"Kişilər qadın paltarları geyinərkən çox aşağı səviyyəli insanları göstərirlər"
Tarix: 6-12-2019, 15:28




Yumor insanın reallığa münasibətinin göstəricilərindən biridir. Bunun hesabına insanlar öz narazılıqlarını güclü formada çatdırır, qınayır və çatışmazlıqları bildirirlər.
Əvvəllər televiziya ekranlarından səslənən yumorla müqayisədə indikilər çox primitiv görünür. Bu səbəbdən Azərbaycan səhnəsində yumorun səviyyəsinin aşağı düşməsi ilə bağlı narazılıqlar artıb.
Çəkilən bəzi serialların Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan, yalnız ucuz gülüş xətrinə müəyyən məsələlərin əks olunduğu düşünülür.
Ötən gün Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzərin sosial şəbəkə hesabı vasitəsilə bu sahəni sərt tənqid etməsi mövzunu bir daha gündəmə gətirib:
“Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan savayı parodiya ideyasından başqa heç nə yoxdur? Yumorumuzun səviyyəsi budur?"

Tahir İmanov: "Düşünürəm ki, bu cür söz-söhbətlər keçən əsrdə qalmalıdır. Hər kəs sənətkarın yalnız sənətindən danışmalıdır".


Bu barədə Mediapost.az-a danışan “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, rejissor və aktyor Tahir İmanov bildirib ki, belə mövzular sənətkarların arasını vurur:
“Bu cür söz-söhbətlərə vaxt ayırmağı düzgün hesab etmirəm. Çünki bunlar yalnız sənətkarların arasını vurur və çox böyük ixtilaflar yaradır. İnsanlar bu sahədə nəyisə tənqid edə bilər, mən onların da fikrinə hörmət edirəm. Artıq cənab prezident də bildirdi ki, hər bir sahədə mütləq inkişaf olmalıdır. Düşünürəm ki, bu cür söz-söhbətlər keçən əsrdə qalmalıdır. Ölkə başçısının da dediyi kimi hər birimiz yalnız irəlini düşünməli, inkişaf etməyə çalışmalıyıq. Hər kəs sənətkarın yalnız sənətindən danışmalıdır.”
Məsələ ilə bağlı ictimai xadim və aktrisa Zəhra Bədəlbəyli də Mediapost.az-a açıqlama verib:
“Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, rejissorlar var. Amma teatr sahəsində boşluqlar çoxdur. Struktur olaraq bir az geridə qalmışıq. Teatrlarda böyük bir irəliləyiş olmalıdır. Ümid edirəm ki, yaxın zamanlarda bu, baş tutacaq. Komediya janrında əvvəlki səviyyə itirilib, yerinə isə yeni üslub gəlib. Bu məsələyə təəssüf hissi ilə yanaşıram”.

Zəhra Bədəlbəyli: "Yaradıcı insanlar kommersiyanı güdməməli, daha çox səviyyəni qaldırmağa xidmət etməlidirlər".
Mütəxəssis qeyd edib ki, ssenaristlər, rejissorlar tamaşaçılara qeyri-intellektual yumorun daha maraqlı olduğunu düşünür:
Yaradıcı insanlar kommersiyanı güdməməlidir
“Ona görə də tamaşalar bu istiqamətdə hazırlanır, filmlər belə çəkilir. Tamaşaları elə qururlar ki, aksentlər başqa istiqamətə yönəlir. Bundan başqa, kişilər qadın paltarları geyinərkən çox aşağı səviyyəli insanları göstərirlər”.
Z.Bədəlbəyli bildirib ki, əvvəllər bütün dünyada qadın rollarını kişilər ifa edirdi və yüksək səviyyədə tamaşaçılara təqdim olunurdu: “İndi isə sadəcə diqqət cəlb etmək istəyirlər. Demirəm ki, kişilər qadın, qadınlar kişi rolu oynamamalıdır. Yaradıcılıq sərhədləri, çərçivələri sevmir. Amma bu, mütləq peşəkarcasına göstərilməli, tamaşaçıların zövqünü tərbiyə etməlidir. Yaradıcılıq inkişafa işləməlidir.Bizdə isə bu məsələlər əksinə baş tutur. Çünki ortada kommersiya maraqları var. Düşünürəm ki, yaradıcı insanlar bunu güdməməli, daha çox səviyyəni qaldırmağa xidmət etməlidirlər”.
“Erməni yumor ustalarına gəldikdə isə yəqin “Comedy club” nəzərdə tutulur. Bilirsiniz, bizim “Planet Parni iz Baku” komandamız çox yüksək səviyyəli aktyorlardan ibarətdir. Deyə bilmərəm ki, ermənilər daha peşəkar, daha irəlidədir. Sadəcə, lobbiləri həmişəki kimi onları qabağa çəkir. “Comedy club”da yer alan aktyorların Ermənistanda yetişdiyinə də inanmıram. Onlar elə aktyorluq məktəbini Moskvada keçiblər, orada püxtələşiblər” - ictimai xadim sonda əlavə edib.

Paylaş: