Sabunçu xəstəxanasının baş həkimi Toliki prokurorluğa verir: “Kimin sifarişidir yenə?”
Tarix: 2-11-2019, 09:47



Teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib. O, oğlu ölən bir atanın videosunu paylaşıb və Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:

"Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısınım bəlasını versin! Biz hər şeydə deyirik prezident, amma inanın ki, prezidentimizin bunlardan xəbəri yoxdur, vallah, bəlkə də. Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar!  Hamısını işdən çıxartmaq lazımdır. Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki… Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də pula satalar səviyəsizlər!”

Tolikin harayına şou nümayəndələri də səs verib. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildiriblər. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb: 

"Allah oradakı həkimlərin bəlasını versin. Ora diri girən adam ölü çıxır. Savadsızlar, mənim nənəmi də onlar öldürdü. Mən o vaxt bu barədə paylaşım etdim, amma əhəmiyəti olmadı. Tolik, nə etsən sən edərsən. Yəqin, Səhiyyə nazirliyi bu dəfə biganə yanaşmaz və orada həkim adı ilə insanları öldürən qatillər barəsində bir tədbir görər. Mən o xəstəxanada gördüyümü görmüşdüm, ora morqdur. O "morq”a diri girən ölü çıxır. Allah bəlalarını versin tezliklə, elə Hüseyn Dəryanı da o savadsızlar öldürdü, amma nədənsə yaxınları susdu”.

İzləyiciləri isə Tolikə dəstək verərək "morq” adlanan bu xəstəxananın ümumiyyətlə bağlanılmasını tələb ediblər. İstifadəçilərdən bəziləri yazılarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adını da işarələyərək bu barədə ciddi tədbir görülməsini istəyiblər. 

Məsələ ilə bağlı Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovla əlaqə saxladıq. Baş həkim Moderator.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Tolik barəsində prokurorluğa şikayət edəcək:

“O xəstə bizdə ölməyib. Harda ölüb, harda ölməyib, ondan da xəbərim yoxdur. Bizim xəstəxanaya gəlib, sonra qohumları onu Türkiyəyə aparacaqlarını bildiriblər. Yazılı kağızda da bildiriblər ki, biz həkimlərdən çox razıyıq. İndi də başlayırlar boş-boşuna danışmağa. Adam əks tərəfin də fikrini bilər. Öyrənər ki, bu xəstə sizdə ölüb-ölməyib. Ondan sonra yazarlar”, - deyən Fikrət həkim, “bəs axı digər müğənnilər də Tolikin fikrini dəstəkləyiblər. Onlardan da birinin nənəsinin, digərinin hansısa qohumunun məhz Sabunçu xəstəxanasında keçindiyini söyləyiblər” sualına belə cavab verib:

"Kimsə qəzaya düşüb, maşında parçalanıbsa, biz nə etməliyik? O adamlar bizə gələndə ölmüşdü, belə olan halda nə edə bilərik? Onu biz qəzaya salmamışıq ki. Demişik, maşını apar divara vur, dağım-dağım ol? Neyləyə bilərik ona? İçməzdi, sürməzdi, qəza olmazdı, ölməzdi. Ölü gəlib bizə, ona nə edə bilərik ki? Bir şeyi əsaslandıranda zəng edərlər, müalicə işlər üzrə müavinimiz var, məlumat yığarlar. O Tolikin o mövzuya girməyinin nə mənası var? Dünən avtobus qəzası oldu, 9 nəfərdən 7-sini sağaldıb göndərdik evinə. O birisi gün neçəsini sağaltdıq. Nooldu, indi birdən-birə bunlar deyir, baxmırlar-eləmirlər. Noldu?! Kimin sifarişidir yenə? Hüseynov Xəlqi Vəlixan oğlu 25.02.09-cu ildə bizə gəlib, 27.02.09-ci ildə qohumlar tərəfindən aparıblar burdan evlərinə, hara aparıb, bilmirəm. Özləri yazıblar ki, bütün məsuliyyəti öz üzərimə götürərək, evə aparırıq, heç kimdən də narazılığımız yoxdur. Xəstəni aparıblar axşam, həkim olmayanda. 18:30-da. Biz onu tutub saxlaya bilməzdik. Neyləyə bilərdik, aparıblar. Bəlkə özü öldürüb aparıb?  





- O vəziyyətdə həkimlər axı necə icazə veriblər xəstəni aparsınlar?

- Biz icazə verməmişik e... Mən onun yanındaydım guya? O xəstə ayağa durub, gülə-gülə qohumları ilə birgə çıxıb gedib. Lazım olarsa, həkimi ilə də əlaqə saxlayın.  Amma pensiyaya çıxıb artıq. 

Paylaş: