MTRŞ ilə serialçılar arasında qalmaqal böyüyür - mənimsəmə ittihamı
Tarix: 16-11-2019, 10:24




“Çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır”. Bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli bildirib. Qurum sədri yenidən serialçıları tənqid edib:
“Serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər. Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”
Xatırladaq ki, qurum sədri bir neçə gün əvvəl də hazırda yayımlanan serialları sərt tənqid etmişdi. O, seriallarda Azərbaycan ailəsinin təhrif olunduğunu vurğulamışdı:
“Çox təəssüf ki, reytinq xətrinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar təbii ki, bizi narahat edir”.
Xatırladaq ki, bu sahə 2011-ci ildən aktivləşməyə başlayıb. Həmin ildə dövlət tərəfindən yerli serialların çəkilməsinə 5 milyon vəsait ayrılmışdı.2013-cü ildə isə bu vəsait 6 milyon oldu.
Büdcədən ikinci dəfə ayrılan 6 milyon vəsait isə 23 serial üçün ayrılmışdı. Bunlar “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın serialı”, “Qız yükü”, “Qisas”, “Durnalar qayıdanda, Tufanlı səma”, “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı”, “Həyat sən nə qəribəsən”, “Sənə inanıram”, “Səndən sonra”, “Cehizsiz gəlin”, “Əli və Nino”, “Hippokrat andı”, “Əhməd haradadır”, “Kolxoz85", ”Sənsiz", “Fatma”, “Abşeron” seriallardır. Lakin bu serialların bəzilərini tamaşaçılar efirdə görmədi. Məsələn, ATV-də yayımlanacağı deyilən “Aydın” serialına 200 min manat vəsait ayrılmışdı. Serialın anonsu barədə məlumat verilsə də, bu günə qədər ortada heç nə yoxdur. Və yaxud 2013-cü ildə 200 min manat vəsait ayrılan, “XƏZƏR TV”-də yayımlanması nəzərdə tutulan “Əli və Nino” serialı yalnız 2017-18-ci ildə yayımlandı.
Beləliklə, 11 milyon manat ayrılan seriallar arasında yalnız 2-3 serial yadda qalan, nisbətən keyfiyyətli şəkildə təqdim olundu.
Artıq 6 ildir ki, bu sahəyə vəsait ayrılmır. Yalnız televiziyalar öz gücü hesabına seriallar təqdim edir. Artıq dövlət tərəfindən vəsait ayrılmadığından seriallara nəzarət yalnız televiziya rəhbərlərinin ümidinə qalıb. Doğrudur, mütəxəssislər də qeyd edir ki, 2011-13-cü illərlə müqayisədə indi çəkilən seriallar daha baxımlı və nisbətən keyfiyyətlidir. Lakin bu sahədə olan mövcud problemlər hələ də qalmaqdadır.

Fehruz Şamıyev: “Günahı şirkətlərdə deyil, televiziya rəhbərlərində axtarmaq lazımdır”
Məsələ ilə bağlı kinoprodüser Fehruz Şamıyev “Yeni Müsavat”a danışıb. O deyib ki, serialçılar istədiyi hər şeyi çəkə bilər: “Günahkar onu ekrana verən televiziya rəhbərlərindədir. Çünki ssenariləri televiziya rəhbərləri təsdiqləyir, orada olan bədii şuralar və yaxud redaktorlar oxuyur. Əgər Nuşirəvan müəllim öz tənqidini bildirirsə, bunu televiziya rəhbərlərini bir yerə toplayıb, orda bildirməlidir. Bu məsələdə serial çəkən şirkətlərin günahı yoxdur. Hətta serialçılar erotik film çəkib, televiziyaya təqdim edə bilər. Amma onu yayımlamaq televiziya rəhbərlərinin öhdəsinə düşür. Buna görə də Nuşirəvan müəllim birbaşa tv rəhbərlərini ittiham etməlidir. Əgər seriallarda bayağılıq və digər neqativliklər varsa, niyə tv rəhbərləri buna göz yumur və efirə verir?
Deyərdim ki, indi çəkilən seriallar 2011-13- cü illərə nisbətən daha keyfiyyətli, sanballı, baxımlı, maraqlıdır. Rəqabət gücləndikcə, serialların keyfiyyəti də formalaşır. Yəni, müəyyən qədər irəliləyişlər, uğurlar var".

Elşən Zeynallı: “MTRŞ pulları qeyri-peşəkarların arasında bölüşdürdü, nəticədə dövlətin pulları havaya sovruldu”
Kinorejissor, geniş tamaşaçı kütləsi toplaya bilən “Vicdan haqqı” serialının ssenaristi olan Elşən Zeynallı isə mövzuya bu cür şərh bildirdi:
“Çox yaxşı olardı ki, seriallarla bağlı MTRŞ-da təxminən 10 nəfərdən ibarət komissiya yaradılsın. Həmin komissiya üzvləri serialların ssenarilərinin qəbuluna, təsdiqinə cavabdeh olsun. Amma bu o zaman ola bilər ki, vəsaiti yenə MTRŞ versin. Lakin məlum olduğu kimi, artıq vəsait ayrılmadığından ssenarilərin qəbulu və təsdiqinə cavabdeh olmurlar. Bu zaman çəkiliş və ssenari müstəqil studiyaların üzərinə düşür. Onda da MTRŞ bu məsələyə nəzarəti itirir. Çünki həmin şirkətlər müstəqildir və öz pulu ilə nə istəyir çəkir. Amma burada bir əmma çıxır. Əgər televiziya məkanında təqdim olunanlar zövqümüzə, düşüncəmizə pis təsir edirsə, lazımlı deyilsə, cəmiyyətimiz üçün əsaslı deyilsə, mentalitetimizə, milli dəyərlərimizə ziddirsə, mənəviyyatımızı zorlayırsa, nə üçün televiziya rəhbərləri bu məsələyə hələ də  razılıq verir? Bu məsələdə cavabdeh televiziya rəhbərləridir. Bununla da televiziya rəhbərləri bu cür veriliş və seriallarla ”çağırlmamış qonaq" kimi ailələrimizə daxil olub,  insanlarımızın beyninə zəli kimi yapışır və zəhərləyir".
Ssenarist 2011-13-cü illərdə seriallara ayrılan vəsaitlərin “göyə sovrulduğunu” vurğuladı:
“Maliyyə ona görə ayrılmışdı ki, bu sahəyə təkan verilsin. Lakin heç bir təkan olmadı. Bunun da birinci səbəbi  buraxılan  səhvlər oldu. Səhvləri buraxan isə MTRŞ oldu. Qurum verilən pulları qeyri-peşəkarların arasında bölüşdürülmüşdü. Təsəvvür edin, şirkətlər tanıyıram ki, bir gecənin içində qeydiyyatdan keçərək studiya, prodakşn təsis etmişdi ki, həmin puldan onlar da istifadə edə bilsin. Beləlilklə, son nəticədə dövlətin pulları havaya sovruldu”.
“Yeni Müsavat”

Paylaş: