“Bəlkə də bir bəla idi ki, gəlib Fədayəni tapmışdı, əslində heç o cür insan deyil”
Tarix: 2-11-2019, 09:37




Bir neçə ay bundan əvvəl sevimli müğənnimiz İlqar Muradov Xalq artisti fəxri adına layiq görüldü. Əslində bir çoxları müğənninin çoxdan bu adı almalı olduğunu düşünürdü...
Çünki İlqar Muradov həzin səsi, peşəkar ifası, özünəməxsus təmkinli xarakteri ilə illər əvvəl bu sevgini qazanıb, sözün əsl mənasında xalqının artistinə çevrilə bilib.
Müğənni ilə bir neçə ay əvvəl, fəxri ada layiq görüldüyü ərəfələrdə görüşüb, söhbətləşməyə çalışmışdıq. Lakin gərgin iş rejimi, məşqlər, konsert hazırlıqları buna imkan vermirdi. Nəhayət ki, Xalq artisti ilə çalışdığı Milli Konservatoriyada, dərs arası görüşə bildik:
 - İlqar bəy, hazırda nə üzərində çalışırsınız? Hansı yeni layihələr, mahnılar var?
- Həyat davam etdikcə yaradıcılıq da davam edir, heç dayanmır. Yeni mahnılar həmişə var. Çalışıram ki, heç olmasa ayda bir mahnı yaza bilim. Əsas tədbirlərə, konsertlərə hazırlaşırıq. Yaxin günlərdə, təxminən bir həftədən sonra məlum “Taksi” mahnıma klip çəkiləcək. Yəni hər zamankı kimi işləyirik.
- Bu yaxınlarda Xalq artisti fəxri adına layiq görüldünüz. Bu münasibətlə biz də sizi ürəkdən təbrik edirik. Sizcə, gec olmadımı?
- Gec?.. Çox səmimi desəm, xalqın məhəbbətini çox uzun illərdir ki, yaşayıram. Bu da mənə bir böyük enerji verir və xalqın məhəbbəti, sevgisi mənim üçün ən böyük dövlətdir. Bunun özü çox böyük xoşbəxtlikdir. Gec deyəndə ki, gec olmaq heç olmamaqdan  yaxşıdır. Amma bu ad mənim üçün çox böyük, şərəfli addır. Çox şərəf duyuram ki, bu ada layiq görülmüşəm. Sənətkarlara qarşı dövlətimizin, xalqımızın dəstəyi hər zaman olub.
- Ümumiyyətlə, Xalq artisti fəxri adı sənətkara hansı imtiyazlar verir?
- Həm mənəvi, həm psixoloji olaraq insana böyük hisslər yaşadır. Əlbəttə ki, bunu gözləmək lazım deyil, əslində qazanmaq və yaşamaq lazımdır. Fəxri ad sənətkara şan-şöhrət, baş ucalığı, elanlarda respublikanın Xalq artisti kimi təqdimatını verir.
- Tez-tez iradlar da bildirilir ki, indi fəxri ad almaq çox asanlaşıb. Bu yaxınlarda bir neçə gənc müğənninin Xalq artisti olması zamanı da belə tənqidlərə rast gəlindi. Siz necə düşünürsünüz?
- Təbii ki, sovet dövrünə nisbətən indi fəxri ad almaq çox asanlaşıb. Amma bir şey də var ki, bizim xalqımız  çox istedadlıdır. Həmin gənc müğənnilərin əksəriyyəti geniş kütlənin sevgisini qazana bilib, bu şeylər var. Yoxsa ki,  elə-belə, heç nədən, layiq olmadan  kiməsə fəxri ad verilmir. Bu bir növ dövlətimizin incəsənət nümayəndələrinə verdiyi dəyər, dəstəkdir.
- İndi populyar  olmaq da asanlaşıb...
- Çünki indi özəl televiziyalarda kim istəsə ekrana çıxa, reklam oluna bilər. Amma sovet dövründə bir dövlət televiziyası var idi və orada da Bədii Şura, onun da 10-dan akademik, professor heyətindən ibarət üzvləri var idi. Bədii Şura efirə çıxacaq müğənnin ifasına, oxuduğu mahnın sözlərinə, musiqisinə çox diqqət edirdi. Həmin zaman populyarlaşmaq, tanınmaq, efirə düşmək çox çətin idi.
- Bəzən elə ona görə televiziyaları musiqi zövqümüzü korlamaqda günahlandırırlar.
- Özəl televiziyalarda demək olar ki, Bədii Şura yoxdur. Bununla da kim istəsə çox böyük sərbəst şəkildə efirə çıxır, mahnılar, kliplər təqdim edir. Kim nə istəyir söz yazır, mahnı bəstələyir, istədiyi kimi də oxuyur. Buna çox təəssüf edirəm.
- Universitetdə pedaqoq kimi  çalışırsınız. Tələbələrin dərslərə, musiqiyə münasibəti sizi qane edirmi?
- Əlbəttə. Bir az öncə də  qeyd etdim ki, bizim xalqımız çox istedadlıdır. Həmçinin konservatoriyada da çoxlu sayda istedadlı tələbələrimiz var və onların yüksək səviyyədə inkişaf etməsi üçün burada çox gözəl şərait yaradılıb. Sizin də gördüyünüz kimi, hər sinifdə səhnə, royal var ki, tələbələr özlərini  səhnədə hiss etsin.

Mənim tələbələrim, həmçinin digərləri də çox istedadlıdır və onların inkişafı məni çox sevindirir. Bütün tələbələrə çox böyük ümid edirəm, gələcəkdə onların yaxşı müğənni olacaqlarına inanıram.
- Sizin dövrlə indiki dövr tələbələrinin arasında nə kimi fərqliliklər görürsünüz?
 - Çox böyük fərq var. Məsələn, bizdə bu cür şərait olmayıb. İndi texnologiya o qədər inkişaf edib ki, internet vasitəsilə  istənilən informasiyanı almaq, istədiyin əsərə, müğənniyə qulaq asmaq olur. Bizim zamanımızda isə bu qədər informasiya əldə etmək mümkün deyildi. Dünya musiqiləri ilə o qədər də tanış ola bilmirdik. Xatırlayıram ki, o zamanlar “Monte Karlo” adlı radio dalğası var idi. Gənc olduğumuz zaman dünya miqyaslı populyar mahnıları yalnız həmin radio vasitəsilə dinləyə bilirdik, lentə yazırdıq. Amma indi şükür ki, gənclərin çox böyük şansları var, hər şeyi internet vasitəsilə görə, dinləyə bilirlər.
- Bir neçə il bundan əvvəl “Xeyirlə şərin rəqsi” filmində baş obrazı canlandırdınız. Film demək olar ki, uğurlu alındı. Bu sizin filmdə ilk işiniz idi, yoxsa?..
- Bəli, bu filmdə 10-cu Dronqo obrazını yaratmışam. Qeyd edim ki, film Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilib. Filmin rejissoru Yavər Rzayevin dəvəti ilə bu filmdə çəkildim. Onu da əlavə edim ki, Yavər Rzayev uzun zamandır ki, dostumdur və o insanı çox sevirəm, çox bacarıqlıdır. Beləliklə, onun dəvəti ilə filmə getdim. Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə  tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqa oxşarlığım var.
Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq.
 - Yəni həvəslisiniz, dəvət gəlsə yenə də çəkilərsiniz?
- Bəli. Amma başqa filmə, obraza deyil. Əgər Dronq kimi obraz olsa, məmnuniyyətlə çəkilərəm.
 - Belə anladım ki, bu çəkildiniz ilk filmdir?
- Bəli.
- Bəs  özünüz hansı filmləri izləyirsiniz? Ümumiyyətlə, çəkilən son filmlərdən xəbəriniz varmı?
 - Səmimi deyim ki, yox. Bu yaradıcı iş elədir ki, filmlərə gedib baxmağa vaxt imkanı olmur. Hətta yeni musiqilərlə maşında radioda tanış ola, dinləyə bilirəm. Amma efirdə yeni film təqdim olunanda baxmağa çalışıram. Yaxşı filmləri çox xoşlayıram. Uşaq vaxtı teatr tamaşalarını, kinoları çox sevirdim. Evimiz Naxçıvanda Dram Teatrın yaxınlığında olub. Valideynlərimiz bizi həmişə tamaşaya aparırdı. Demək olar ki, Dram Teatrda nə tədbir olurdusa, gedirdim, çünki mənim üçün çox maraqlı idi. Ümumiyyətlə, incəsənət mənim üçün həmişə maraqlı olub. Hətta hərbi xidmətə qədər rəssamlıqla da məşğul olmuşam. Bir sözlə, incəsənəti çox sevirəm.
- Amma bu bir faktdır ki, həmin dövrlərdə indiki kimi avadanlıqlar, şərait olmasa da möhtəşəm filmlər çəkilirdi, hansı ki, həmin filmlər bu gün də aktuallığını qoruyub saxlaya bilir, sevilir. Hətta elə musiqilər var ki, filmlər məhz həmin musiqi ilə yadda qalıb və yaxud əksinə. Sizcə, niyə indi o cür möhtəşəm filmlər çəkilmir?
- Düşünmürəm ki, indi o cür filmlər çəkilsin. Çünki həmin zaman kinematoqrafiyada, ümumiyyətlə, kinostudiyada çox peşəkar mütəxəssislər çalışırdı. Bu da həmin zamanın təsirinə bağlıdır. Həmin filmlərdə aktyor heyəti, kollektivi böyük peşəkarlardan ibarət olurdu. İndi isə kim istəyirsə əlinə pul keçən kimi  videokamera alıb, nəsə çəkməyə çalışır, halbuki  heç rejissor deyil. Əsas da komik janrlara müraciət edirlər. Anlaya bilmirəm, bəlkə də bu biznesə bağlıdır. Lakin bizim film, yəni “Xeyirlə şərin rəqsi” sanballı filmdir. Həm əsərin müəllifi həm rejissor çox peşəkardır.

 - Amma niyəsə bu filmi ekranlarda görə bilmirik...
- Yox, deməzdim. Çünki “Mədəniyyət” kanalı, AzTV vaxtaşırı filmi yayımlayıb. Hətta iki gün öncə mənə zəng edib dedilər ki, film yenidən ekranda nümayiş olunur... Nə yaxşı ki, mən o filmə getdim. Əvvəl qorxurdum ki, filmin öhdəsindən gələ bilmərəm. Lakin rejissorun sayəsində rolu yarada bildim. Bu da tarixdə qalan əsər, filmdir, düşünürəm ki, yaşayacaq.
- Bu günə qədər çoxlu sayda mahnılarınız var ki, onların vasitəsilə həqiqətən qəlblərdə yer tapa bilmisiniz. Amma onların arasında “Bu dünyanı nağıl bilək” mahnısı bu mənada bəlkə də ən birincisi və ya birincilərdən biridir. Sizinlə görüşə gələrkən yolboyu operatorumuz bu mahnını zümzümə edib. Bəs özünüz  bu dünyanı nağıl bilirsiniz və yaxud görürsünüzmü?
- (Gülümsəyir). Bildiyiniz kimi, həmin mahnının sözləri Kəmalə Abıyeva, musiqisi Aygün Səmədzadəyə məxsusdur. Nağıl kimi deyəndə ki... kaş elə həyatı nağıl, fantaziya və əfsanələr kimi yaşamaq imkanı olardı.
- Yəni əslində həyatı nağıl kimi görmək, yaşamaq olmur...
- Yox, nağıl kimi yaşamaq olmur. Əsas əmin-amanlıq, sağlamlıq olsun. Xalqımıza bunları arzulayıram. Real həyat nağıldan şirindir, əgər insan xoşbəxtdirsə, sağlamdırsa. Əslində heç istəmirəm həyatımız nağıla bənzəsin.
- Özünüzü xoşbəxt sayırsınızmı?
- Əlbəttə, çox şükür. Mən demək olar ki, hər zaman səbir və şükür edərək yaşayıram və yaşayacağam da, inşallah.
- Bu cür danışdınız, ağlıma bir sual gəldi, inanca bağlısınızmı, namaz qılırsınızmı?
- Yox. Səbir, şükür dinlə bağlı deyil ki. Ümumiyyətlə, insanın bir əlində səbir, bir əlində şükür olmalıdır. Bu balans gərək heç zaman pozulmasın. Nəyisə tez əldə etmək üçün onun dalınca qaçsan, o alınmaz. Hər şey insanın qismətinə bağlıdır. Ona görə də səbirlə yaşayıb, şükür etmək lazımdır. Şükür edək ki,  bu cür əmin-amanlıq, xoşbəxt həyatımız, ölkəmiz var.
- Tez-tez mətbuat orqanlarında yazılır ki, “İlqar Muradovun böyük biznesi var”. Həqiqətən biznesiniz varmı?
- (Gülür). Əksəriyyət düşünür ki, tanınmışlar milyonerdir, hamısının böyük var-dövləti var. Bəli, çox dövlətli adamam, ona görə ki, belə bir ölkədə, bu cür xalqın sevimlisiyəm. Bu mənim üçün böyük sərvətdir. Hətta başqa ölkəyə gedəndən 2-3 gün sonra darıxmağa başlayıram. Çünki bir növ xalqımız məni ərköyün edib. Hara gedirəm orada böyük məhəbbət, təbəssüm görürəm. Bir növ buna vərdiş etmişəm.
Amma biznesə gəldikdə, mənim heç bir biznesim yoxdur. Yalnız öz sənətimlə məşğul oluram.
 - Bir neçə gün öncə tanınmış müğənni Fədayə Laçın azadlığa çıxdı.
- Allaha şükürlər olsun...
- Müğənninin həm həbsi, həm də azadlığa çıxdığı dövrdə bir çox həmkarları, xalq artistləri ona dəstək oldu. Siz də həmin siyahıda oldunuzmu?
 - Əlbəttə oldum. Hətta dünən Fədayə və bacısı İlahə  ilə telefonla əlaqə saxlayıb, danışdıq. İnsanın başına hər iş gələ bilər. Təəssüf edirəm ki, Fədayə ilə bağlı bu cür hadisə yaşandı. Heç kəs bunu istəməzdi. Hər kəs istəyərdi ki, Fədayə yalnız öz sənəti ilə məşğul olsun, sənətdə olsun, səhnədə insanlara mənəvi qida bəxş etsin. Ümumiyyətlə, arzu edirəm ki, Allah həbsdə olan bütün insanların qapısını açsın.
Ona da çox sevindim ki, Fədayə Laçına xalq tərəfindən çox böyük dəstək verildi, ölkənin rəhbərliyi onu bağışladı.
Bəli, o, həbs ediləndə cənab prezidentin ünvanına xahiş məktubu hazırlanmışdı və mən də həmin məktuba qol çəkmişdim.
Bəlkə də bir bəla idi gəlib Fədayəni tapmışdı. Əslində heç o cür insan deyil. Keçmiş olsun...
“Yeni Müsavat”

Paylaş: