Bir əsrin astanasında olan böyük rejissor: Lətif Səfərovun 99 yaşı tamam olur
Tarix: 30-09-2019, 10:32



Sentyabrın 30-u Azərbaycanın kino tarixində xüsusi dəst-xətti ilə seçilən böyük kinorejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür.
Open.az xəbər verir ki, mərhum rejissorun 99 yaşı tamam olur.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun "Gilan qızı" filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Qızıl kol" filmlərində uşaq obrazlarını ifa edib. Amma balaca Lətifin xəstəli onu Bərdəyə aparıb. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-cı ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə "Bəxtiyar" filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun" , "Qızmar günəş altında" bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Lətif Səfərovun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ildə Kinematoqrafçılar İttifaqından çıxarılır. Həmin illərdə həyatında baş verən bir çox hadisələr, ona qarşı edilən haqsızlıqlar Lətif Səfərovun əsəblərini alt-üst edir. Uşaqlıqdan yaxalandığı xəstəlik də həmin ərəfələrdə çox şiddətlənir. Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edir.
43 yaşlı istedadlı rejissorun ürəyi dayanır. Bu gün anadan olmasından 99 il ötür. 2020-ci ildə Lətif Səfərovun 100 yaşı tamam olacaq. Bir əsrin astanasında dayanan kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.
Ruhu şad olsun!

Paylaş: