"Niyə peşəkar musiqiçilər bu kompozisiyanı bəyənmədi?"
Tarix: 17-09-2019, 10:23




Bu günlərdə Azərbaycan əsilli Sami Yusif Bakıda konsert layihəsi ilə çıxış etdi. Onun böyük Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası isə gündəmi zəbt etdi. Həmin kompozisiya 9 sentyabr tarixində Youtube portalına yerləşdiriləndən bu günə qədər 1 milyon 600 mindən çox baxış sayı qazanıb. Lakin bir qədər keçdikdən sonra peşəkar musiqiçilər, bəstəkarlar tərəfindən tənqidi fikirlər səslənməyə başladı.
Məsələn, bəstəkar-musiqişünas Firudin Allahverdi mahnıya bəsit yanaşıldığını bildirib: “Melodiyadan başlasaq, mahnının böyük bir hissəsində melodiya bir neçə notdan ibarətdir. Mahnının əvvəlində sözləri çıxartsaq (hansı ki, xor ”Məndə sığar iki cahan"la başlayır) diqqətlə fikir versəniz, görərsiniz ki, cəmi iki not var. Bu, musiqiyə, melodiyaya bir az bəsit yanaşmadır. Zatən sonrakı, nisbətən daha çox not istifadə olunan musiqi frazaları da xüsusi orijinallığa görə fərqlənmir.
Sonra gəlir harmoniya. Adətən deyirlər ki, Şərq musiqisində harmoniya lazım deyil. Amma ən azından Azərbaycan xalqı Üzeyir Hacıbəyovun timsalında artıq yüz ildən çoxdur ki, öz musiqisinə harmoniya, akkordlar tətbiq edə bilir. Bu baxımdan o mahnıda mən harmoniya eşitmədim. Akkordlar demək olar ki yox idi. Gördüyünüz bütün alətlər demək olar ki, eyni melodiyanı çalırdı. Fikir verin, oradakı alətlər sanki burunaltı mızıldanırlar. O qədər musiqiçi yığılıb ora, amma demək olar ki, heç nə ifa etmirlər. Bu israfdır. Yekun olaraq öz şəxsi fikrimi deyim ki, mən bu üç ölçünün heç birini həmin mahnıda görmədim. Mahnını şedevr hesab eləmək olmaz. Amma video görüntülərdən xoşum gəldi. Sadə zəhmətkeşlərin kütləvi şəkildə bəyənməsini də üstünə gəlsək, bu musiqi nümunəsini cəmiyyətimizin sifarişi hesab edə bilərik".
Hazırda Avropada yaşayan Azərbaycanın tanınmış bəstəkarı və kulturoloqu Elvin Mirzəyev də videomüsahibəsində Firudin Allehverdiyevin təhlili ilə razılşadığını bildirib: “Burada polifoniyadan bir əsər-əlamət yoxdur. Mənim üçün bu kompozisiya banal popdur. Ona görə də fikir bildirmək istəmirəm. Amma kompozisiyanın yubiley çərçivəsində olması mənə qəribə gəldi. Çünki vaxtilə Füzulinin yubileyində Cahangir Cahangirov məşhur ”Füzuli" kantatasını yazmışdı. Bu əsər çox möhtəşəm yazılmışdı. Görünür, zamanın tələbidir. Zaman maksimal primitiv olmağı tələb edir".
Elmir Mirzəyev kompozisiyada instrumental alətlərin səslənməsini də bəyənmədiyini deyib: “Orada tar, kamança, saz çalınır, amma bir səs eşidilmir. Əgər bu polifonik deyilsə, niyə bu qədər adamı ifa üçün ora yığıblar?”
Təkcə peşəkar musiqiçilər deyil, ictimaiyyətin tanınmış bir sıra nümayəndələri də adıçəkilən mahnını tənqid ediblər. O sırada həkim Vasif İsmayılov öz tənqidi fikirlərini sosial şəbəkədə bu cür bölüşüb: “Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim - vəssalam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər. Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni - ən sadə melodiyanı aranjimanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir. Amma burada heç bir aranjiman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Haradasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən”. Vasif İsmayılov mahnını tamamilə “xaltura” adlandırıb.
Maraqlıdır, bəs Sami Yusifin İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiyada nə çatmır? Niyə peşəkar musiqiçilər bu kompozisiyanı bəyənmədi?

Bəstəkar Zemfira Qafarova: “Afət Fərmanqızının ifasından ki yaxşıdır”
Mövzu ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarovanın fikirlərini öyrənməyə çalışdıq. O, mövzuya bu cür münasibət bildirdi: “Sözün düzü, mahnı ilə tam yaxından tanış deyiləm. Yalnız ara-sıra televiziyada, sosial şəbəkələrdə qarşıma çıxdı, bir qədər dinlədim. Qeyd edim ki, burada təkcə İran deyil, həm də Azərbaycan musiqisi səslənib, bizimkilər də orada iştirak edib. İndi nəsə yaradıblar, amma burada bir cinayət yoxdur. Məlum olduğu kimi, Sami Yusif bəstəkar deyil, xüsusi əsər yazmayıb, o, bunu öz üslubu ilə yaradıb. Hər halda, müğənni Afət Fərmanqızının ifasından yaxşıdır, qulağa xoş gəlir. Bir də ki, nə qədər Nəsimiyə müraciət etsələr, yazsalar, bir o qədər yaxşıdır. Bununla da biz bir daha əmin olduq ki, Nəsimi heç də Nizamidən, Xaqanidən geri qalan şair deyil”.

Əməkdar incəsənət xadimi, bəstəkar, professor Ceyhun Allahverdiyev isə qeyd olunan mahnıya bu cür şərh bildirdi: “Sami Yusif peşəkar bəstəkar deyil, amma peşəkar musiqi ilə məşğul olur. O, ”Sığmazam" qəzəlinə özünəməxsus musiqi yaradıb. Əlbəttə ki, burada simfonik əsər qoyulmayıb, F.Əmirov, Niyazinin əsərləri kimi polifoniya, harmoniya genişlənməsi yoxdur. Sadəcə, kompozisiyada bir sıra Şərq, Azərbaycanın xalq çalğı alətləri səslənib. Mənə elə gəlir, Sami Yusif bununla da yeni bir ansambl, unisonun daha genişlənmiş formasını yaradıb. Bunu tənqid də etmək olmaz, hər halda, belə musiqi də olmalıdır".

Layihədə iştirak edən Əməkdar artist, xanəndə Təyyar Bayramov qeyd etdi ki, böyük layihə cəmi bir həftəyə ərsəyə gəlib: “Konsertdən iki ay əvvəl mənə dedilər ki, Sami Yusif Bakıya gələcək və belə bir böyük konsert təşkil edəcək. Bir qədər sonra bildirdilər ki, Sami Yusif səni də seçib. Deyim ki, məşqlər çox gərgin oldu. Beləliklə, layihə bir həftəyə ərsəyə gəldi. Yəni ən azı bir aylıq yükü bir həftəyə çatdıra bildik. Layihədə sırf Azərbaycanın milli alətlərindən istifadə olundu. Eyni zamanda uşaq xoru, Sevda Ələkbərzadənin də ifaları daxil idi. Beləliklə, ümumilikdə çox çətin bir proqram hazırladıq. Bütün ifaların hazırlanmasında Sami Yusifin birbaşa  rolu var idi. Layihəyə ”Qobustan", “Şirvanşah” və digər, həmçinin “Nəsimi” adlı kompozisiyalar daxil idi. Layihə dövlət televiziyası ilə canlı yayınlandı. Deyim ki, ictimaiyyət tərəfindən çox gözəl qarşılandı".
Xanəndə mahnı ilə bağlı peşəkar bəstəkarlar tərəfindən səslənən tənqidlərə bu cür cavab verdi: “Bu, həmin bəstəkarların özlərinə məxsus, subyektiv fikirləridir. Qeyd edirlər ki, kompozisiyada İran notları, musiqisi var. Sami Yusif gəlib Bakıya öz janrına uyğun mahnı ərsəyə gətirib. Sami Yusif dünyaca tanınmış musiqiçidir. Onun öz yanaşması, mövqeyi var. Ondan simfonik əsər gözləməliydik? Şəxsən biz musiqiçilər də çalışdıq ki, layihədə öz milli musiqimizi qoruyub saxlayaq”.

Layihədə iştirak edən digər Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev də təşkil edilən konsertin çox möhtəşəm layihə olduğunu bildirdi: “Bu cür layihədə iştirak etmək mənim üçün çox böyük fəxr idi, həm də çox böyük zövq aldıq. Çünki öz işini bilən, sənətini sevən, peşəkar bir insan olan Sami Yusif ilə birgə çalışmışdıq. Layihədə YUNESKO-ya düşən Şəki Xan Sarayı, Şirvanşahlar sarayına aid musiqi nömrələri salınmışdı.  Kompozisiyalardan biri də Nəsimi ilə bağlı idi. Biz bu layihə uğrunda gecə-gündüz çalışdıq. Bəziləri hətta sual verirdi ki, fonoqrama var idi. Bildirdik ki, qətiyyən fonoqrama olmayıb. Burada məsuliyyət hissi var idi. Çünki dövlətimizin, xalqımızın adı gedirdi. Layihənin prodüseri və rejissoru Andrey Boltenk də bildirdi ki, hələ bu günə qədər bu cür konsert görməyib. Konsertdə bütün ölkələrdən nümayəndələr var idi. Onlar konserti telefonla çəkir, canlı yayım edir, sosial şəbəkələrdə paylaşırdılar”.
İfaçı səslənən tənqidlərə bu cür münasibət bildirdi: “Zövqlər müxtəlifdir. Ola bilər ki, kiminsə xoşuna gəlməsin. Amma 3 adamın xoşuna gəlməyibsə, 100 adamın xoşuna gəlib”.
“Yeni Müsavat”

Paylaş: