Xalq artisti Ağakişi Kazımovun 84 yaşı tamam olub
Tarix: 29-11-2019, 10:50




Ötən gün Azərbaycanın Xalq artisti, tanınmış teatr rejissoru, professor, Prezident təqaüdçüsü Ağakişi Kazımovun 84 yaşı tamam olub.
Open.az xəbər verir ki, Azərbaycanın qocaman rejissoru doğum gününü evində doğmalarının əhatəsində qeyd edib.
Ağakişi Kazımovu təbrik etmək üçün Gənc Tamaşaçılar Teatrının aktyorları onun mənzilinə gəlib.
Xoş əhval-ruhiyyədə keçən doğum günündən fotolar paylaşan teatr kollektivinin sevinci Ağakişi Kazımova və həyat yoldaşı tanınmış aktrisa, Əməkdar artist Mehriban Abdullayevaya da siraət edib.
Qeyd edək ki, Ağakişi Kazımov 1935-ci ildə Ağcabədi rayonunda anadan olub.
1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb.
1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Ağakişi Kazımov quruluş verdiyi "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyli), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar.
Akademik Milli Dram Teatrında hazırladığı "Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" (K.Kərimov), "Od gəlini" (C.Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B.Vahabzadə). və. s. tamaşalar Ağakişi Kazımovun tamaşalarını bəyənib izləyənlərin hər zaman yadındadır.
Ömrünün ahıl çağını yaşayan Ağakişi Kazımovun 2020-ci ildə 85 illik yubileyi qeyd olunacaq.



Xalq artisti Ağakişi Kazımovun 84 yaşı tamam olub
Xalq artisti Ağakişi Kazımovun 84 yaşı tamam olub




Paylaş: