Azərbaycanda SSRİ Xalq artistlərinin sayı 10 nəfər qalıb - ADLAR
Tarix: 20-09-2017, 09:12


Azərbaycanda SSRİ Xalq artisti fəxri adını ilk dəfə məşhur tarzən Qurban Pirimov alıb. Tarzənin 1931-ci ildə aldığı fəxri ad Azərbaycan mədəniyyətində ilk idi. Həmin vaxtdan etibarən,  sovet quruluşu dağılana qədər ara-sıra bu mükafatdan bizimkilər də nəsiblənirdilər.

Həmin ildən sonra II Dünya Müharibəsi başlayana qədər bir neçə mədəniyyət xadimi bu mükafata sahibləndi: 1932-ci ildə Hüseynqulu Sarabski ilə Hacıağa Abbasov, 1933-cü ildə aktyor Mirzağa Əliyev SSRİ Xalq artisti adını qazandılar. Ümumiyyətlə, Azərbaycanda hər il əsasən, bir, maksimum isə iki mədəniyyət xadiminə bu mükafat verilirdi. 

1934-cü ildə Şövkət Məmmədova, 1935-də Cabbar Qaryağdıoğlu, 1936-cı ildə Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudova, 1937-ci ildə isə Üzeyir bəy Hacıbəyli SSRİ Xalq artistləri oldular. 
1938 və 1940-cı illərdə isə ümumilikdə 6 həmyerlimiz SSRİ-nin ən yüksək fəxri adını qazandılar: Sidqi Ruhulla, Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Muaxtarova və Hüseynağa Hacıbababəyov.
Ondan sonra düz 14 il bu ad kiməsə verilmədi. Uzun fasilədən sonra isə SSRİ Xalq artisti fəxri adını ilk dəfə aktyor Ağadadaş Qurbanov aldı.
 
SSRİ Xalq artisti adı sonuncu dəfə 1990-cı ildə verildi. Bu ada ölkəmizdə layiq görülən sonuncu mədəniyyət xadimləri isə bəstəkarlar Azər Rzayev və Ramiz Mirişli oldu.

Sovetləq quruluşunun dağılmasından artıq uzun illər keçir. Təbii ki, geridə qalan zaman kəsiyində SSRİ Xalq artislərinin əksəriyyəti həyatadan köçüblər.
Modern.az hazırda həyatda olan SSRİ Xalq artistlərinin sayını dəqiqləşdirməyə çalışıb.
Sovet dövründə Azərbaycanı bütün dünyada tanıdan müğənni Zeynəb Xanlarova 1975-ci ildə bu ada  layiq görülüb. 
 
Korifey bəstəkar, akademik Arif Məlikov isə 1978-ci ildə SSRİ-nin Xalq artisti oldu. Ümumiyyətlə, o ildə bir çox sənətkarlara bu fəxri ad verildi. Aralarında balet ustaları Rəfiqə Axundova,  Maqsud Məmmədov, Çimnaz Babayevanın da adları var idi.
Bu gün də yaşayıb yaradan mədəniyyət xadimlərimiz - pianoçu (həm də rektor) Fərhad Bədəlbəyli, rəqqasə Afaq Məlikova da o ildən etibarən, SSR-nin Xalq artisti adını daşımağa başladılar.
Bir çox filmlərdə əsas rolları yaradan Murad Yegizarov, Rasim Balayev kimi aktyorlar isə 1982-ci ildə SSRİ-nin Xalq artisti oldular. 

Həmin ilki siyahıda aktrisa Kinematoqrafçılar İttifaqının sədri olan Şəfiqə Məmmədovanın da adı var. 

Musiqiləri bütün SSRİ-də yayılan Polad Bülbüloğlu da həmin il erkən yaşda  bu fəxri ada layiq görüldü.
Həm yuxarıda adları çəkilən şəxslərə, həm də onlardan bir bir neçə il sonra bu fəxri ada layiq görülən aktrisa Amaliya Pənahova və bəstəkar  Xəyyam Mirzəzadəyə də can sağlığı arzulayırıq.


Paylaş: