Bu gün Zərnigar Ağakişiyevanın doğum günüdür
Tarix: 6-11-2019, 10:32




Bu gün mərhum Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.
Cebhe.info məlumat verir ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.
Z.Ağakişiyeva 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.
1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub və o, 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.
Z.Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə çəkilib.
Z.Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olub.
Qeyd edək ki, Xalq artisti 2018-ci il fevralın 8-də ürək çatışmazlığından Bakıda vəfat edib.
Z.Ağakişiyeva fevralın 9-da Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında dəfn edilib.
Allah rəhmət eləsin!

Paylaş: