"Sevgi yalnız həyat yoldaşına olan hiss deyil"
Tarix: 4-12-2019, 17:51



Xalq artisti Mələkxanım Əyyubova Teleqraf.com-un suallarını cavablandırıb.
- Mələkxanım, daim baxımlı görsənirsiniz. Bunun səbəbi nədir?
- Öncə insanın qəlbi təmiz olmalıdır. İnsan insanı sevməlidir. Mənə deyirlər ki, şiddət görmüsünüzmü? Səmimi deyəcəm ki, doğulan gündən sevgi görmüşəm, evdə valideynlərimdən, məktəbdə müəllimlərimdən, universitetdə müəllim və qrup yoldaşlarımdan, səhnədə tamaşaçılarımdan. Sevgi görməklə yanaşı sevgini vermişəm. İnsan qəlbində sevgi yaşadanda, sevgi ilə əhatə olunanda o cavan qalar.
Tam olmasa da bir neçə faiz sirri budur. Cavan qalmağın ən böyük səbəbi sevgidir, bununla yanaşı özünə baxımlılıqdır. Mən uşaqlıqdan özümə baxımlı olmuşam. Hər mənada özümü sevmişəm.
- Siz polkovnik Xosrof Nəcəfov ilə evlisiniz. Nümunəvi ailəniz və övladlarınız var. Nə zamansa ailənizdə kiçik söz-söhbət yaşamısınızmı?
- Dörd övladım var. Həyat yoldaşımın Allah canını sağ eləsin. Kişi evdə az olur. Ailədə əsas missiya, övladların böyüməyində, tərbiyə almasında əsas rol qadının üzərinə düşür. Mən də sənətdə olmuşam. Həmişə məclislərdə , xarici ölkələrdə, səhnələrdə olmuşam. Bununla belə, evdə nizam-intizamın pozulmasına heç vaxt icazə verməmişəm. Daim fikrim evdə, uşaqların tərbiyəsində, davranışında, geyimində olub. İndiyə qədər də evdə yeməyi özüm bişirirəm.

- Heç vaxt köməkçiniz olmayıb?
- Olub. Bizim evimizdə hətta uşaqlıqdan köməkçi olub, təmizlik işlərinə baxıb. Hər zaman üç-beş köməkçim olub. Hamısını pulla köməkçi kimi saxlamışam, xeyr.
Uşaqlıqdan məni çox sevdiklərinə görə qohumlar, qonşular hamı mənə dəstək olurdu. Ailə quranda da anam. Hətta həyat yoldaşım da kömək edirdi ki, mən işlərimin öhdəsindən gələ bilim. O vaxt səhnədə olmağım və uşaqların böyüməsi müharibə dövrünə düşdü. Cəbhə bölgələrinə gedirdim. Bunları bir yerdə tənzimləmək çox çətin idi.

Bunların öhdəsindən anamın, həyat yoldaşımın, qızlarımın, köməkçilərimin sayəsində gəldim. Hamısının əsasında sevgi durur. Sevgi yalnız həyat yoldaşına olan hiss deyil. Mənə uşaqlıqdan bir çırtma da vurulmayıb. Amma daim valideynlərimdən qorxmuşam. Məni heç vaxt döyməyiblər. Allah onlara rəhmət eləsin. İndi də elə bilirəm valideynlərim yanımdadır.
Görün necə qorxmuşam valideynlərimdən. Baxmayaraq ki, döyməyib, təhqir etməyib, incitməyiblər. Amma zəhmlərindən çəkinmişəm. Uşağa döyəndə özünə güvəni azalar. Oğuldursa gələcəyin kişisidir. Eləcə də qız uşağı. Hər zaman uşaqlarımla dost olmuşam.
Yenə deyirəm ki, daim evdə də həyat yoldaşımla mehriban olmuşuq. Uşaqlar görməyiblər ki, ata anaya ağır söz desin, vursun.

- Bəs, həyat yoldaşınız sizə hansısa çərçivə qoyubmu?
- Xeyr, mən həyat yoldaşımla evlənəndə səhnədə idim. Uşaqlıqdan bir-birimizi, ailəmizi tanıyırdıq. Mənim xasiyyətimə, tərbiyəmə, əxlaqıma bələd idi. Özünə indi də deyirəm ki, mənə demirdin onu etmə, bunu etmə. Deyir, yox, səni nəzarətdə saxlayırdım, görürdüm ki, nə edirsən, düz edirsən. Sənin gördüyün işin nəticəsi gözəl olur. Mən arxayınam və bilirəm ki, sənin ağlın, təcrübən, dünyagörüşün var.
Mən də deyirəm ki, mənə fikir vermirsən. Demirsən ki, bunu niyə belə etmədin. İnsan özünə, ailəsinə, əxlaqına daim hörmət qoymalıdır. İnsan özünü sevməsə, qiymətləndirməsə bunu kim edər? Məsələn, muğamı sevərəkdən oxumasam tamaşaçı necə sevər? Uşaqlıqdan harada necə davranmağı öyrənmişəm.
- Qızınız Nəzrin sizə bənzəyir. Sarışın və göygöz...
- Nəzrin rəssamdır. Övladlarım atalarına da, mənə də oxşayırlar.

Paylaş: