gözləməyə nə hövsələm çatır, nə də səhhətim yol verir. Çox əsəbləşdim, dedim belədirsə, heç mənə lazım da deyil və  oradan çıxdım. Özləri bayram çəkilişi üçün dəvət edirlər, sonra da işlərinə bu cür hörmətsiz yanaşırlar. Nə Babək oxudu, nə də mən. Çəkilişi yarımçıq qoyub, oradan çıxdıq”.
İfaçı bildirib ki, belə hadisələrlə dəfələrlə rastlaşıb.
 “Birinci dəfə deyil ki, mən bu cür halla üzləşirəm. Mənim fikrimcə özünə, sənətinə hörmət edən məhz belə etməlidir ki, onlara da dərs olsun. Sabah bu səhvi yenidən təkrarlamasınlar. Bizə qarşı bu cür hörmətsiz yanaşmasınlar. Yenə də deyirəm ki, məndən yaşda böyüklər olsaydı, yenə də göz yummağa çalışardım. Ancaq dünən səhnəyə çıxan müğənniləri irəli buraxıb, mənə qarşı edilən bü cür ədəbsiz hərəkətləri bağışlaya bilmərəm”,- deyə aşıq fikrini tamamlayıb.
Qeyd edək ki, Aşıq Zülfiyyə "Space" telekanalının bayram çəkilişi zamanı əksər sənətçilərdən öncə gəlməsinə baxmayaraq, ona gec söz verildiyinə görə sərt şəkildə narazılığını bildirib və məkanı tərk edib.

Paylaş: