Fəzail İbrahimli bəstəkar Tahir Əkbərin ölkəni tərk etməsi ilə bağlı məsələni PARLAMENTİN GÜNDƏMİNƏ GƏTİRİB
Tarix: 20-09-2017, 10:59


Millət vəkili Fəzail İbrahimli əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin ölkəni tərk etməsi ilə bağlı məsələni parlamentin gündəminə gətirib.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sentyabrın 19-da keçirilən iclasında millət vəkili Fəzail İbrahimli əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Kərimlinin üzləşdiyi ağır sosial sıxıntını komitənin iclasında gündəmə gətirərək, komitə sədri Rəfael Hüseynovdan və aidiyyatı dövlət qurumlarından ona bu məsələdə yardımçı olmağı xahiş edib.
“Bu günlərdə Azərbaycanın musiqi tarixində özünəməxsus yeri olan Tahir Əkbərin Azərbaycanı tərk etməsi barədə xəbərə rast gəldim. Bilirsiniz Tahir Kərim haqqında niyə danışıb məsələ barədə həyəcan təbili çalıram?! Çünki bu şəxs Azərbaycan incəsənətində və musiqisində böyük xidməti olan şəxsdir. Ancaq son dövrlərdə Tahir Əkbər çox ağır sosial durumla üzləşib. Artıq ölkəni tərk etmək qərarına gəlib. Onun üçotaqlı mənzili var idi. Onu satıb, bir otaqlı alıb. İndi orada da yaşamaq mümkün deyil. Axı bu nə dərəcədə məntiqə uyğundur ki, belə bir insan belə ağır durumda yaşasın. Ona görə də aidiyyatı qurumlar bu şəxsə yardım etməlidir”- deyə, F.İbrahimli vurğulayıb.
Millət vəkili əlavə edib ki, dövlət başçısı minlərlə insana əl tutur, jurnalistlərə, mədəniyyət işçilərinə ev verir: “Azərbaycanın kifayət qədər maliyyə imkanı və büdcəsi var. Niyə görə aidiyyatı qurumlar Tahir Əkbərin üzləşdiyi bu vəziyyəti dövlət başçısına məruzə edib, onun problemlərinin həllinə yardım etmirlər? Odur ki, Rəfael müəllim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi sizə müraciət edərək, xahiş edirəm ki, məsələni nəzarətə götürərək, onun problemlərinin həllində yardımçı olasınız”.
Komitə sədri Rəfael Hüseynov da öz növbəsində, bu yaxınlarda Tahir Əkbər görüşüb və onun problemlərinin həlli istiqamətində işlər gördüyünü bildirib.

Paylaş: