“O, mənim aləmimdə zəhmətkeş, özünə yazığı gəlməyən bir insan idi...”
Tarix: 9-11-2019, 09:26




“Bizim bir neçə aktyorlarımız var ki, onlar sənətə gəlişiylə mərhələ yaratmış  sənətkarlardır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Novruz ölümündən bir il ötən Xalq artisti Amaliya Pənahova haqqında danışarkən deyib. R.Novruz bu cür aktrisalarımızın həmişə tarixdə yaşayacağını bildirib:

“Amaliya xanım yadımadadı ki, biz orta məktəbdə oxuyanda institutdan gəlmişdi və o, yeganə aktrisalardan idi ki, onun haqqında “Azərbaycan Gəncləri” qəzetində “Alqış, səhnəyə istedad gəlir” başlıqlı yazı çap olunmuşdu. Bizim bir neçə aktyorlarımız var ki, onlar sənətə gəlişiylə mərhələ yaratmış  sənətkarlardır. Mən bilirəm ki, minlərlə tamaşaçı Amaliya xanımı səhnədə görmək üçün uzaqlardan gəlib tamaşaya bilet alırdı. Amaliya xanım mənim aləmimdə zəhmətkeş, özünə yazığı gəlməyən bir insan idi. O, sona qədər də formasını saxladı. Təbii ki, bizim Hökumə xanım, Şəfiqə Məmmədova kimi aktrisalarımız olub və Amaliya xanım da onlardan biridir. Onunla bir neçə tamaşalarda oynamışıq. Amaliya xanım Azərbaycan Dövlət Dram Teatrından gedəndən sonra tamaşalarda az oynayırdı və o, teatr rəhbəri fəaliyyətinə başlamışdı. Bundan sonra yeni Amaliyalar yetişəcək, amma Amaliya xanım kimi aktrisalar həmişə tarixdə yaşayacaq”.  


Paylaş: