“Bu, gecə çıxıb nə edirdi ki?”
Tarix: 25-10-2019, 11:15




Xəbər verdiyimiz kimi, ötən gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib. 
Hakim Azər Tağıyevin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib. Qərara əsasən S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.
Bu qərara isə bir çoxları etiraz edib. Onlar S. Abbasovaya daha ağır cəza verilməsini istəyiblər. Məsələyə şou-biznes nümayəndələri də səssiz qalmayıb. Onlar da bu qərarın ədalətsiz olduğunu qeyd ediblər.
Bununla bağlı tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) İnstaqramda paylaşım edib. Elina və sözügedən direktorun şəklini paylaşan Tolik qərarın ədalətsiz olduğunu deyib:
“Bu da ədalət! Bir şagirdin ölümü 18500 manat! Ondan 10000 manat Elinanın anasına veriləcək. Və bu "müdirə" axşam saat 23:00-dan saat 07:00-a kimi evdən bayıra çıxmayacaq. Gör ee... Guya bu, gecə çıxıb nə edirdi ki? 
Ən böyük hakim Allahdır! Ədalət öz sözünü deyə bilmədi. Amma mən düşünürdüm, bu hadisədə hakimlər ədalətli olacaq. Çünki onların da övladları var, amma... Baxarsınız, Allah bu müdirəyə necə bəla verəcək: ya "rak" olacaq, ya da elə xəstəlik tutacaq ki, dərdinə çarə olmayacaq.
 
Müğənni Rəksanə İsmayılova da Tolikin paylaşımına şərh yazaraq "dəhşətdir bu. Söz yoxdur deməyə" sözlərini qeyd edib. 
Həmçinin aparıcı Xoşqədəm Hidayətqızı da "dəhşət" yazaraq həmkarının paylaşımına şərh verib.
"Allah bəlasını versin. Amin", - deyə Tolikin paylaşımına şərh yazan Humay Muxtarovaya isə həmkarı İlham Mirzəyev cavab verib.
"Allah o hökmü verən hakimin bəlasını versin. Ədaləti hakimlər qorumalıdır. Budurmu ədalət?" - Deyə İ. Mirzəyev fikir bildirib.    
Həmin paylaşıma şərh yazan izləyicilərdən bəziləri onları bu sözlərinə görə alqışlasalar da, tənqid edənlər də tapılıb. Bəzi istifadəçilər tanınmış şəxslərin qərardan əvvəl bu məsəldə aktif olaraq ədalətli hömk verilməsi üçün səy göstərməli olduğunu qeyd edərək onları qınayıb.

Paylaş: