Bakıda doğulan məşhur rejissorun yubileyidir
Tarix: 17-09-2019, 10:32




Sentyabrın 17-si RSFSR Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, "Oskar" kino mükafatının sahibi Vladimir Menşovun 80 illik yubileyidir.
Open.az xəbər verir ki, ömrünün doqquzuncu onilliyinə qədəm qoyan bakılı rejissor yubileyini ailəsi ilə birlikdə keçirəcəyini, təmtəraqlı doğum günü etməyəcəyini bildirib.
1939-cu ildə Bakıda anadan olan Vladimir Menşovdan "Bakı haqqında bir film çəkmək istərdinizmi?" deyə soruşduqda o, "Mənim 50 yox, 80 yaşım var. Təbii ki, Bakı, Paris, Moskva haqqında xüsusi filmlər çəkmək istəyərdim. Amma yaşım və gücüm daha o qədər deyil...Hazırda VGİK-in 100 illiyinə həsr olunmuş sənədli film üzərində çalışıram" deyib.
Film çəkmək üçün uzun zaman maliyyə problemləri ilə rastlaşdığını deyən rejissor əlavə edib ki, təkcə bir arzusu var. Koreya müharibəsinə həsr olunan film çəkmək.
Xatırladaq ki, Vladimir Menşov kinoda 100-dən çox obraz ifa edib. Onun rejissor kimi ekranlaşdırdığı filmlər isə keçmiş SSRİ məkanında olduğu qədər, dünyada da məşhurdur. "Moskva göz yaşlarına inanmır", "Məhəbbət və göyərçinlər", "Şirli-mırli" və digər filmləri geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.
Həyat yoldaşı və qızı da aktrisa olan görkəmli rejissor, 3 filmində baş rolu Rusiyanın Xalq artisti Vera Alentovaya həvalə edib. "Moskva göz yaşlarına inanmır" iki seriyalı bədii film 1981-ci ildə "Oskar"ın "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib olub.
Vladimir Menşovun qızı Yuliya Menşova aktrisa olmaqla yanaşı, həm də aparıcıdır.

Paylaş: