"AzTV-də "qara siyahı" mövcud deyil"
Tarix: 22-11-2019, 08:52



“Onlar təbii ki, bu tələb və ölçülərə uyğun gəlmirsə, efirə buraxılmır. Burda dəhşətli bir Sovet senzurasının siyahısı yoxdur”

Bunu Moderator.az-a açıqlamasında şair, AzTV-də Bədii Şuranın üzvü Baba Vəziroğlu telekanallarda qara siyahının olması haqda danışarkən deyib. B.Vəziroğlu bildirib ki, telekanalın özünün qoyduğu qaydalar var və buna uyğun olaraq tələblərə cavab verməyən müğənnilər efirə buraxılmır:

“Bunu niyə qara siyahı adlandırırlar, anlamıram. Amma AzTV-də belə bir siyahı mövcud deyil, sadəcə elə kriteriyalar, bədii parametrlər var ki, ora uyğun gəlməyən sənətçi və müğənnilər var. Onlar təbii ki, bu tələb və ölçülərə uyğun gəlmirsə, efirə buraxılmır. Burda dəhşətli bir Sovet senzurasının siyahısı yoxdur. Bilmirəm o biri telekanallar bunu necə tənzimləyir. Əgər bu standartlar o telekanalda mövcuddursa, başqa heç bir siyahıya ehtiyac qalmır. Mənim sənətə baxışım, profesionallıq üçün qoyduğum tələblər uyğun gəlmirsə, həmin müğənnilər bizim efirə gələ bilməz. Burda hansısa şəxsi qərəzlikdən söhbət getmir. Tələblər isə ondan obarətdir ki, sənətçi xalqın səviyyəsinə, zövqünə xələl gətirməməlidir. Elə sənət “avtoriteti” olan insanlar Bədii Şuralarda oturur ki, orda başqa bir bayağı, qeyri-milli musiqi və əsərlər qəbul olunmur. Burda fəxri ad və mükafatlar da nəzərə alınmır. Söhbət həm də bədii sözün dəyərindən, Azərbaycan dilinin təmizliyindən gedir. Biz təkcə musiqiylə məşğul deyilik, televiziyaya gedən bütün məhsulların səviyyəsi üçün cavabdehik”.

Qeyd edək ki, Xalq artisti Faiq Ağayev “3D” verilişində telekanallarda qara siyahının olmasını təklif edib. F.Ağayev deyib ki, bunu nəzərə alaraq müəyyən insanlar televiziyaya buraxılmamalıdır. 

Paylaş: