"Kukla oynadan olanda nə olar?"
Tarix: 22-11-2019, 15:07



"Çingiz Əhmədov sağ olsun ki, mənim yadıma Kukla oynadan aktyor olduğumu saldı. Düz deyir, mən kukla oynadıram. Ömrümün 45 ilini Kukla Teatrına, kukla sənətinə həsr etmişəm. Bundan sonra Allah mənə nə qədər ömür bəxş etsə, həyatımı kuklaçı aktyor kimi yaşayacam".
Bu fikirləri Open.az-a özəl açıqlamasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Rəhman Rəhmanov deyib.
Son günlər Rəhman Rəhmanovu əsəbləşdirən, ona pis təsir edən, bir zamanlar çiyin-çiyinə çalışdığı, uzun illər dostluq etdiyi həmkarı Çingiz Əhmədovun mətbuata açıqlaması olub. Belə ki, bir neçə gün əvvəl Akademik Musiqiqli Teatrın aktyoru, Əməkdar artist Çingiz Əhmədov mətbuata verdiyi açıqlamada "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!" deyərək Rəhman Rəhmanovun ünvanına təhqiramiz ifadə səsləndirib.

Keçmiş dostunun bu fikirləri Rəhman Rəhmanovun və ümumilikdə Azərbaycanın Kukla Teatrına, Kukla sənətinə illərini həsr edən, bu sənət üçün can qoyan aktyorların böyük narazılığına səbəb olub.
Rəhman Rəhmanov həmkarının dediyi fikirlərin Kukla Teatrında çalışan aktyorların ünvanına təhqir olduğunu bildirib: "Çingiz Əhmədovun Kukla oynadan” olub da, kim olub ki?!" ifadəsi mənim simamda Kukla Teatrlarında çalışan bütün aktyorları təhqir etmək deməkdir. Azərbaycanda 5 Dövlət Kukla Teatrı var. Hər teatrda da nə qədər aktyor çalışır. Ömrünü Kukla sənətinə həsr edən, əziyyət çəkən nə qədər yaradıcı insanlarımız var. Şəxsən mənim bu sahədə 45 illik əziyyətlərim var. Etdiyim işləri deməyi, danışmağı heç zaman sevməmişəm. Çünki mənim gördüyüm iş göz önündədir. 63 yaşım var. Bu illər ərzində heç kimlə düşmənçilik etməmişəm, hamı ilə yaxşı münasibətlər saxlamışam. "Kukla oynadan olanda nə olar?". Mənim sənətim Azərbaycan balalarına, körpələrə sevinc gətirir. Bəli, mən nağıl danışıram, kukla personaylarını oynadıram. Amma 45 illik səmərəli sənət yolumda, şərəfli peşəmlə çoxsaylı nailiyyətlərə, uğurlara imza atmışam. Vaxtilə mənim tamaşaçım olanların bu gün övladları və nəvələri də mənə tamaşa etməyə gəlirlər. Allah qoysa, ömür vəfa eləsə onların nəticələri də Rəhman babalarının nağıllarına, kukla tamaşalarına gəlib baxacaqlar. Nağıl personaylarını kukla şəklində oynadan, onlara can-qan verən, sənət vəsiqəsi verən mənəm. Kuklaçı aktyor Rəhman Rəhmanovdur".
Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Rəhman Rəhmanov A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın Əməkdar artistidir. 1974-cü ildən fasiləsiz olaraq, Kukla Teatrında çalışır.
Azərbaycan Dövlət Televiziyasının yumoristik verilişləri, televiziya tamaşaları, bədii filmlərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur.
Rəhman Rəhmanov ifa etdiyi obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olur. 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak edən Rəhman Rəhmanov «Qızıl Dərviş» mükafatını qazanıb. 45 illik sənət fəaliyyətinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən Əməkdar artist Fəxri adına layiq görülüb. Həmçinin 2013-2018-ci illərdə Prezident mükafatçısı olub.
Rəhman Rəhmanov 45 illik səhnə fəaliyyəti dövründə xarici ölkələrdə keçirilən çoxsaylı Beynəlxalq Festivallarda Azərbaycan Mədəniyyəti və Teatrını təmsil edib.
Qarabağ döyüşləri zamanı mütəmadi olaraq cəbhə bölgələrində, səngərlərdə, səhra hosbitallarında qəhrəman əsgərlərimiz qarşısında maraqlı prqoramlarla çıxış edib, onlara mənəvi güc, qida bəxş edən Rəhman Rəhmanovun haqqında Azərbaycan Dövlət Televiziyasında sənədli film çəkilib.
1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Rəhman Rəhmanov 2015-ci ildə "Sənətkar" medalı ilə təltif olunub.

Paylaş: