Cənab prezident, məni 10 il cavanlaşdırdınız - Xalq artisti
Tarix: 18-10-2019, 12:32




“Prezident İlham Əliyev imzaladığı bu sərancamla məni 10 il cavanlaşdırdı”.
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Fikrət Verdiyev prezident İlham Əliyevin ona mənzil bağışlamasından danışarkən deyib.
Tarzən bundan sonra 10 il tar ifa edəcəyinə söz verib:
“Mənim 70-dən yuxarı yaşım var. 57 ildir ki, bu sənətdəyəm. Sevincli günlərim çox olub, xarici ölkələrdə möhtəşəm konsertlərdə çıxış etmişəm. Xalq artisti Zeynəb Xanlarovanın ansamblında 10 il bədii rəhbər olmuşam. 30-dan yuxarı ölkə gəzmişəm. Amma hələ bu qədər sevindiyim gün olmamışdı. Cənab prezident, məni 10 il cavanlaşdırdınız. Bundan sonra 10 il tar calacam. Sizə bütün ailəm adından təşəkkür edirəm”.
Tarzənin həyat yoldaşı, Xan Şuşinski fondunun rəhbəri Bəyimxanım Verdiyeva prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya ailəsi adından minnətdarlığını bildirib:
“Biz bu xəbəri gözləmirdik, birdən-birə eşitdik. Hələ də inana bilmirik, sevinc içərisindəyik. Dövlət başçımız hər zaman sənətə və sənətkara dəyər verib. Prezident bizə mənzil bağışladı. Bu, dövlət başçımızın sənətə verdiyi dəyərin nümunəsidir. Bütün bunlara görə prezidentə və onun xanımı Mehriban Əliyevaya ailəmiz adından təşəkkür edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib.

Paylaş: