"Oğlumu onlara etibar edib, ölüm qapısından...- Xərçəngdən əziyyət çəkən Tahirə
Tarix: 18-09-2019, 15:21




Xərçəng xəstəliyi hər kəsdə ola bildiyi kimi, tanınmış insanların da qonağıdır... Təəssüf ki, bu ağır yolda iradəli insanlar çox azdır. Azsaylı iradəli insanlardan biri də illərini jurnalistikə sahəsinə həsr edən Tahirə Məmmədqızıdır.

"Müalicələrim artıq bitir. Özümü yaxşı hiss edirəm. Əvvəlki çəkimə qayıtmağa başlamışam. Əməliyyatdan sonra 4- 5 kq almışam. Özümü yaxşı hiss edirəm deyə artıq işlərimə geri dönmüşəm. "Tahirə ilə gecə söhbəti" yenə də Apa telekanalının efirindədir".

Sonxeber. az bildirir ki, bu sözləri bir müddətdir aparıcılıq fəaliyyətini xəstəliyi ilə əlaqədar dayandıran tanınmış jurnalist Tahirə Məmmədqızı deyib. Şərq qəzetində 20 illik fəaliyyətini də verilişlə bərabər davam etdirən jurnalist düçar olduğu xəstəliyindən danışıb:

"Əməliyyatdan sonra süst olmuşdum. Hardasa fikirləşirdim ki, yoruldum, artıq bu iş mənə ağır gələcək, daşıya bilməyəcəm. Məni sevən insanlar yanımda oldu. İki rəfiqəm var hansı ki, "Şərq"-in əməkdaşlarıdır, onlar məni qətiyyən tək qoymadılar. Həmin insanlar 15 ildən artıq rəfiqəlik elədiyim İlahə İbrahimova və Nailə Cabbarovadır. Hətta, mübağiləsiz deyə bilərəm ki, qohumlarımın mənə verə bilmədiyi qayğını o iki rəfiqəm mənə verdilər . Oğlumu onlara etibar edib əməliyyat qapısından- ölümün qapısından keçməyə çalışmışam. Düşünürəm ki, mən onların haqqını qaytara bilmərəm. Xəstəxanada insanın gözü qapıda olur. O qapıda məni gözləyən insanlardan biri də Şərq qəzetinin baş redaktoru Akif Aşırlı və bizim Şəqrçilər idi. Əməliyyata girəndə isə mənim iş yoldaşlarım bütün saytı qoyub, xəstəxananın həyətindən heç yana getmədilər".
Jurnalist düçar olduğu xəstəliyi sınaq adlandıraraq, ətrafında bəzi insanların onun halına biganə qalmalarından da söz açıb:
" Bu xəstəlik mənim üçün böyük bir həyat dərsi oldu. Bilirsiz, ölümün qarşısında gedən insan bir anlıq arxaya çönür, baxır ki, yanımda kim var ? O qapıya qədər məni kim ötürə biləcək, məni qaytarmağa kim əl uzada biləcək? Ümid elədiyim insanlar var idi. Ömrümü xərclədiyim, gəncliyimi, cavanlığımı yolunda çürütdüyüm insanlar var idi ki, mən onları çətin dönəmimdə yanımda görmədim. İnsanlığı da tanıdım, insafsızlığı da".
Tahirə Məmmədqızı onu həyata bağlayan insanlardan birinin də məhz övladı olduğunu qeyd edib:
"Övladımın varlığı məni həyata bağladı. Bir oğlum var, onun qayğıları məni gözləyir. Hazırda əsgərlikdədir. Allah qoysa üç aydan sonra gəlir. Mən bu müddətdə özümə gəlməliyəm ki, onun qayğıları, sosial ehtiyaclarını müəyyən bir "reys’"ə qoyum. Bunun üçün mənə əvvəlkindən daha çox enerji lazımdır.
Tanınmış aparıcı həyat mübarizəsini isə bu sözlərlə tamamlayıb:
"Bir onu başa düşdüm ki, zaman bizim əleyhimizə işləyir. Bir ömür çərçivəsində məhdud zamanımız olur. O ömürdən daha səmərəli istifadə etmək lazımdır. Çalışmaq lazımdır. Həyat mübarizədirsə, nəyə görə mən bu mübarizəni dayandırım?

Qeyd edək ki, tanınmış telejurnalist uşaqlıqyolu xərçəngindən əziyyət çəkir.

Paylaş: