“Bunu reallaşdırmaq elə də çətin deyil” – Milli Məclisin televiziyası yaradılsın?
Tarix: 19-10-2019, 09:51




Dünən millət vəkili Fazil Mustafa bildirib ki, Milli Məclisdə deputatların səsləndirdiyi fikirləri hər hansı bir formada ictimaiyyətə çatdırmaq icazəsi yoxdur. Millət vəkili qeyd edib ki, əvvəllər öz çıxışlarını telefonla lentə alıb paylaşsa da, sonradan ona bunun yolverilməz olduğu bildirilib. 

“Millət vəkilləri yalnız jurnalistlərin ümidinə qalıb. Yaxşı olardı ki, Milli Məclisin öz televiziyası olsun. İctimaiyyətdə belə rəy formalaşıb ki, Milli Məclis heç bir fəaliyyəti olmayan orqandır və deputatlar da hər şeyə laqeyddir. Xeyr. Əslində Milli Məclisdə qızğın müzakirərlər aparılır. Elə Prezidentin elan etdiyi islahatlarla bağlı parlamentin iclaslarında dəfələrlər çıxışlar olub. Lakin bu bu çıxışlar tirajlanmadığına görə ictimaiyyət xəbərsizdir”, - deyə F. Mustafa əlavə edib, amma qadağanın səbəbini açıqlamayıb.
Bəs görəsən, şəffaflıq məsələlərini ön plana çəkildiyi, tez-tez vurğulandığı bu dönəmdə belə qadağanın qoyulması uyğundurmu? İndi Milli Məclisin televiziyasının yaradılması nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı media məsələləri üzrə ekspert Ələsgər Məmmədli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan ekspert əvvəlcə deputatlara qoyulan qadağaya toxundu:
“Milli Məclis cəmiyyətin problemlərini və gələcəyini müzakirə edilən bir yerdir. Buna görə də orada aparılan söhbətlər şəffaf şəkildə həyata keçirilir. Millət vəkillərinə belə bir məhdudiyyətin qoyulması özü mövcud qanunlara ziddir. Çünki millət vəkilliyi ictimai bir vəzifədir və bu ictimai statusun məqsədi cəmiyyətə xidmətdir. Əgər cəmiyyət orada nə haqda müzakirələr aparıldığını bilməyəcəksə və yaxud deputat öz çıxışını videolentə ala bilmiyəcəksə, artıq bu o deməkdir ki, demokratik dəyərlərdən imtina olunmuş vəziyyətdir. 
Düzdür, parlamentin sədri bir çıxışında demişdi ki, bura müzakirə yeri deyil. Məntiqlə yanaşsaq, bəli, bizim parlament müzakirə yeri deyil, əl qaldırılıb-endirilən yerdir. Amma reallıqda bu belə deyil. Azərbaycan Konstitutsiyasında hakimiyyətin ölkə prinsipi var, parlament hakimiyyətin qanunuvericilik qoludur, cəmiyyəti və dövləti maraqlandırılan məsələlərin müzakirə yeridir, vəvətəndaşların orada iştirakı açıq olmalıdır”. 
O bildiridi ki, ayrıca televiziyanın yaranması çox resurs, maliyyə tələb etsə də, Milli Məclisdən internet üzərindən yayım reallaşdırmaq elə də çətin deyil:
“Həm də müasir kommunikasiyaları düşündükdə, niyə də onlayn yayınlanmasın? Bütün çıxışlar Milli Məclisin saytında onlayn şəkildə yerləşdirilməlidir. Bununla bağlı informasiya və agentlik haqqında qanunda iddialar var, amma bunu genişləndirmək olar. Ayrıca televiziya ola bilsin ki, böyük resurs tələb etsin, amma ayrıca onlayn yayın etmək böyük bir resurs tələb etmir. Bunu elə bu gün etmək mümkündür. Çox könüllü jurnalist var ki, parlamentin fəaliyyətini bir telefon və internet bağlantısı ilə canlı şəkildə təqdim edə bilər. Müasir kommunikasiyanın tələbi də daha az resursla işləməklə daha yaxşı nəticə əldə etməkdir”.

Paylaş: