"Saytlar nahaq bunu belə yazırlar"
Tarix: 3-12-2019, 09:05



“Mən demişəm ki, bizim aktyorlar və əsasən də komediyayla məşğul olan uşaqlar istedadlı uşaqlardılar, amma onların məktəb və müəllimləri yoxdur”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Cəfərovla aralarındakı anlaşılmazlıq haqqında danışarkən deyib. Xalq artisti onun fikirlərinin təhrif olunduğunu bildirib:

“Mən Elməddinin “aktyorluğa yararsız” olduğunu deməmişəm. Ümumi olaraq fikir səsləndirmişəm və bunu da ancaq Elməddinin üzərində müzakirə ediblər. 
Saytlar nahaq bunu belə yazırlar. Mən demişəm ki, bizim aktyorlar və əsasən də komediyayla məşğul olan uşaqlar istedadlı uşaqlardılar, amma onların məktəb və müəllimləri yoxdur. Əgər onlar normal bir aktyorluq məktəbi görsələr, onlardan gələcəkdə çox yaxşı aktyor nəsli yetişdirmək olar. Məhz elə Elməddin də onlardan biridir. Elməddinə o vaxt iradlarımı demişdim və indi “Qış nağılı” filmində çəkilmək üçün o, çox böyük bir rol ortaya qoyub. Demək ki, günah məktəb və yaxşı əsər görməyən uşaqlarda yox, məktəbdə yaxşı rejissorların olmamasındadır. Səsləndirdiyim fikirləri üç il əvvəl demişdim və silsilə, eybəcər verilişləri nəzərdə tutanda Elmədini də nümunə olaraq göstərmişdim və sonra özüylə də zəngləşib bu haqda danışmışdıq. Elməddin çox sağ olsun ki, ağsaqqal, peşəkar bir insanın tənqidindən bəhrələndi və bu gün də filmə çəkilir. 

Tənqid təhqir deyil axı, bizim bəzi savadsız adamlar bundan “qaşıyıb qan çıxarırlar”. Tənqid həm tərbiyə, həm də inkişafdı. Bilirsiniz ki, rus ədəbiyyatının bütün yazarları tənqidçi Belinskiyə borcluduydular. Bizim özümüzün bəzi yazarlarımızın mədəni səviyyəsi o yerə çatmır və intriqa, şou axtarırlar. Sağlam tənqid, tərbiyə bizim bütün həyat tərzimizə şamil olunmalıdır. Qarşıdurma, düşmənçilik vardı deyə cəmiyyətimiz də bir-biriylə mübahisə edir. O vaxt demişdim ki, tələm-tələsik Xalq artisti fəxri adı alan aktyorlar özləri də dərk etməlidirlər ki, bundan sui-istifadə etməsinlər. Bir olan Allah şahiddir ki, mən həmişə sağlam düşüncənin, düzələn səmtin tərəfdarı olmuşam. Yeganə adamam ki, hər gün evdən çıxanda birinci xalqım, vətənim, müstəqqilliyim və sonra da ailəm və balalarım üçün dua oxuyuram. Bu ənənə əlli ildir belədir. İndi kim nə deyir, nə danışır, bu onun əxlaq və düşüncə tərzidir”. 

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla aktyor Elməddin Cəfərov “Qış nağılı” adlı filmə çəkilməsi mediada müzakirələrə səbəb olub. Bildirilir ki, Şeyx Əbül tənqid etdiyi aktyorla eyni filmə çəkilir.  


Paylaş: