Elza Seyidcahan Arif Məlikov barədə: “O, əsl kişi idi”
Tarix: 13-09-2019, 15:48



Bu gün dünya şöhrətli bəstəkar, mərhum xalq artisti Arif Məlikovun doğum günüdür.
Əməkdar artist Elza Seyidcahan müəllimi barədə Yenicag.az-a danışıb:
“Tələbələrlə birgə Arif müəllimin məzarını ziyarət etdik. Ustadımın adına halva bişirib payladım. Onun uzun illər fəaliyyət göstərdiyi Bakı Musiqi Akademiyasındayam, çəkdiyi rəsmlər önünə gül dəstələri qoyuruq. O həm də gözəl rəssam idi. Dahilər ölmür, Arif müəllim bizim üçün ölməyib, o əsərləri ilə yaşayır. Buna görə də, onun doğum gününü sevinclə qeyd edirəm. O, bütün dahilər kimi sadə həyat tərzi keçirirdi. Bütün dahilər kimi sadə olduğu qədər də qəliz, mürəkkəb insan idi. O bütöv şəxsiyyət idi. Heç vaxt kiminsə qarşısında əyilməyi, yaltaqlanmağı sevməyib. Lazım gələndə sözünü deməyi bacarırdı. Əsl kişi idi. Arif Məlikov bu dünyaya mərdanə gəldi, mərdanə də getdi”.
E.Seyidcahan hər il onun doğum gününün çalışdığı kafedrada qeyd olunduğunu deyib:
Biz tələbələr onun doğum günündə kafedrada stal açardıq. Sonra onun musiqilərini ifa edərdik. Hədiyyə almağı sevməzdi, bu, əsərlərinin səsləndirilməsi onun üçün ən böyük hədiyyə idi. Amma Arif müəllim hədiyyə bağışlamağı çox sevərdi. Bəstəkar kimi dahi olan müəllimim həm də gözəl ata, baba, ömür-gün yoldaşı idi”.
Qeyd edək ki, Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında vəfat edib.

Paylaş: