Vaqif Mustafayevin Bakıya dair təşəbbüsü Moskvada dəstəkləndi
Tarix: 21-10-2019, 16:01




Tanınmış Azərbaycan rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakı şəhərinə "Qəhrəman şəhər" adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.

Modern.az xəbər verir ki, bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

“Bakıda keçirilən  Avrasiya Xalqları Assambleyası  günləri çərçivəsində baş tutan “Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxaql ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə "Qəhrəman şəhər" adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”, – Valeri Ruzin belə deyib.
Sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda keçirilmiş  Avrasiya Xalqları Assambleyası  günlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da  bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə Qələbəyə töhfə vermiş Bakı şəhərinin "Qəhrəman şəhər" adlandırılması üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədirlər.

Paylaş: