Bu sağalmaz mərəzə düçar olanlar... – Baba Vəziroğlu
Tarix: 21-09-2017, 08:56


Baba Vəziroğlu ilə Kult.az-ın “Xatirə dəftəri” layihəsində söhbət etmək üçün vədələşdik. Söhbətimizin yarımçıq qalmasına şairin bəzi işlərinin, eləcə də qonaqlarının olması səbəb oldu.
- Baba müəllim, sizinlə “Xatirə dəftəri” layihəsində görüşürük. Deyin, tez-tezmi xəyallara dalırsız?
- Hər şeyin – sevinclərin, sevgilərin ömrü bir an oluban, “qalanı xatirədirsə”, dünyanın bu boyda axar-baxarından əlimizdə-ovcumuzda qalan yalnız xatirədirsə, əlacımız nə? Guya daha nəyimiz var ki? Ünümüz yetən, əlimiz çatan yalnız xatirələrdir. Bir zaman yazdığım kimi, “Xatirələr çağırsa da, hara gedim, Yadındamı mən səninlə xoşbəxt idim?!”
- Xəyalınızdan, gözlərinizin önündən ən çox nələr gəlib keçir?
- Mənim xəyallarımda məkanlar, zamanlar, tarixçələr yoxdur… Yalnız simalar var – yaxın-uzaq, aydın-solğun, tünd-rəngsiz-əlvan, doğma-yad, mülayim-acıqlı, xeyirxah-biganə-qəddar… simalar. Necə deyərlər, portretlər qalereyası. Mən də bu sərginin əbədi seyrçisi… Çox qəribədir ki, hərdən öz simamı da o rəsmlər, fotolar cərgəsində görürəm – sanki özümə kənardan baxıram, bəlkə də o portret dünyaya ilk gəlişimdəki “mən”in rəsmidir.
Bəs gəlməyən, keçməyən, daima yaddaşınızda qalan xatirələr kiminlə bağlıdır?
- Xəyalımdan keçməyən, yaddaşımı titrətməyən nəsnələr, kimsələr haqqında nə deyə bilərəm ki?! “Yaddaş kartı”ımda izi qalmayan, xatirəyə çevrilməyi bacarmayan insanlar və əhvalatlar, yəqin ki, çox olub həyatımda. Bəlkə də heç olmayıb… Bir vaxt dediyim kimi, “Bir kimsəm yox gözləməyə, Daha gəlsən, gəlməsən də...”
- İsmayıllıda, Molla İsaqlı kəndindəki məktəbli Babanın böyüyüb ədəbiyyatımızda baba olacağına ümid edirdinizmi?
- Yox, mən o zaman daha böyük məqamlara ümid edirdim... Konkret vəzifə, titul təsəvvürüm yox idi, amma “böyük adam” olmaq ən ali məqsəd idi… Məşhur lətifədə deyildiyi kimi, “hərdən adamın ağlına lap səfeh-səfeh fikirlər gəlir…” Çünki sonralar belə bir mütləq həqiqətə gəlib çıxdım ki, adamlığın həcm, çəki, qabarit ölçüləri olmur, sadəcə, “adam olmaq” yetər… Ədəbiyyat isə yoluxucu uşaq xəstəliyidir. Uşaqların çoxu sağalır, tək-tük adamlarda isə xroniki hala keçir, fəsadları qalır. Bax, bu sağalmaz mərəzə düçar olanlara “yazar” deyilir.
- Nəsr əsərləriniz oxunaqlı, oxucu “çağıran”, şeirləriniz yadda qalan, sevilən, mahnı mətnləriniz ürəklərə yol tapıb, dodaqlarda zümzümə edilən, oxunan... Özünüzü daha çox nasir, yoxsa şair kimi təqdim edərdiniz?
- Məgər insan ömrünün 50-dən sonra təqdimata ehtiyacı olur? Əgər bəlli bir yaş dövrünə qədər özünü yetərincə tanıda bilməmisənsə, neyləsən də, xeyri yoxdur – min dənə fəxri titul, peşə adı, yaradıcılıq yönümü, mükafatlar - yalnız vaxt itkisidir. Sadəcə, ad-soyadın deyiləndə, eşidən bilməlidir ki, söhbət kimdən gedir… Baba Vəziroğlu! Hər kəs bu ad-familin altında öz Baba Vəziroğlusunu görür - oxuyur, ya oxumur, dinləyir, ya dinləmir, sevir, ya nifrət edir… əla, qoy olsun! Yalnız mənim personoma biganəliyə, etinasızlığa faciə kimi baxıram… O ki qaldı mən özüm hansı Baba Vəziroğlunu qəbul edirəm, bu, uzun və çətin bir söhbətdir, gəl bunu gələn müsahibəyə saxlayaq, inşallah…

Paylaş: