"Bu təhqir mənasında deyil"
Tarix: 4-10-2019, 09:35




Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin sentyabrın 30-da keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirə olunan zaman deyib.
Modern az-a açıqlama verən deputat yeni qanunda bayrağın hansı hündürlükdən asılması məsələsinin vacibliyi ilə yanaşı bayraqdan paltar kimi isitifadə edilməsinə də öz münasibətini bildirib.  “Hər bir cəmiyyətin özünün qəbul etdiyi dəyərlər var. Məsələn, bir sıra Avropa ölkələrində bayraqdan geyim forması kimi istifadə ənənəsi var və bu heç kəsi qıcıqlandırmır, ictimaiyyət arasında mənfi rəy formalaşdırmır. Ancaq bəzi xalqlar  var ki,  bu məsələlər onlarda fərqli qarşılanır. Düşünürəm ki, cəmiyyətin ümumi ictimai rəyi necədirsə, onunla hesablaşmaq lazımdır. Azərbaycan cəmiyyəti nə qədər mühafizəkardırsa, bir o qədər də liberaldır. Hesab edirəm ki, Azərbaycan ictimai rəyinin qızıl ortada  olması çox yaxşı haldır. Çünki həddindən artıq mühafizəkar olsaq, yeniliyi qəbul etməyəcəyik, həddindən artıq liberal olsaq,  tarixi dəyərlərimizə bir qədər loyal yanaşmış olacağıq.  Bugünkü qlobal çağırışlar konteksində Azərbaycanın ictimai rəyi qızıl ortanı müəyyənləşdirə bilib. Əgər Azərbaycan cəmiyyəti desə ki, “bayraqdan geyim olmaz” bununla hesablaşmaq lazımdır”.
Xatırladaq ki, son illərdə hərbi-vətənpərvərlik mövzularında mahnı oxuyan bir çox ifaçılarımız kliplərində bayraq rəngində olan paltarlardan istifadə ediblər. Lakin onların bu addımı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Onların bu addımını dəstəklənyən də olub, tənqid edən də.

“Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur”

Klipində bayraq rəngli paltarlardan istifadə edən müğənnilər arasında Elnur, Aygün Kazımova, Elza Seyidcahan, Lalə Məmmədova, Sevil və Sevinc bacıları kimi bir çox tanınmış müğənnilər var.
Bəzi deputatların bayraq rəngli geyimlərdən istifadənin düzgün olmaması fikrinə münasibət bildirən Elza Seyidcahan bunları deyib: “Bayrağımız ucada olduğu qədər də ürəyimizin üzərindədir. Mənim fikrim belədir ki, kliplərimizdə, layihələrimizdə bayraqdan istifadə etmək heç də qəbahət deyil. Mən özüm Avropa oyunları zamanı çəkdirdiyim klipdə bayraq paltarında olan obrazım var, hətta məşəli başıma tac eləmişəm. Bu cür klipləri başqa sənət yoldaşlarım da çəkdirib və mən bu addımı alqışlayıram”.
E.Seyidcahan bayraq rəngində olan geyimlərdən istifadə edənlərə münasibət bildirmək yerinə, beynəlxalq idman yarışları zamanı himnimizi oxuya bilməyənlərə fikir bildirilməsinin lazımlı olduğunu qeyd etdi: “Avropada insanlar  artıq evdə geydikləri başmaqları belə bayraq rəngində edirlər. Mən bunu dəfələrlə görmüşəm. Bu təhqir mənasında deyil. Mən düşünürəm ki, bayrağımız nə qədər çox yerdə görünsə, gənclərimizdə bayrağın əzəmətini bir o qədər çox dərk edərlər.  Bütün bunlar insanların bayrağa olan sevgisindən irəli gəlir. Elə insanlar var ki, bayrağı tərs tuturlar, keçirilən beynəlxalq yarışlarda himnimizi oxuya bilimirlər. Bax, əsas müzakirə mövzusu budur. Bayrağı başımıza örpək də edərik, çiyniməzə şal kimi ata da bilərik.Türkiyədə hara baxırsan ki, bayraqdır, evlərində, eyvanlarında, başmaqlarında, hətta hamam xalatlarında bayraqdan istifadə edirlər. Mənə elə gəlir ki, bunlar yanlız bayrağa olan sevgidən qaynaqlanır. Biz də çalışmalıyıq ki, xüsusilədə məktəb yaşlı uşaqlarımız bayrağa toxuna bilsin, onun əzəmətini, doğmalığını hiss etsin”.

Sosioloq Əhməd Qəşəmoğlu da məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Ekspert bildirib ki, əgər bu ölkədə milli atributlara münasibətdə yüksək həssaslıq varsa, həmin atributlardan istifadə edən şəxs ona edilən tənqidlərlə razılaşmalıdır: “Bəzən o cür milli atributların olduğu geyimi elə müğənni geyir ki, həmin müğənni haqda fikirlər ictimaiyyət tərəfindən müsbət deyil. Qınaq obyektində olan bir müğənni Azərbaycan bayrağından istifadə etməsi nə o bayrağın xeyrinədi,  nə də məsləhətli deyil . Aydın məsələdir ki, həmin müğəni bununla özünə xal yığmağa çalışır. Ona görə mən düşünürəm ki, bir hərəkət edəndə ictimai fikri nəzərə almaq lazımdır. Biz hansısa, Avropa ölkəsini yamsılamaq əvəzinə özümüzün xüsusiyyətlərimizi nəzərə almalıyıq. Mənim bu məsələ ilə bağlı fikrim kəskin olmasa da, ictimai fikrin nəzərə alınmasının tərəfindəyəm”.

Paylaş: