“Əgər Nuşirəvan müəllim kimdənsə ehtiyat edib o telekanallara heç nə deyə bilmirsə...”
Tarix: 7-11-2019, 08:37




“Nüşirəvan müəllim kimdən kimə şikayət edir? Qanun da, ixtiyar da onun əlindədi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül MTRŞ sədrinin belə bir açıqlamasına görə təəssüfləndiyini bildirib:

“Əgər rəsmi səviyyədə, prezidentin sərəncamıyla bura təyin olunan MTRŞ rəhbəri televiziyalarımızdan giley-güzar edirsə, bununki lap “səndən yar, sənə şikayətim var” oldu. Biz ona özəl telekanallarımızın vəziyyətindən şikayət etməliyik. Nüşirəvan müəllim kimdən kimə şikayət edir? Qanun da, ixtiyar da onun əlindədi. Bu özəl studiyalar kimindi? Nə vaxtdan biz milli-mənəvi dəyərlərimizi özəl studiyaların şəxsi qazancına qurban vermişik? Başım çıxmır. Niyə bir ölçü götürülmür? İnsan haqlarıdı, demokratiyadı, bunlar hamısı yalan şeylərdir. O adla böyük dövlətlər oyun oynayırlar. Məsələn, onlardan biri Amerikadır. Bu gün telekanallarımızda Bədii Şuralar yaradıblar. Əgər dövlətin rəsmi qurumu olan MTRŞ heç bir şey edə bilmirsə, Bədii Şuralar televiziyaya nə edəcək ki? Bunlar deyir haqqımı verirəm, belə də oxuyuram, əcəb edirəm. 
Bütün bunlar dövlət səviyyəsində, rəsmi şəkildə həll olunmalıdır. Xalqın milli-mənəvi dəyəri heç bir demokratiyaya, insan haqlarına, söz azadlığına qurban verilə bilməz. Mən hörmətli Nuşirəvan müəllimin açıqlamasında çox pərt oldum. Qardaş, siyir qılıncını qoy ortalığa. Bu səlahiyyəti telekanallarımıza kim verib? Əgər Nuşirəvan müəllim kimdənsə ehtiyat edib o telekanallara heç nə deyə bilmirsə, məni çağırsın onlara sözümü deyim”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi təhrif olunan formada təqdim olunur.


Paylaş: