"Milləti inkişaf etdirməyin, qüdrəti ifadə etməyin bir çoxu Üzeyir bəyin xəttindən keçir"
Tarix: 19-09-2019, 08:22



"Bizim milli  inkişaf, düşüncə, milli özünüdərk tariximizdə bir çox tendensiyalar var ki, onlar daha çox Üzeyir Hacıbəyovda birləşir"

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli dahi Üzeyir Hacıbəyov haqqında danışarkən deyib. Q.Məhərrəmli Üzeyir bəyin Azərbaycanın inkişaf tarixində böyük rolu olduğunu bildirib:

"Üzeyir bəy Azərbaycan ictimai fikrinin ən parlaq simalarından biridir. Bizim milli  inkişaf, düşüncə, milli özünüdərk tariximizdə bir çox tendensiyalar var ki, onlar daha çox Üzeyir Hacıbəyovda birləşir. Yəni o, birinci növbədə milli kimlik, türklük düşüncəsini, milli mədəniyyət, milli şüurun, ictimai fikirin tərəqqisiylə bağlı olan məsələlərdir. Milləti inkişaf etdirməyin, onu dünyaya qovuşdurmağın, qüdrəti ifadə etməyin bir çoxu Üzeyir bəyin xəttindən keçir. Bizdə təəssüf ki, onu daha çox bəstəkar kimi tanıyırlar, amma onu iyirminci əsrdə olan fəaliyyəti, xüsusən publisistik, 18-20 yaşlarında başladığı fəaliyyəti, dərsliklər, lüğətlər hazırlaması, mətbuatdakı qızğın fəaliyyəti, Azərbaycan əleyhinə olan yazılara cavab verməsi və s. dəyərlidir. Onun "Həyat" qəzetində, "Molla Nəsrəddin" jurnalında redaktor fəaliyyəti və ən nəhayət cümhuriyyət dövründə həm "Azərbaycan" qəzetinə redaktorluğu, həm də parlament müxbiri kimi onun yazıları, siyasi proseslərə münasibəti bunlar hamısı zəngin mənəvi irsdir. Biz Üzeyir bəyə bu rakursdan baxmalıyıq, onun həyatının fəlsəfəsini öyrənməliyik. Ona görə də o,  Azərbaycan milli kimliyini ifadə edən çox qüdrətli simadır və onun bu istiqamətdə irsinin öyrənilməsini çox arzulayırıq".

Qeyd edək ki, bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür.  

Paylaş: