“Vergiyə görə müğənniləri güdməsinlər, o qədər güdməli adamlar var ki...”
Tarix: 16-11-2019, 11:04



“Məni hətta bir dəfə vergiyə görə şəhər prokurorluğuna çağırdılar və orda dedim ki, dost-tanış toyuna çağırır, mən də gedib pulsuz ifa edirəm. Heç onda vergi ödəmək fikrim də yox idi, ödəmirdim”

Bunu Moderator.az-a açıqlamasında müğənni Akif İslamzadə müğənnilərin vergi ödəməsi məsələsi haqda danışarkən deyib. 

A.İslamzadə müğənnilərin vergi ödəməsinin tərəfdarı olduğunu bildirib:
 
“Müğənnilər necə vergi ödəməlidir, onu dövlət təyin edir. Hansı müğənni qazancına görə dövlətə vergi verirsə, sağ olsun, çünki bu vergi dövlətin büdcəsinə gedir, xalq üçündür. Söhbət real gəlirdən gedir, oğurluqdan yox. İndi gəlib güdməyəcəklər ki, müğənnilər kimdən nə qədər pul alır. Bu toydu, bilmək olmur biri 5, digəri 15 verir. Bu gün 17-18 minə toya gedən müğənnilər nədi, elə müğənnilər çağırırlar ki, 100 min pul verirlər. Biz oxuyan dövrdə vergi ödəmirdik. Məni hətta bir dəfə vergiyə görə şəhər prokurorluğuna çağırdılar və orda dedim ki, dost-tanış toyuna dəvət edir, mən də gedib pulsuz ifa edirəm. Heç onda vergi ödəmək fikrim də yox idi, ödəmirdim. Bunun da səbəbləri var idi. Mənə bunlar musiqi savadı vermişdi ki, durub onlara vergi də ödəyəydim? Müğənnilərin vergi ödəməsinin tərəfdarıyam, bir şərtlə ki, kim nə bacarır onu ödəsin. Vergiyə görə müğənniləri güdməsinlər, o qədər güdməli adamlar var ki. Amma sığorta məsələsi düzgündür, bu olmalıdır. Təkcə səslə bağlı deyil, müğənni də insandı başına hər bir hadisə gələ bilər”.

Qeyd edək ki, Milli Məclisdə deputat Qüdrət Həsənquliyev müğənnilərin toy qiymətlərindən söz açaraq 10-15 min manata toya gedən müğənnilərin sadəcə 30 manat vergi ödədiyini dilə gətirmişi.

Paylaş: