“O qədər manyak, başdanxarab...” – “Bu şəhərdə” komandasından Rüfətə sərt cavab
Tarix: 4-12-2019, 17:05



Xəbər verdiyimiz kimi, Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzər sosial media hesabında qalmaqallı fikirlər yazıb. Aktyor ad çəkmədən “Bu şəhərdə” komandasını sərt tənqid edib. Nəzərə alaq ki, onun sərt tənqid etdiyi səhnələr “Bu şəhərdə” komandası tərəfindən canlandırılır.
“Nə etsinlər? Yenə də “Planet Parni iz Baku” nə isə alındırır, sağ olsunlar. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər, illərdi səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görmək çox pis oluram. O qədər bacarıqlı gənclərimiz var ki, bu “qıjı” yumorundan uzaq, amma bu yarıkişi, yarıqadınlar o qədər yumorumuzu zəhərləyiblər ki, camaat başqa nəsə qəbul etmir. “Qıjı” toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar... Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı-ağıllı elə danışırlar ki…” – deyə R. Nəzər bildirib.
Məsələ ilə bağlı  “Bu şəhərdə”nin prodüsseri, ssenarist Müşfiq Abbasovla əlaqə  saxladıq. O əvvəlcə səhnələrinə, tamaşalarına olan böyük maraqdan danışıb:
“Bizim televiziyamız, yumorumuz, saytlarımız, xəbər portallarımız hamısı bir-birini tamamlayır. Hamısı eyni səviyyədədir və 5-10 il əvvəl yumor ümumiyyətlə yox səviyyəsində idi, indi yavaş-yavaş düzəlir. Əgər biz  noyabr ayında 5 gün dalbadal anşlaq oldusa, bir yer belə paylanılmadı, insanlar özü gəlib  kassadan bilet aldılarsa, bu özü göstəricidir, başqa müzakirəyə ehtiyac yoxdur. İkincisi, o qədər manyak, başdanxarabıq ki, zalın icarə haqqını ödəyək, işçilərin pulunu ödəyək və boş zala konsert edək?  Konsertin olması üçün 100 mindən çox xərc çəkilir. 
Azərbaycan tarixində Heydər Əliyev sarayında “Bu şəhərdə” qədər heç kəs konsert verməyib. O saray yaranan gündən bizim qədər heç kəs anşlaq olmayıb, heç bizim yarımız qədər də olmayıb”. 
M. Abbasov “Bu şəhərdə” kollektivinin ancaq yüksək səviyyəli aktyorların, sənətçilərin fikirlərini diqqətə aldıqlarını deyib:
“Hər bir insanın öz fikri var. Mən  bilmirəm, Rüfət Nəzər kimdir ki, ümumiyyətlə bizi tənqid edir. İndiyə kimi ola bilsin, hansısa əsərlərdə oynayıb, elə bir obraz yaradıb ki, tarixə düşən və haqqı var, ya da, cavan uşaqdır, başa düşmür, uşaqlığından deyir. Mən o insanı tanımıram, eşitməmişəm, heç bir tamaşada, filmdə, hansısa ağır, ya da yüngül əsərdə onu görməmişəm. Birinci  dəfədir adını eşidirəm ki, belə bir insan var. Amma yenə də hərənin öz fikri var, özü bilər. Biz tənqidlərə normal yanaşırıq. O tənqidlər səviyyəli insan tərəfindən olanda, tənqid edən insanın özünün əgər yaradıcılıqdan başı çıxırsa, bizim üçün əgər o insan elə bir statusdadırsa, biz onu məmnuniyyətlə dinləyirik. Və elə tənqidlər də olub. Biz onlardan indiyə kimi bir nəticə çıxarmışıq. İndiyə kimi praktikamızda, 20 il ərzində belə şeylər dəfələrlə olub. Lakin o insanlar elə insanlar olub ki, onlar hansısa statusa sahibdilər və onların ixtiyarı var tənqid etməyə, nə isə deməyə. Çünki onlar bizdən qat-qat üstündürlər. Bizdən aşağı olanlar, gənclər,  uşaqlar, kim isə nə isə deyir, ola bilsin bir ümidlə deyirlər ki, kimsə onların adını çəksin və s. Özləri bilərlər. 
Hamının haqqı var fikir deməyə. Sadəcə olaraq bir şeyi nəzərinizə çatdırım ki, “Bu Şəhərdə” estrada teatrında iki aktyordur. Əgər kiməsə yalnız qadın obrazlarına baxmaq, ondan həzz almaq maraqlıdırsa, onlar üçün  onu edirik ki, baxsınlar və onu müzakirə etsinlər. Kimisi baxa bilər qayınana-gəlinə, kimisi tamadaya, kimisi əmiyə, bibiyə, dayıya, qudaya və s. Demək istəyirəm ki, bu estrada teatrı iki aktyordan ibarət olduğuna görə bütün obrazları da onlar ikisi oynayır. Mən kimi istəsəniz  kadrlarla gözünə də soxa bilərəm ki, bizdə Molla Pənah Vaqiflə Qacarın da görüş səhnəsi olub, Nizami ilə Puşkinin görüşü də olub, həkimlərə, müəllimlərə də parodiya olub. O səviyyədə olan insanlar, tarixi bilənlər ona baxırlar. Demək  istədiyim odur ki, bütün obrazları – qadını da, kişini də həmin iki aktyor oynayıb”.

Paylaş: