Elçin: "Azərbaycan ədəbiyyatı bu gün parlaq dövrünü yaşamır"
Tarix: 18-09-2019, 11:58




Xalq yazıçısı Elçinin APA-ya müsahibəsi
- Adətən, bu sualı müsahibənin ortasında və ya sonunda verirlər. Amma mən ənənəni pozub soruşmaq istəyirəm: Hazırda hansı əsər üzərində işləyirsiniz? Yəqin vəzifədən gedəndən sonra yazmağa daha çox vaxtınız qalır...
- Məsələ belədir ki, mən hardasa 40-50 ildir, eyni vaxtda yazıram. Hər səhər saat beşdən doqquzun yarısına qədər yalnız yazıçı Elçinə məxsus olan vaxtdır. Ondan sonra isə işə gedirəm, kitab oxuyuram, mətbuatı vərəqləyirəm. Cavan vaxtlarımdan ictimai işdə olmuşam, işləmişəm. Amma indi boş vaxtım çox olur, o da oxumağa, dostlarla görüşməyə, gəzməyə, teatra, konsertə getməyə daha çox imkan verir. Əlbəttə, bəzən gündüzlər də işləyirəm. Bir sözlə, yaradıcılıqla məşğul olmaq üçün indi mənim vaxtım daha artıqdır. Bilirsən, mənim ən böyük problemim həmişə vaxtla bağlı olub. İndi isə o vaxt var.
- Belə başa düşdüm ki, vəzifədən getməyinizə sevinirsiniz.
- Sevinmək yəqin o söz deyil, amma daxili bir rahatlıq var ki, artıq vaxt qazanmışam. Amma bu cavanlıq vaxtlarımda olsaydı, daha gözəl olardı. Ona görə mən həmişə demişəm, yenə təkrar edirəm, yazıçı harada işləməsindən asılı olmayaraq, ilk növbədə, yazıçı olmalıdır. Rəhmətlik İlyas Əfəndiyevin ən böyük kabineti evindəki yazı otağı, ən böyük masası isə evindəki yazı mizi idi. Vəssalam, bundan başqa heç bir vəzifəsi yox idi. Amma mənim taleyim belə gətirdi ki, həmişə ictimai işlərdə, dövlət işlərində oldum.
- Bu baxımdan atanızı qısqanmısınız?
- Qısqanmaq deməzdim, sadəcə, o mənim üçün belə bir nümunə olub ki, yazıçı gərək bu cür yaşasın. Ancaq dünyada mənim kimi daim işləyib və yazan yazıçılar da çox olub. Müharibədən sonrakı dövr fransız ədəbiyyatına baxın: Andre Morua, Moriak kimi yazıçılar, başqaları nazir olublar, De Qolla əməkdaşlıq ediblər və s. Ədəbiyyat tarixinə nəzər salsanız, çox nümunələrlə rastlaşmaq olar.
- Elçin müəllim, bəs hazırda nə yazırsınız?
- Bitmiş əsərlərdən söhbət gedirsə, “Stalin” adlı pyes yazdım. Bunun haqqında gərək bir qədər ətraflı danışım. Ömrümün böyük bir hissəsi Sovet İttifaqında keçib. Sovet İttifaqı yaxşısı, pisi ilə birlikdə unikal ölkə olub. Bu ölkənin yaranması və sonra da şərəfsizcəsinə süqutu tarixi hadisə idi. Mənə maraqlıdır görüm, o vaxt mən hansı ölkədə yaşamışam, bu, nə cür ölkə olub? Biz kimlərin rəhbərliyi altında yaşamışıq? Bu baxımdan son illərdə oxuduğum kitablar arasında da bədii əsərlər azdır, əsas etibarı ilə memuarlar, o dövrdəki rəhbərlərin - Leninin, Stalinin, Trotskinin, Yaqodanın, Yejovun, Beriyanın, Xruşşovun, Bağırovun, Jdanovun, başqalarının haqqındakı yazılar, onların öz xatirələri, Politbüronun iclaslarının stenoqramları, xarici sovetşünasların yazdıqları, repressiya sənədləri və s.-dir. Bu düşüncələrin nəticəsi olaraq özüm üçün də gözlənilmədən Stalin haqında pyes yazdım. Pyesi Rus Dram Teatrı qəbul edib. Tamaşaya hazırlayırlar, yəqin bu ilin sonuna qədər səhnəyə qoyular. Ondan başqa, bir pyes də yazmışam. Bəlkə onu da teatra təqdim etdim. Ümumiyyətlə, mənim bir sıra pyesim var ki, teatrlara verməmişəm. Elə pyesim var ki, 15-20 ildir, yazmışam, amma üzə çıxarmamışam.
- Səbəb nədir?
- Belə hesab edirəm ki, vaxtı yetişməyib. Elə bilirəm ki, yazıçının var-dövləti onun yazı masasının yeşiyindəki çap olunmamış əsərlərdir. Mənim də bu cür yazılarım var. Bəzilərini dostlara vermişəm oxuyublar, amma ictimaiyyətə təqdim etməmişəm. Mənim bir ailə haqqında romanım var. Böyük romandır. Neçə illərdir yazılıb, demək olar ki, hazırdır.
- Vaxtilə demişdiniz ki, tarixçəsi bütöv bir əsri əhatə edən ailə romanı yazmaq niyyətindəsiniz. Bu həmin romandır?
- Demişəm? Yadımda deyil. Bəli, həmin romandır.
- Bəs niyə çap etmirsiniz?
- Əvvəla, həcm etibarı ilə çox böyükdür, həm də düşünürəm ki, bəlkə nə vaxtsa yenidən ona qayıtdım. Böyük bir esse üzərində işi bitirirəm, bəlkə mətbuata verdim, bəlkə vermədim, hələ bilmirəm, “Azərbaycan xalq mahnılarında erotika” adlanır. Təzə hekayələr var. Lap bu günlərdə Qaldoninin “Hiyləgər dul qadın” komediyasını tərcümə etmişəm, Banin haqqında bir yazı yazmışam. Bax, müxtəsəri, bu cür.
- Ədəbiyyatın müxtəlif janrlarında əsər yazmısınız: roman, hekayə, pyes, esse... Deyə bilərsinizmi, Sizdə ən çox hansı alınıb? Özünüzü romançı, hekayəçi, dramaturq, yoxsa esseist hesab edirsiniz?
- Roman yazanda özümü romançı kimi, hekayə yazanda hekayəçi kimi, tənqidi məqalə yazanda tənqidçi kimi hiss edirəm. Başqa cür necə ola bilər? Bilirsən, mən ilk növbədə yazıçıyam. Bunu dedim, bir hadisə yadıma düşdü. O vaxt “525-ci qəzet"də müsahibəm çıxmışdı. Müsahibənin içində belə bir cümlə var idi ki, harada işləməyimdən asılı olmayaraq mən ilk növbədə yazıçıyam. Qəzet də bunu manşetə çıxarmışdı. Rəhmətlik Heydər Əliyev məqalə çıxan günün səhəri bir sıra məsələlərlə əlaqədar zəng eləmişdi. Söhbət əsnasında dedi ki, müsahibəni oxudum, xoşuma gəldi, bir nəfər gəlmişdi, qəzeti stolun üstünə qoyub dedi ki, cənab Prezident, baxın, Elçin bu cür məsul vəzifədədir, amma deyir mən ilk növbədə yazıçıyam. Heydər Əliyev o bir nəfərin adını çəkmədi, amma mən təxminən bildim kimi deyib, çünki mən bütün ətrafı tanıyıram, kim kimdir, kim nə deyər, nə deməz. Heydər Əliyev ona cavab verib ki, Elçin nə desin, desin mən ilk növbədə yazıçı deyiləm? Bax belə bir söhbət olmuşdu, indi sən deyəndə yadıma düşdü. Ümumiyyətlə, sənə bir şey deyim: 60-cılar nəslinin özlərini bir yazıçı kimi təsdiq etməsində Heydər Əliyevin müstəsna rolu olub. Bu həqiqətdir. 60-cıların ən çox çap olunduğu, nüfuz qazandığı illər 70-ci illər, 80-ci illərin əvvəlidir. O dövr ki, Heydər Əliyev respublikaya rəhbərlik edirdi. Onun bizə olan münasibətini hiss edirdik, yalnız biz yox, bizi istəməyənlər də, qısqananlar da bunu hiss edirdilər. Mən bilirdim ki, nə yazıramsa, Heydər Əliyev oxuyacaq, çətinə düşəndə sözünü deyəcək, eyni şeyi Anar da, Əkrəm də, başqaları da bilirdilər. Sadəcə, kimsə bunu deyir, kimsə də unutqanlıq edir. Unutqanlıq isə yaxşı şey deyil.
- Sizin AYB-yə katib gəlməyinizin maraqlı tarixçəsi var. İmran Qasımov Sizi katib gətirmək istəyib, yaşlı yazıçılar imkan verməyiblər. Heydər Əliyevsə deyib ki, AYB yenilənməli, gəncləşməlidir. Sizcə AYB-nin yenidən gəncləşməsinə ehtiyac yoxdurmu? Mən sədr səviyyəsində deyirəm.
- Nəinki mənim, Əkrəm Əylislinin də “Azərbaycan” jurnalına baş redaktor gəlməsində Heydər Əliyevin rolu olub. İndi Əkrəm hər yerdə deyir ki, jurnalda onu elə elədim, bunu belə elədim. Əkrəm bunu təkbaşına edə bilməzdi. Heydər Əliyevin, Yazıçılar İttifaqının müdafiəsi olmasaydı, bu işləri görə bilməzdi.
- Yeri gəlmişkən, bir zamanlar bu üçlüyün adı bir çəkilərdi: Anar, Elçin, Əkrəm Əylisli. Anarla Əkrəm Əylislinin münasibətləri məlumdur. Bəs, Sizin onlarla münasibətiniz necədir?
- Bizim Anarla da, Əkrəm Əylisli ilə də münasibətlərimizin 55 illik tarixi var. Anarla dostluğumuz 55 il əvvəl necə idisə, elə o cür də davam edir. Ola bilsin, 30-40 il əvvəlki kimi tez-tez görüşüb-danışmırıq, ancaq həmən münasibət qalır. Hərdən zəngləşirik, görüşüb ikilikdə nahar da edirik. Yəni münasibətlərimizdə heç bir problem yoxdur, övladlarımız da dostluq edirlər. Əkrəm Əyisli ilə isə çox təəssüflər olsun ki, bu münasibət çox soyuyub. Mən axırıncı dəfə Əkrəmlə nə vaxt görüşmüşəm, yadıma gəlmir.
- Səbəb nə olub?
- Bu barədə yəqin Əkrəmin öz mülahizələri var. Mənim fikrimcə isə səbəb Əkrəmin xasiyyətindədir. Əkrəmlə Anarın münasibətlərinin gərginləşməsini Anar ictimailəşdirmədi, Əkrəm yazdı, danışdı, Anar da ona cavab verdi. Mənim aləmimdə Əkrəmin xasiyyəti çox təzadlıdır. Onun xoşuma gələn və gəlməyən cəhətləri çoxdur. Ədəbiyyatla bağlı Əkrəmin yaxşı zövqü var. Əkrəm heç vaxt pis əsərə yaxşı deməyib, deməz də. Onun mənəvi diqtəsi imkan vermir ki, pis əsərə yaxşı desin. Amma Əkrəm eyni zamanda yaxşı əsərə yaxşı deməyə də çətinlik çəkir. Bilirsən, dostluq nədir? Elə bil, sən piramidanın bu üzündəsən, o da o biri üzündə, illər sizi get-gedə tükənən yuxarıya doğru qaldırır, gəlib çıxırsan o yerə ki, orada qırmızı xətt var. O xətti keçmək olmaz. O xətti keçdinsə, artıq dostluq keçmişin xatirəsinə çevrilir. Mənə elə gəlir ki, Əkrəm Anarla münasibətdə o qırmızı xətti keçdi. Mən buna çox təəssüf edirəm. Çünki Anar hansı məhəbbətlə Əkrəmə münasibət bəsləyirdi, ona ərkyana “Əkibala” deyirdi, Əkrəm də hansı məhəbbətlə Anara münasibət bəsləyirdi, ona ərkyana “Anari” deyirdi, bunlar mənim yaxşı yadımdadır. Çox təəssüf.
- Əkrəm Əylisli Anarı şəxsi münasibətlərə görə yox, sırf Yazıçılar Birliyinə görə tənqid edib və son müsahibəsində də deyir ki, yaradıcı birliyə 32 il rəhbər olmaq düzgün deyil. Mən istəyirəm Siz deyəsiniz, yaradıcı birliyə 32 il rəhbər olmaq doğrudur?
- Heç bir nizamnamədə yaşla bağlı məhdudiyyət yoxdur. Elədir?
- Bəli.
- Mən bu yaxında mətbuatdan oxudum ki, üç gənc yazıçı Yazıçılar Birliyinin sədrliyinə namizədliyini vermək istəyir. Bu məni çox sevindirir. Mən o cavanları şəxsən tanımıram. Amma xoşuma gəlir. Cavan adamlardır, özlərini təsdiq etmək istəyirlər. Bunlara elə gəlir ki, sədr ola bilərlər. Niyə də olmasınlar? Yaxud da lap sədr olmayacaqlarını bilsələr də, protest əlaməti olaraq öz namizədliklərini irəli sürürlər. Burda heç bir pis iş görmürəm. Ancaq o biri tərəfdən Anarın da öz namizədliyini yenidən vermək hüququ var. Elə deyil? Əgər o, bu işi davam etdirmək istəyirsə, öz namizədliyini verirsə, burda da heç bir qəbahət yoxdur.
- Bəs yazıçı Elçin dostu Anar haqqında nə düşünür? Bir dost kimi onun 32 il sədr olmağına necə baxır?
- Mənim üçün vacib cəhət Anarın öz istəyidir. Sən Mirmehdi əgər bir nəfərlə 55 il dostluq edirsənsə, o bir nəfər öz namizədliyini verirsə, o bir nəfər fikirləşirsə ki, öz işlərini davam etdirməlidir, onda bu istək varsa, öz enerjisinə güvənirsə, sən ona səs verərsən, yoxsa verməzsən?
- Siz bu cür düşünürsünüz ki, səs verərsiniz, amma Əkrəm Əylisli başqa cür düşünür. Deyir ki, Anarın rəhbərliyi dövründə AYB inkişaf etmək yerinə geri getdi. Bu cür təzad var.
- Dostumuz Əkrəm Yazıçılar Birliyində katib idi, mübarizə edib irəli aparaydı də, niyə gedirdi? Əgər Anar AYB sədrliyini davam etdirmək istəyirsə, mən bunu o mənada başa düşürəm ki, öz planlarını həyata keçirmək, davam etdirmək istəyir. O zaman Anar nə üçün namizədliyini verməsin? Həm də Anar axı o kürsünü zəbt etməyib. Namizədliyi verilib, qurultayda seçilib.
- Siz 32 il AYB-yə sədr olardınız?
- Mən bilmirəm, sədr olardım, ya olmazdım. Mən başqayam, Anar başqadır. Hər bir insanın öz daxili dünyası, öz xarakteri var. Sən niyə qəbul etmirsən ki, mənim dediyimdə də həqiqət var? Əgər onun istəyi varsa, daxilində potensiya hiss edirsə, hansısa planları həyata tətbiq etmək istəyirsə, qoy namizədliyini versin. Niyə verməsin? Eyni zamanda başqa yazıçılar da qurultayda öz namizədliklərini versinlər, altenativlər olsun. Arxada gedib danışmaqdansa, dedi-qodu ilə məşğul olmaqdan, qeybət etməkdənsə, sözlərini, rəhmətlik Əli Vəliyev demişkən, “düzünəqulu” desinlər.
- Belə başa düşdüm ki, Anar növbəti qurultayda namizədliyini irəli sürsə, Siz ona səs verəcəksiniz.
- Mirmehdi, mən sənə sual verirəm. Mənə ya “hə”, ya da “yox” cavabı ver. 55 illik dostluq elədiyin adam namizədliyini versə, sən ona səs verərsən, yoxsa verməzsən?
- Yox, vermərəm.
- Sən Mirmehdi belə fikirləşirsən, ancaq Elçin də fikirləşir ki, səs verər.
- Mən bayaq Heydər Əliyev məsələsini nahaq yada salmadım. AYB-nin o vaxt gəncləşməyə ehtiyacı vardı və Heydər Əliyevin təkidi ilə bu baş verdi. Siz katib gəldiniz, özü də səhv etmirəmsə, 30 yaşlarında.
- Bəli. 31 yaşım var idi. Bütün dövrlərdə və bütün təşkilatlarda gəncləşməyə ehtiyac var. Gəncləşməyə ehtiyac olmasa, həyat durar. Amma bu gənc olmayanlara nifrətin hesabına baş verməməlidir. Onda bu mənəviyyatın pozulmasına gətirib çıxarar. Bizim ədəbi mühitdə mədəniyyət çox axsayır. Çox ciddi şəkildə hörmətsizlik baş alıb gedir. Mən mətbuata baxıram. Ajiotaj yaradırlar ki, AYB-da sədr kim olacaq? Ümumiyyətlə, Azərbaycandakı vəzifə ajiotajına heç yerdə rast gəlməmişəm. Kimi çıxarırlar, kimi qoyurlar!.. Eləcə də AYB-də. Heç kim demir ki, Yazıçılar Birliyi ədəbi prosesə daha yaxından müdaxilə eləsin, daha artıq dərəcədə ədəbi disputlar keçirsin, ədəbiyyatın problemləri ilə daha intensiv məşğul olsun. Heç kimin iddiasında ədəbiyyat təəssübkeşliyi hiss olunmur. Hamı yapışıb ki, Anar sədr olsun, ya olmasın...
- Yazıçılar Birliyinin fəaliyyəti Sizi qane edirmi?
- Mən sənə istəyimi deyə bilərəm. Mən istəyərəm ki, Yazıçılar Birliyi ədəbiyyatın problemləri ilə daha aktiv surətdə məşğul olsun. Mən demirəm ki, Yazıçılar Birliyinin heç bir qüsuru yoxdur. Mən bu fikirləri Anara da deyirəm. Bu dəqiqə bədii əsər adına maklatura baş alıb gedir. Maklatura özü səviyyəsində “tənqidin” heyranlığı ilə ədəbi prosesə daxil olur. Aydın məsələdir ki, Yazıçılar Birliyində ədəbiyyat yaranmır. Amma Yazıçılar Birliyinin ədəbiyyatının təəssübünü daha aktiv surətdə çəkməsinə ehtiyac var. Mənim arzum da, istəyim də budur, həmişə də bu barədə yazmışam.
- Elçin müəllim, AYB polemikasının davamı kimi soruşuram, Azərbaycan ədəbiyyatı niyə dünyaya çıxa bilmir? Mən Sizi və Sizin nəsildaşlarınızı nəzərdə tutmuram. Gənc nəsildən bəhs edirəm, 30-40 yaş arası yazıçıları deyirəm. Dünya ədəbiyyatı müstəvisinə çıxacaq əsərlər yazılmır, ya xaricdə nəşr olunmaq üçün mexanizmimiz yoxdur?
- Bunu Yazıçılar Birliyindən ummağın mənası və əhəmiyyəti yoxdur. Bu, onun işi deyil. Məgər Sovet dövründə Yazıçılar İttifaqı bizim əsərləri çap etdirirdi? Belə şey olmayıb. Xariclə əlaqələr yaratmaq başqa məsələdir, kiminsə əsərini xaricdə çap etdirmək isə tamam başqa məsələdir. Yazıçılar Birliyi İngiltərədə, ya Fransada hansı nəşriyyata təzyiq edə bilər ki, filankəsin əsərini çap et? Burda birinci istedad rol oynayır. İkinci dil məsələsidir. Mənim xaricdə xeyli kitabım çap olunub. Onların 95 faizi rus dilindən tərcümə edilib, Azərbaycan dilindən yox. Xaricdəkilər rus dilindən götürüb çeviriblər. Mənim heç bir kitabımın çapında nə əvvəl, nə də indi Azərbaycan Yazıçılar Birliyinin iştirakı, vasitəçiliyi olub. Güman edirəm ki, o biri yazıçılarla da elədir. Dil məsələsi çox vacibdir. Çox aktual tərcümə problemimiz var. Düzdür, İslandiya kimi kiçik bir ölkənin də dili geniş yayılmayıb, amma bax, onların Laksness kimi yazıçıları var. Mən onu XX əsər dünya ədəbiyyatının qüdrətli simalarından biri hesab edirəm. Azərbaycanda yaşayıb dünya ədəbiyyatına çıxmağın çox ciddi problemləri var. Bu mənada son illərin mühüm hadisələrindən biri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaranmasıdır. Tərcümə Mərkəzi yarandığı dövrdən gör nə qədər iş görüb. Xariclə əlaqələr saxlayır, kitabları tərcümə etdirir. “Xəzər” kimi şox lazımlı bir jurnal nəşr edir. Bu dediyim məsələlər bir-biri ilə çox bağlıdır. Bir şey də var, o da çox vacibdir. Bu da ədəbi bəxt məsələsidir. Türkiyənin özündə Orxan Pamuk Nobel mükafatı aldı. Mən hesab edirəm ki, Pamuk yaxşı yazıçılardan biridir. Onun “Məsumiyyət muzeyi” romanı mənim xoşuma gəldi. Düzdür, 500 səhifəlik romanı sıxıb 100 səhifəlik də etmək olardı. Mənə elə gəlir ki, o əsərdə “su” çoxdur, amma fikrin özü, mövzu, stil uğurludur. Orxan Pamukun Nobel mükafatı almağı yalnız Türkiyə üçün yox, bizim üçün də yaxşı hadisə oldu. Mən buna sevindim, onu təbrik etdim. Amma bax, bu həmin Türkiyədir ki, orda Yaşal Kamal da vardı. Yaşar Kamal illər boyu Nobelə namizəd olsa da, ala bilmədi. Əziz Nesinin özü. Əziz Nesin mənim aləmimdə çox gözəl hekayəçidir, ondan daha da artıq bir dramaturqdur. Ancaq dramaturq kimi Əziz Nesin Avropada görünmədi. Yaxud müharibədən sonrakı türk ədəbiyyatında ən güclü yazıçılardan biri Orxan Kamalı hesab edirəm. Onun “Suçlu” romanı XX əsr dünya ədəbiyyatında yaxşı romanlardan biridir. Elə Nazim Hikmət! Bu yazıçılar hamısı Nobeldən kənardan qaldılar. Nəyə görə? Burda bir ədəbi bəxt amili də var. Mən bu barədə 30 il qabaqlar da yazmışam ki, İsa Hüseynovun “Teleqram” və başqa əsərləri Çingiz Aytmatovun ilk yazdığı “Cəmilə” və başqa povestlərindən daha güclü idi. Çingiz öz yaradıcılığını get-gedə genişləndirdi, eyni zamanda yaxşı mənada taleyin bəxt quşu da onun çiyninə qondu. Lui Araqon “Cəmilə” əsərini oxudu, təriflədi, bundan sonra Çingiz Aytmatov məşhurlaşdı, 35 yaşında Lenin mükafatı aldı. Onun “Gün var əsrə bərabər” romanı dünya ədəbiyyatında güclü romanlarından biridir. Düzdür, sonra yazdığı romanlar o qədər də xoşuma gəlmədi, ancaq “Gün var əsrə bərabər” böyük ədəbiyyat nümunəsidir. Amma nooldu? Bəxt quşu birdən-birə büdrədi, ya başqa yerə uçub getdi deyə, Çingiz layiq olduğu Nobeli almadı. Mən hiss edirdim ki, o özü bunun pərtliyini yaşayır. Axırıncı dəfə Çingiz Aytmatovla Tatarıstanın sabiq prezidenti Mintemer Şaymiyevin yubileyində görüşdüm. Ziyafətdə Çingizlə bir stolun arxasında oturmuşduq, Nobeldən söz düşəndə hiss elədim ki, küskünlüyü var.
- Son illər dünya ədəbiyyatını izləyirsiniz? Mən bir neçə imza deyim: Salman Rüşdü, Culian Barns, Kazuo İşuquro, Pol Oster...
- Deyim ki, Salman Rüşdidən heç nə oxumamışam. Amma Barnsın “Floberin tutuquşusu” əsərini oxumuşam. Bayaq dediyim kimi, son dörd-beş ildə oxuduqlarımın əsas hissəsi bədii ədəbiyyat deyil.
- Bir çoxu “Ölüm hökmü”nü yaradıcılığınızın zirvəsi hesab edir. Siz necə düşünürsünüz?
- Sən nə düşünürsən?
- Mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının 5 ən yaxşı  romanından biridir.
- O biri romanlar hansılardır?
- “İdeal”, “Dəli Kür”, “Qətl günü”... Sonuncu ilə müqayisə eləsək, mənim üçün “Ölüm hökmü”...
- Sən elə də, niyə müqayisədən çəkinirsən, məndən tələb edirsən, amma özün çəkinirsən.
- “Ölüm hökmü” “Qətl günü”ndən daha güclüdür.
- “Ölüm hökmü” haqqında nə fikirləşə bilərəm? Mən sənə onun yazı prosesindən danışa bilərəm. Ümumiyyətlə 60-cılar Sovet ideologiyasının qanının qaynamadığı bir nəsil idi. Mən “Ölüm hökmü” romanını yazanda özüm üçün qəti əmin oldum ki, bunun Sovet İttifaqında çapı mümkün olmayacaq. Necə düşünürdüm, o cür də yazdım, azacıq da olsa, kompromissiz. Bayaq ki, bəxt quşundan danışırdıq, o quş mənim çiynimə qondu və “perestroyka” dediyimiz o dövr başladı, mən bu əsəri bitirdim. Gərək ki, 88-ci ildə çap olundu.
- Siz bunu yazan zaman “Qətl günü” artıq çıxmışdı.
- Ola bilər. Dəqiq yadımda deyil.
- Hər iki əsərin ad, mövzu oxşarlığı var, təxminən eyni dövrdə yazılıb. Siz “Qətl günü” çap olunandan sonra bu mövzuda yazmaq istədiniz, yoxsa əvvəldən “Ölüm hökmü”nün ideyası var idi?
- Ad oxşarlığının nə dəxli var? Güman edirəm ki, onlar tamam başqa-başqa əsərlərdir. Məğzi, cövhəri tamam başqadır, həm stilistik nöqteyi-nəzərindən, həm də Firudin bəy Köçərli demişkən, “təhkeyi-kəlam” etibarı ilə tamam fərqli əsərlərdir.
- Elçin müəllim, “Baş”da Hüseynqulu xan qəfildən şeir yazmaq eşqinə düşür. Əksər romançıların da şeir təcrübəsi var. Heç şeir yazmısınız?
- Mirmehdi, bu gələcəyin söhbətidir. Bunu sonra səninlə ikilikdə danışarıq.
- Bayaq Pamukun adını çəkdiniz. Pamuk əksər müsahibələrində, elə son müsahibəsində də demək olar, yalnız Türkiyənin ictimai-siyasi həyatından danışır. Bəs Sizi bizim dövlətdə, cəmiyyətdə narahat edən məsələlər hansılardır?
- Məni bütün Azərbaycan vətəndaşları kimi narahat edən ən mühüm problem ərazi bütövlüyü - Qarabağ məsələsidir. Məni son dərəcə narahat edən, bəzən aparıb ümidsizliyə belə çıxaran dünyanı idarə edən ikili standartlardır. Yazıçı kimi isə məni narahat edən çox ciddi məsələlərdən biri bizim ədəbi prosesdəki mədəniyyət çatışmazlığı, bəzən hətta tərbiyəsizlikdir. 
- Bir dəfə müsahibənizdə demişdiniz ki, indiki dövrdə 60-cı illərdə olduğu kimi sanballı əsərlər yazılmır. Sizcə səbəbi nədir? Mənim fikrimcə indiki dövrdə Sizin dövrdə olduğu kimi rahat şərait yoxdur, nə yaranırsa da, böyük məhrumiyyətlər, fədakarlıqlar hesabına ərsəyə gəlir.
- Mən sənin bu fikrini tamamilə yanlış hesab edirəm. Söhbət tək Sovet dövründən getmir. Ədəbiyyatın tarixi göstərir ki, böyük ədəbiyyat həmişə çətinliklər hesabına yaranıb. Bir tərəfdə Lev Tolstoy olub, Lev Tolsyotun çətinlikləri mənəvi çətinliklərdir. Amma o biri tərəfdə Balzak olub, borclu olduğu adamların əlindən qaçıb gizlənirdi. Bu cür nümunə çoxdur. Ədəbiyyatın yaranmağı şəraitə baxmır. Şəraitin çox ciddi rolu var, amma şərait heç zaman böyük istedadın qabağını kəsə bilməz, tale kəsə bilər, şərait yox. Ədəbiyyat canlı orqanizmdir. Ədəbiyyatın xəstələnən vaxtı da var, sağlam vaxtı da var. Ədəbiyyatın da okeanlar kimi qabarma, çəkilmə dövrləri olur. Tək 60-cılarla bağlı demirəm, ümumiyyətlə, ədəbiyyatın xarakteri belədir.
- Sizin təbirinizlə desək, indi ədəbiyyatımızın xəstə dövrüdür?
- Gəl xəstə və ya sağlam ifadələrini işlətməyək, amma Azərbaycan ədəbiyyatının indiki dövrü hələ ki, parlaq deyil. Bugünkü Azərbaycan ədəbiyyatı küll halında parlaq dövrünü yaşamır.
- Bəs ədəbiyyatımızın gələcəyi barədə nə düşünürsünüz?
- Bu okeanın çəkilmə vaxtı varsa, qabarma vaxtı da var.
- Sovet İttifaqı yazıçılar üçün hər cür şərait yaratmışdı, bir kitabın qonorarına maşın ala bilirdiniz, Sizi ezamiyyətə, kurorta göndərirdilər. Yazmaq üçün hər cür şəraitiniz vardı, onun üçün Sizin dediyiniz parlaqlıq da vardı.
- Mən sənə bunun müqabilində başqa cəhəti deyim. O şərait Sovet dövrünün böyük ədəbiyyat generallarını yaratmışdı. Sənin dediyin, Sovet ideologiyasının yaratdığı şəraitin yetirdiyi yazıçıların arasında Safronov, Babayevski, Qribaçov və başqaları var idi. 40-50-ci illərdə ən böyük dramaturq Korneyçuk hesab olunurdu. Hanı indi onlar? Əgər o şərait ədəbiyyatı yaradıbsa, indi o yazıçılar hardadır? Hamısı unuduldu. Deməyim odur ki, əsərlərin yazılmasını, istedadın parlamasını ancaq dövlətin yaratdığı şəraitlə əlaqələndirmək düzgün deyil.
- Belə çıxır, yazıçılar gərək problemi özlərində axtarsınlar?
- Bütün dövrlərdə yazıçılar gərək yazı-pozu problemlərini özlərində axtarsınlar. Qəti hökm vermək düzgün deyil. Hər şey nisbidir. Dünyada nisbi olmayan heç nə yoxdur.
- Belə fikir də geniş yayılıb ki, sovet dövrü yazıçıları şişirdilmiş yazıçılardır. Bu fikir Sizin haqqınızda da deyilib.
- XIX əsrdə Azərbaycan ədəbiyyatının yaranması üçün şərait vardı?
- Yox.
- Bəs niyə Axundov yarandı? XX əsrin əvvəllərində Azərbaycanda ədəbiyyatı üçün şərait vardı? Yox! Bəs niyə Mirzə Cəlil yarandı, niyə Sabir yarandı, niyə Hadi yarandı? Mən sənə bayaq dedim, sovet dövründəki o şəraitdən Şoloxov da bəhrələndi, Babayevski də. “Sakit Don” mənim aləmimdə dünya ədəbiyyatının ən güclü romanlarından biridir. Yazıq Babayevski isə Stalin mükafatlarını da özü ilə birlikdə apardı. Sən mənim fikrimlə razısan, yoxsa yox?
- Mən düşünürəm ki, yazmaq istəyən hər cür şəraitdə yazacaq. Münbit şəraitin olması isə prosesi sürətləndirir.
- Əlbəttə, şəraitin yaxşı olmağını kim istəmir, bu aydın məsələdir. Mənim haqqımda deyilənlərə gəldikdə isə, o cür yazılar mənim üçün həqiqi mənada çox mənasızdır. Mən öz qiymətimi çox gözəl bilirəm; qiymətimi də bilirəm, çatışmazlığımı da... Ona görə də o cür yazılar rastıma çıxanda gözdən keçirib, təyinatı üzrə zibil qabına göndərirəm. Biri var, tənqid edib deyəsən bu yazıçı şişirdilmişdir, filan əsəri zəifdir, ancaq yüksək qiymət veriblər. Ancaq bu cür tənqid yoxdur axı. Əvəzində nə deyirlər: “Elçin teatrları monopoliyaya götürüb”. Get mənim əsərimi səhnəyə qoyan teatrların rəhbərlərindən soruş, birinə Elçin təzyiq edib? Mənim xasiyyətim elədir ki, bir əsəri on nəfərə oxutmasam, onların fikrini öyrənməsəm, özüm üçün qət etməsəm ki, o əsər yaxşıdır, teatra da, mətbuata da, nəşriyyata da təqdim etmərəm.
- Azərbaycan reallığında biz bilirik ki, Siz onu istəməsəniz belə, məmura yanaşma necədir. Heç olmasa bu gərçəyi qəbul edin.
- Mirmehdi, indiki kontekstdə sən yanılırsan. Çünki Brodveydə mənim pyesim tamaşaya qoyulub. Səncə Brodveydə işləyən yazıçı üçün Azərbaycandakı hansısa yüksək rütbəli məmurun əhəmiyyəti var?
- Yox.
- Vəssalam. Bu tamamilə avam söhbətdir. Mənim xəbərim olmadan bir ingilis bəstəkarı Londonda “Cəhənnəm sakinləri” tamaşama baxıb onun əsasında müzikl yazıb. O müzikl Cənubi Koreyada, məşhur Seul Opera və Balet Teatrında tamaşaya qoyuldu, vaxt tapıb premyerasına da gedə bilmədim. Bunun Azərbaycanda yüksək səviyyəli bir məmur olmağa dəxli var? Yox. Əksinə, onlar eşidəndə ki, yazıçı dövlət işində işləyir, xoşlarına gəlmir.
- Elçin müəllim, Llosaya belə sual verirlər ki, yüz ildən sonra hansı romanınız qalacaq? O da cavab verir ki, “Kilsədə söhbət”, eyni suala Pamuk “Qara kitab” cavabını verir. Bəs 100 il sonra Sizin hansı əsəriniz qalacaq? 
- Nə bilim, ay Mirmehdi (gülür).
- Daha çox hansı əsərinizə güvənirsiniz?
- Dörd romanım var, bilirsən. Güvənməyinə hamısına güvənirəm. Ancaq yüz ildən sonra hansı yaşayacaq, olacaq-olmayacaq, mən o barədə nə deyə bilərəm? İstəyərəm hamısı olsun. Ancaq bu, mənim istəyimdən asılı deyil. Heç bilmirəm 100 il sonra mənim əsərim yada düşəcək, ya düşməyəcək, oxunacaq, ya oxunmayacaq. O barədə bir şey deyə bilmərəm. Ümumiyyətlə, 100 ildən sonra ədəbiyyatın indiki forması qalacaq-qalmayacaq, bu da mənə məlum deyil. Bu barədə mənim daxilimdə bədbin əhval-ruhiyyə yaranır. Mənim evimdə kitab əlindən tərpənmək olmur. O kitabların hamısını bir-bir tanıyıram. Məndə elə təəssürat var ki, o kitablar da məni tanıyır. Ancaq indi kitabın klassik forması dəyişir. Eləcə də ədəbiyyatın özü də dəyişir. Mən dəyişikliyi başa düşürəm, labüddür. Amma bu fikirdəyəm, o vaxt ki, ədəbiyyatın son nöqtəsi qoyulacaq, missiyası bitəcək, onda artıq bəşəriyyətin də sonu olacaq.

Paylaş: