Bu gün SSRİ Xalq artisti Ədil İsgəndərovun anım günüdür
Tarix: 18-09-2019, 10:27




Sentyabrın 18-i Azərbaycan musiqi sənətində böyük, qüdrətli, bayram günüdür. Bu gün Dahi Üzeyir bəyin anadan olduğu gün, Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Bu gün həm də Azərbaycan teatrının və kinosunun nəhəng siması, SSRİ Xalq artisti Ədil İsgəndərovun anım günüdür. 41 il əvvəl məhz bu gün böyük Ədil İsgəndərov vəfat edib.
Hər il olduğu kimi bu gün də Ədil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərov atası qədər çox sevdiyi əmisinin məzarını ziyarət edəcək, ruhuna dua oxuyub, "Ədil əminin dedikləri Quran ayəsi kimi düz imiş. Hamısı bir-bir çin oldu. O, kişi nə deyirdisə doğru idi" deyəcək və köks ötürərək evə qayıdacaq.
Ötən il Ədil İsgəndərovun vəfatının 40 ili tamam oldu. Amma məzarı başında bir-iki tələbəsi, Elxan İsgəndərov və qızı Dilarə xanımdan başqa heç kim görünmədi. Yəqin bu gün də eyni mənzərə təkrar olunacaq. İllər ötdükcə dahilərimizi unuduruq. Bu böyük kişilərin Azərbaycan mədəniyyəti, teatrı, ədəbiyyatı, kinosu üçün etdikləri əvəzsiz xidmətləri görməzdən, duymazdan gəlirik.
Ədil İsgəndərov kimi nəhəng insanlar təkcə dünyaya gəldikləri və dünyadan köçdükləri gün deyil, hər gün, hər saat anılmalı, yad edilməlidir.
Üzünü görməsəm də illərdir ürəyimdə xüsusi yeri olan, Elxan müəllimin söhbətlərindən, Dilarə xanımın xatirələrindən dinlədiyim və çox sevdiyim Böyük insan, Dahi rejissor - ruhunuz şad, məkanınız cənnət olsun!

Paylaş: