Afaq Bəşirqızı barəsində səsləndirilən iddialara — CAVAB VERDİ
Tarix: 23-10-2019, 12:41

Afaq Bəşirqızı barəsində səsləndirilən iddialara

Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının sədri olmaq istəməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
Sənətkar “Ölkə.Az”ın  əməkdaşı ilə söhbətində bildirib ki, heç vaxt belə fikri olmayıb.
“Bu, ağ yalandır. Mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəməmişəm. Ümumiyyətlə, vəzifədə olmaq, kresloda oturmaq mənim düşüncəmdən belə keçməyib. Çünki mən o cür xarakterli insan deyiləm. Bu, ancaq cılız adamların fikridir. Onlar artıq bilmirlər ki, nə danışsınlar. Əgər mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəsəydim, qurultayın geniş auditoriyasının olmasını, alternativ namizədlərin olmasını tələb etməzdim. Bilirsiniz necədi, uşaq əmziyə öyrənən kimi, bu cılız adamların fikri də yalnız kreslodur, ancaq vəzifədir. Belə insanlarda heç vaxt önə çıxmaq istəməyiblər, yarasa kimi qaranlıqda olmaq istəyirlər. Ancaq bunlar başa düşmürlər ki, şəxsiyyət heç bir kreslo ilə ölçülə bilməz. İnsanın özünün şəxsiyyəti olmalıdır. Mən heç nədən qorxmuram, dediklərimin də arxasındayam. Amma qarşı tərəfin ətrafında olan yaradıcı insanların heç birindən də incimirəm. Çünki mən onlar üçün vuruşuram. Ona görə də onların vəziyyətlərini də, olduqları şəraiti də bilirəm. Mənim yaradıcı adamların heç biri ilə işim yoxdur.
"Bunu da bildirim ki, o kreslo Azərpaşa Nemətovun adına yazılmış, özəlləşdirilmiş şəxsi kreslo deyil. Mədəniyyət, incəsənət aləmində o kresloda oturacaq layiqli insanlar var. Əlbətdə ki, o ittifaqda mən öz titulumdan, öz inamımdan istifadə edə bilərəm. Ancaq o kresloda oturmaq, ora gedib-gəlmək mənim heç ağlımdan da keçməyib.Ümumiyyətlə əgər mən elə bir fikirdə olsaydım, teatrda başladığım böyük layihəmə start verməzdim. Yenə də təkrar bildirirəm ki, mən həyatım boyu vəzifə, kreslo ölüsü olmamışam.
Hətta o zaman Hacıbaba Bağırov rəhmətə gedəndə mən akademik məzuniyyət götürüb, yoldaşımla Moskvaya getdim. Bunu niyə etdim? Bəziləri elə düşünməsinlər ki, Afaqın Musiqili Komediya Teatrının direktorluğunda gözü var. Xeyr, vəzifə mənim işim deyil. Mən dürüstlüyün, dostluğun və doğruluğun tərəfdarıyam”, - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının ötən gün XIV konfransı keçirilib. Afaq Bəşirqızı konfransın gedişatına etiraz əlaməti olaraq oranı yarımçıq tərk edib.

Paylaş: