"Aktyoru, rejissoru qeyri-peşəkarlardır"
Tarix: 22-11-2019, 16:27




10-15 il əvvəl xarici serialların efir məkanımızı zəbt etməsi nə qədər müzakirə olunurdusa, indi də çəkilən milli seriallar cəmiyyətin narazılığına səbəb olur. Ortaya o qədər qəribə, anlaşılmaz mövzularda seriallar çıxıb ki, mövzuların haradan qaynaqlandığı sual yaradır. Ümumiyyətlə, bu cür anlaşılmaz mövzular Azərbaycan cəmiyyətinə, ailələrinə hansı mesajları ötürür?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Lent.az -a bildirib ki, kütləvi informasiya vasitələrinin ailədaxili münasibətlərin formalaşmasında mənfi, ya da müsbət təsirinin olduğu danılmazdır: “Keçmiş illərə nəzər salsaq görərik ki, cəhalətə qarşı mübarizədə, insanların maarifləndirilməsində televiziya vasitəsilə çıxış edən ziyalılarımızın böyük təsiri olub. Təəssüf ki, indi televiziyaların mənfi təsirlərini də görürük. Bəzən seriallar vasitəsilə reallığı əks etdirməyən ailə modeli, insanlararası münasibət elə təqdim olunur ki, maarifləndirmək əvəzinə mənfi istiqamətə yönəldir”.
A.Veysəlova bildirib ki, bəzən serialı çəkən yaradıcı qrup komitəyə müraciət edir: “Serialı çəkən kollektiv ssenaridə müəyyən məsələlərlə bağlı məsləhətləşmələr aparamaq üçün bizə müraciət edir. Qarşılıqlı müzakirələrdə mədəni, əxlaqi dəyərlərimizə xas olmayan məsələlər varsa, dəyişikliklər də olur. Yaxud, onlar razılaşmaya da bilirlər. Təxəyüllün məhsulu olan seriala çox tamaşaçının baxdığını, reytinq üçün nəzərdə tutulduğunu deyirlər. Bəzən biz də komitə olaraq televiziya rəhbərliyinə, Milli Televiziya və Radio Şurasına müraciət edərək serialların ailədaxili zorakılığın artmasına gətirib çıxardığını deyirik. Bəzi serial mövzuları uşaqlara, qadınalara qarşı zorakılığa, insanlar arasında tabeçilik, yaxud hökmüranlıq münasibətlərinin daha da güclənməsinə gətirib çıxarır. Bəzi seriallarda elə səhnələr var ki, həm qanuna, həm də dəyərlərimizə zidd olur. Ona görə də maarifləndirmək üçün Azərbaycan ailəsindəki problemləri işıqlandırıb göstərməklə bərabər, yüksək əxlaqi-mənəvi dəyərləri də nümayiş etdirsinlər. Bəzən müraciət edəndə bizə deyirlər ki, göstərilənlər Azərbaycan ailəsini əks etdirmir, təxəyyüldür. Bəzən də deyirlər ki, bu serialların mövzusu baxış sayına əsaslanır. Həmin serialların reytinqinin yüksək olduğunu əsas gətirirlər. Hər halda, komitə olaraq, fikrimizi bildiririk”.
Komitə rəsmisinin sözlərinə görə, cəmiyyətə elə ailə modelləri təqdim olunmalıdır ki, insanlar nümunə götürə bilsinlər: “Hər bir film, sənət əsəri təkcə sənətə deyil, xalqa da xidmət etməlidir. Müsbət nümunələr nə qədər çox təbliğ olunarsa, nəticəsi də yaxşı ola bilər. Komitə hər il Azərbaycan ailəsi ilə bağlı film festivalı keçirir və çalışırıq ki, bu filmləri həm də televiziyalarda nümayiş etdirək”.
A.Veysəlovanın fikrincə, seriallar vasitəsilə ailədəki neqtiv halları da üzə çıxarmaq, təqdim etmək lazımdır. Amma baxanlar ondan nəticə çıxarmalıdırlar.
Onun sözlərinə görə, filmdə boşanma və onun ağır nəticələri yüksək səviyyədə təqdim olunarsa, izləyicilərə ibrət almaq, maariflənmək üçün imkan yaranar.
Komitə rəsmisinin fikrincə, bir müddətdən sonra bu serallar “əriyib” yoxa çıxacaq: “İnsanlar maarifləndikcə, maraq dairələri dəyişdikcə, vacib dəyərlərimizə yenidən qayıtdıqca, bu istiqamətdə seriallar çəkmək lazım olacaq”.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qullu Məhərrəmlinin sözlərinə görə, hər hansı yaradıcı məhsulun ideyası olur və müxtəlif hadisələr, obrazlar vasitısilə tamaşaçıya çatdırılır: “Hazırda Azərbaycanda çəkilən seriallar oxucuya hansı ideyanı verir? Təəssüf ki, bununla bağlı ciddi problemlər var. Seraillar çəkilməzdən əvvəl onların ideyası, mövzusu ilə bağlı televiziyalarda ciddi müzakirələr aparılmalıdır. Hazırda çəkilən seraillarda təqdim olunan Azərbaycan ailəsi deyil. Bu mövzular Latın Amerikası, Rusiya, Türkiyə seriallarından toplanan yığmadır. Azərbaycan ailəsinə xarakterik olmayan məsələlər qabardılır. Kriminal həyat cazibədar verilir”.
Q.Məhərrəmli hesab edir ki, işi görürük və nəticəsinin biabırçı olduğunu gördükdən sonra pisləməyə başlayırıq: “Necə ki, Mədəniyyət və Turzim Nazirliyinin xətti ilə kino filmləri ilə bağlı müsabiqə keçirilir, ssenarilər baxılmaq üçün təqdim olunursa, serialların çəkilişi də elə olmalıdır. Seriallara milyonlara adam baxır. Xüsusi serial həvəskarları var, mütəmadi baxırlar və hadisələrin gedişini izləyirlər. Serialların çəkilişində aktyor oyunu da daxil olmaqla yaxşı mövzu, yaxşı rejissor, normal çatdırılma üsulu olmalıdır. Bu gün bu sahədə baş verənlər qeyri-peşəkarlığın nəticəsidir. Heç kim öz işi ilə məşğul olmaq istəmir. Heç kim məşğul olduğu sahənin kadrları üçün məsuliyyət daşımaq istəmir. Pulu görür, müəyyən düşüncələri formalaşır və sahəni başlı-başına buraxır. Həvəskarlara ssenari yazdırmaq, rejissor təyin etmək olmaz. İşə peşəkar yanaşılsa, belə uğursuzluqlar olmaz.
Azərbaycan hazırda elə bir mənəvi-psixoloji durumdadır ki, mövzusu olan seriallara ehtiyacı var. Tutaq ki, Türkiyədə “Möhtəşəm yüzyıl” çəkildi. Demirəm ki, o cür qüdrətli əsərlər çəksinlər, amma heç olmasa, ortada bir ideya olsun. Tarixə baxış, vətənpərvərlik, milli düşüncə kino, serial vasitəsilə geniş auditoriyaya ötürülür”.

Paylaş: