Tolikin işlətdiyi biabırçı ifadə haqda hansı tədbir görüləcək?
Tarix: 9-12-2019, 17:00




Xəzər TV-nin "Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyevin (Tolik) davranışları, leksikonu mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edir. Tarix Əliyev verilişdə dəfələrlə  təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd  davranışlar sərgiləyib.  
Məsələn, cari ilin iyun ayında verilişdə gözlənilməz məqam yaşanmışdı. Verilişin aparıcısı efirdə xoşagəlməz ifadələr səsləndirərək müğənni İradə İbrahimovanı təhqir etmişdi. Sözügedən anlar sosial şəbəkələrdə virus kimi yayılaraq geniş müzakirələrə də səbəb olmuşdu.  
Bəs görəsən niyə Milli Televiziya və Radio Şurası aylar keçməsinə baxmayaraq, bununla bağlı tədbir görməyib? 
Nəzərə alsaq ki,  MTRŞ  müğənni Rüfət Axundovun “Space” telekanalının “Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edərək onun efirə çıxmasına məhdudiyyət qoymuşdu. Yasamal Rayon Məhkəməsi isə "Space" televiziyasını 6 min manat məbləğində cərimələmişdi.  Niyə eyni xəbərdarlıq Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsini dəfələrlə pozan Xəzər televiziyasının verilişinə edilməyib? 
Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə əlaqə saxladıq. Efirdən görüntülərin olmasına baxmayaraq, MTRŞ sədri elə bir şey olmadığını bildirdi:
“Elə bir şey yoxdur. Bizdə yoxdur. Bizim monitorinq qrupundan belə bir şey gəlməyib”.
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu “Yeni Sabah”a açıqlamasında efirdə qeyri etik ifadələrin, konkret olaraq şəxslərin hüquq və mənafelərinə ziyan vuran ifadələrin işlədilməsinin qanunla yolverilməz olduğunu bildirib:
“MTRŞ-nın vəzifələrindən biri qanunvericiliyə nəzarət etmək və  yayım siyasətinin, o cümlədən televiziya, radioda gedən yayımların mahiyyət etibarı ilə proqramlara verilən tələblərə uyğun olub-olmadığını müəyyən etmək və ona görə qərar verməkdir. Proqramlara verilən tələbləri Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunu müəyyən edib. Qanunda həm ümumi prinsiplər, həm də yayıma verilən şərtlər var. Orada birmənalı olaraq göstərilir ki, efirdə qeyri-etik ifadələrin, konkret olaraq şəxslərin  hüquq və mənafelərinə ziyan vuran ifadələrin işlədilməsi yolverilməzdir. Belə olan halda MTRŞ  monitorinq aparmalıdır və  monitorinqin nəticəsinə görə baş verən hadisəyə hüquqi qiymət verib, ölçü götürməlidir. 
Ölçü müxtəlif ola bilər, burada həm cərimə sanksiyası ola bilər, həm də daha ciddi məsuliyyət yaradan məqamdırsa lisenziyanın ləğvi məsələsinə qədər gedib çıxa bilər. 
İkinci yol isə hansısa etik olmayan  ifadələrə görə zərərçəkən şəxs və ya şəxslər qrupu da bununla bağlı ölçü götürülməsini tələb edə bilər. Bu da Milli Televiziya və Radio Şurasını hərəkətsiz qalsa belə  zorla işlətmənin bir yoludur. 
Nəticə etibarı ilə yayımçılar çox diqqət etməlidirlər, (canlı verilişlər istisna olmaqla) onlar qanuna zidd ifadələr efirə getdiyi halda hökmən tədbir görülməlidirlər. Əgər həmin ifadələr canlı efirdə gedibsə və bunu dayandırmaq mümkün deyilsə bu halda qarşı tərəfə söz haqqı vermək və ya izləyicilərdən, dinləyicilərdən həmin ifadələrə görə ən azından üzrxahlıq etmək zərurəti var”. 
Məsələ ilə bağlı Tolik sosial şəbəkədə təhqirlərlə dolu daha bir paylaşım edib: “"Şərəfsiz bəzi "müxalifətyönlü" səhifələr, guya indi mənə qarşı piar edir. Gedin ananızın dərdini çəkin. Ya da arvadınızın! Şərəfsiz, satqın, şəxsiyyətsizlər! Siz mənim səhvlərimi guya yaymaqla nə *** yeyəcəksiniz? Mən 17 ildir sizə sözümü deyirəm, ha efir olsun, ha olmasın. Şərəfsiz bəzi "jurnalistlər" də onların aftafalarıdır. Qeyrətinizə tüpürüm, biqeyrətlər!"…
Prodüserin həmin qeyri-etik ifadələr işlətdiyi videonu təqdim edirik. Əvvəlcədən oxuculardan üzr istəyirik:

https://ok.ru/video/1498911083114​​​

Paylaş: