Cavanşir Məmmədovun “mamaroza” ittihamına məşhurlardan cavab: “Həmin idarəyə elə sənətçilərimizi çağırıblar ki...”
Tarix: 19-09-2017, 17:14


Xəbər verdiyimiz kimi əməkdar artist Cavanşir Məmmədov yerli məşhurları insan alveri ilə məşğul olmaqda ittiham edib. Qısa zaman ərzində müzakirələrə səbəb olan açıqlamaya tanınmış simalar da PrimeTime.Az vasitəsi ilə fikir bildirib.

Prodüser Təranə Səmədova xəbəri oxuduğu zaman əsəblərini cilovlaya bilmədiyini deyib: "Xəbəri eşidəndə çox əsəbiləşdim. Ümumiyyətlə, bu açıqlamanı Cavanşir Məmmədova yaraşdırmadım. Çox ayıb olsun! Sənətçi gərək sənəti ilə məşğul olsun. Bu insan isə gündəmə gəlməyə çalışır. Gah zərli gah da güpur köynək geyinib efirə çıxır və ya pencəyinin qolunu kəsdirir. Bəlkə getsin şavlarının bir ayağını kəssin, o birini saxlasın. Yəqin bununla yadda qalar. Bizim içimizdə olan biri belə danışırsa, şou-biznesdə olanları çirkab mövzu ilə ləkələyirsə, hüquq mühafizə orqanlarının bizə olan ziddiyyətli münasibətindən niyə inciməliyik? Bakı balaca şəhərdir. Həmin idarəyə elə sənətçilərimizi çağırıblar ki, eşidəndə çox məyus olmuşam. Çünki o insanların necə təmiz olduqlarını bilirəm. Bax belələri bu mövzuda danışanda, dediyim sənətçiləri idarəyə çağıracaqlar".

Tanınmış müğənni Nadir Qafarzadə həmkarının bu tip açıqlamasını dəstəkləməsə də onunla eyni fikirdədir: "Bilmirəm kim nə işlə məşğuldur, amma mən özümə cavabdehəm. Mən nə bilim axı kim-kimlə harda cikkildəşir. Belə baxsaq şou-biznesdə bir çox qələtlər, səhvlər olunur. Amma nə edək ki, bu belədir. Düzdür, bunu demək lazım deyildi. Çünki belə bir misal var: "Görünən dağa bələdçi lazım deyil". Əgər deyirsə hardasa həqiqətə uyğun sözlərdir. Amma düşünürəm ki, bu mövzuya toxunmasa, daha yaxşı olardı".

Müğənni Təranə Qumral isə həmkarları ilə dostluq etmədiyini bildirib: "Başa düşmədim, siz bununla bağlı mənə niyə zəng etmisiniz? Mənim müğənnilərlə əlaqəm olmadığına görə belə şeyləri bilmirəm".


Paylaş: