Niyə məhz Çingiz Mustafayevin 102 Mhz tezliyi? - Tenderin altında yatan gizlinlər
Tarix: 12-12-2019, 13:13



“MTRŞ ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Artıq 4 şirkət də müraciət edib. 102.0 MHz efir radio tezliyi uzun illər Çingiz Mustafayevin adı ilə bağlı olan “ANS ÇM” radiostansiyasının istifadəsində olub. 2016-cı ildə ANS-ÇM-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb. MTRŞ-in bu tezliyi müsabiqəyə çıxarması birmənalı qarşılanmayıb. Hətta tanınmış ziyalılar və ictimai xadimlər bununla bağlı ölkə başçısına müraciət ediblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu tezliyi müsabiqəyə çıxarması və yaranan qalmaqalı belə şərh edib:
“1. MTRŞ -in müsabiqə qərarı qanunidir. Allahın bəxş etdiyi bir təbii resurs olan tezlik resursu dövlətə məxsusdur. Dövlət onu hansısa müddətə istifadəyə verir. O zaman ANS ÇM bu haqqı qazanıb və ölkənin informasiya mühitinin inkişafında müstəsna rol oynayıb. Necə ki dövlətə məxsus olan hansısa bir əmlakın və ya nəyinsə istifadəsiz qalmağı ziyanlıdır, həmin yanaşma boş qalan tezliyə də aiddir. Və MTRŞ də dövlət qurumu olaraq, öz səlahiyyəti çərçivəsində addım atıb.
2. Şəxsən mən arzulayardım ki, bu tenderi ilk müstəqil radio olan ANS ÇM-in adı ilə bağlı qurum qazansın. Amma dövlətə məxsus tezlik resursunun digər prinsiplərlə, müsabiqədən kənar bölüşdürülməsi doğru olmazdı. Ola bilər ki tenderə qatılan bəzi qurumlara müraciət etmək olar ki, ANS ÇM xeyrinə geri çəkilə bilərlər. Bu daha uyğun variant olardı. Amma iştirak da onların haqqıdır. Hökuməti isə bu dövlət resursunu müsabiqəyə çıxarmaqda ittiham etmək ümumiyyətlə doğru olmazdı.
3. Düşünürəm ki, MTRŞ rəqəmli yayım problemini tezliklə həll etməlidir. Fikrimcə, hətta rəqəmsal problemi həll edəndən sonra 102 Mhz tezliyi müsabiqəyə çıxarmaq daha faydalı ola bilərdi. Ümumiyuətlə, mən MTRŞ-nin tezlik resurslarından səmərəli istifadə etdiyini , efirə normal nəzarət etdiyini düşünmürəm. Adicə digər bir dövlət qurumunun ildə 4 dəfə efiri tam olaraq söndürməsinə MTRŞ-nin laqeyd qalması bunun göstəricisidir.
4. Halallıq məsələsi yalnız bir halda müzakirə predmeti ola bilər. Mütəxəssislər bilir ki, hansısa tezlik resursunu istifadəyə tam hazırlamaq üçün xeyli xərc çəkmək lazım gəlir. Yəni bəlli tezlik resursu başqa radiorabitənin müdaxilələrinə məruz qalır. Adətən bu təmizləmə xərclərini Dövlət Radiotezliklər İdarəsi çəkir. Amma bəzən bunu tezlik əldə edənin də üzərinə qoyurlar. Əgər zamanında 102 Mhz sahiblərinin belə xərcləri olubsa, hansı ki, onu qanunla dövlət qurumu etməliydi, amma ola bilər ki, bunu ANS ÇM edib. Tenderə qatılan qurumların bunu nəzərə alması da bir vicdan, halallıq məsələsi ola bilər. Yəni qalib gələn digər qurum, sadəcə bunu nəzərə ala və ya almaya bilər”.
“Mən xeyli hörmətli ictimai xadimlərin imzaları olan müraciətə diqqət etdim. Düşünürəm ki, problemin yuxarıda 2-ci bənddə yazdığım çərçivədə həlli daha ağlabatan və qanuni ola bilər. Yəni, qanuni yol odur ki, bəlkə də müraciətin ünvanı dəyişməlidir”, - deyə O. Gümdüz sözlərini tamamlayıb.
Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatır. Noyabrın 12-dən başlanan sənəd qəbulu dekabrın 12-i saat 18:00-da yekunlaşacaq. Bu günə qədər müsabiqəyə 5 şirkət qatılıb.

Paylaş: