Maksim Qalkin: Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm
Tarix: 16-11-2019, 13:15




Noyabrın 15-də Heydər Əliyev Mərkəzində rusiyalı yumorist, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak edib.
Maksim Qalkin öz izləyiciləri ilə yaradıcılıq gecəsinin sonunda səhnədən çəkilən video paylaşıb. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva onunla görüşüb.
Artist konsert barədə öz təəssüratlarını yazıb: “İnanılmaz səmimi qəbula görə çox sağ ol, Bakı! Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm. Artıq iyirmi ildir ki, mən Bakıda solo konsertlərlə iştirak edirəm və həmişə gözəl azərbaycanlı tamaşaçılardan zövq alıram. Qarşıda isə Kreml konserti var!”
Qeyd edək ki, Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış edib. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.
Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi oldu. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşıladılar.
Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.
İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.

Paylaş: