Emin Sabitoğlunun məşhur bəstəsi plagiat çıxdı
Tarix: 28-09-2017, 08:57



Yarpaq-yarpaq, duman-duman gəlir payız.
Didilir xatirələr damcı-damcı.
Küçələnir ömrün yolunda yarpaq-yarpaq, duman-duman, damcı-damcı ağrılar...
Damcı göydən,
Yarpaq ağacdan,
Şair də taksidən düşdü payıza: misra-misra, sətr-sətr...
Damcı da, yarpaq da söz oldu, döndü nota, nəğmələndi, payız oldu.
Düşdüm payıza nəğmədən.
Yox, daha doğrusu, yıxılmışam.
Yıxıldım payıza nəğmədən.
...Payız qəribə yerdi. Payız fəsil deyil ki! Məqamdı. Ömrün payız anı, zamanın payız tərəfi.
Ən gözəl şeirlər payızda yazılır.
Şeirin ilk cümləsindən bilmək olur: oxu, deyim yayda yazılıb, ya payızda.
Yayda şeirmi olar?
Allah bizi palçıqdan yaradıbsa, demək, hava yağışlı olub, payız olub.
Məni payıza gətirən nəğmələrin məllifləri fərqli olsa da, stixiya, nüvə eyniliyi var.
Payız qəribə yerdi.
Bethovenlə Emin Sabitoğlu eyniləşir: eyni ağı, eyni nəğmə.
Bir də görürsən, filan nəğmə qəfilcə doldu içinə - icazə almadan, öz evi kimi.
Sonra ağrılar orqana çevrilir.
Hər ağrının öz bəstəsi, tərg edənin musiqisi, hər gedənin öz nəğməsi.
“İstintaq” filminə baxmısız?
Ssenarisi Rüstəm İbrahimbəyovundu. Rasim Ocaqov çəkib. 1979-da.
Bəstəkarı Emin Sabitoğludu.
Həsən Məmmədov da payız adamıydı. Mükəmməl oynayıb.
“İstintaq” filmi mənə görə film deyil, musiqidi.
Xatirəsi var, hekayəsi var o nəğmənin.
Acılara layla olub, xatirəyə başdaşı.
Siz film kimi baxmısız, mən musiqi tək.
Musiqi görmüsüz heç?
Bayaq eşidirəm ki, bu musiqi sən demə, plagiat imiş, bəs Emin Sabitoğlu oğurlayıb.
Necə olarsan?
Bəlkə də sənə təsir etməz.
Necə olaram?
Əlim-ayağım əsdi.
Necə yəni oğurluq?
Bəs mənim ağrılarım? Xatirələr?
Başa düşürsən?
Təsəvvür elə, mədən ağrıyır, dərman içirsən. İçirsən, içirsən və sağalırsan. Sonra deyirlər ki, bəs o dərman əslində qulaq dərmanı imiş...
Təzədən başlamazmı ağrılar?
Deyirlər ki, “İstintaq” filminin soundtrackı əslində ingilis rok qrupu "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəridi.
Sonradan fransız bəstəkar Pol Moria da orkestr üçün işləyib.
Bayaqdan nə qədər cəhd elədim, adını çəkdikləri musiqini qulağım gəlmir dinləməyə, birdən ağrılarım oyanar, birdən qayıdaram tərk edildiyim, tərg edildiyim yerə.
Xahiş edirəm, kömək edin.
Hər iki versiyanı dinləyin, yan-yana qoyun, üst-üstə çıxarın, analiz edin.
Ya öldürün məni,
Ya biryolluq yaşadın...
1) "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəri:



2) Bəstəkar Pol Morianın simfonik orkestr üçün işlədiyi versiya:



3) Emin Sabitoğlu – “İstintaq” filmi:



AXAR.AZ

Paylaş: