"Əvvəl bu xəbər yayılanda yaxınlarım kövrəlirlər"
Tarix: 11-09-2019, 08:54




Bir müddət öncə ikinci dəfə ölüm xəbəri yayılan Xalq artisti Cavan Zeynallı belə hadisələrdən heç də narahatçılıq keçirmədiyini bildirib. 

C.Zeynallı Moderator.az-a açıqlamasında ölüm xəbərini yayan şəxslə görüşərsə, ona təşəkkür edəcəyini də bildirib:

“İki dəfə ölüm xəbərim yayılıb və bundan heç də narahat deyiləm. Əslində  bu çox gülməlidir. Əvvəl bu xəbər yayılanda yaxınlarım kövrəlirlər, amma sonra məni görəndə gülməyə başlayırlar. Deyirlər ki, Cavan çox yaşayacaq, yaxşı ki, belə xəbərləri yayırlar. Bununla o adamlar demək istəyirlər ki, Cavan müəllim, çox yaşayın!”. 

Xalq artisti bu xəbərin başqa bir həmkarının ölüm xəbəriylə səhv salındığını bildirib:

“Mənə elə gəlir ki, bu dəfə ölüm xəbərimi yaymağı başqasıyla səhv salıblar. Həmin gecə cazmen Cahangir Xəlilov rəhmətə getdi. O, da caz ifaçısıdır, mən də. Yəni o da canikdi, mən də. Bu saytda işləyən adam da necəsə səhv edib. İndi çox adamlar avam olublar, savadsızlıq baş alıb gedir”.

 Xalq artisti ölüm xəbərini yayan şəxsi bağışlamağa hazır olduğunu bildirib:

“Mən heç özüm də bilmirəm bunu yazan kimdi. Mənə deyirlər ki, o, adamı həbs etdirib yaxşı cərimə elətdirərdin. Deyirəm ki, mən belə şeyləri istəmirəm. Bunlar mənə yaraşmaz. Sonra deyərlər Cavan pula görə gör neyləyir. Biz Allahla ürəyi döyünən insanlarıq. Həmin hadisə zamanı çoxları zəng vurub səsimi eşidən kimi deyirdi ki, Cavan, sağsan? Səni görmək istəyirəm. Dostların çoxu həmin hadisədən sonra gəlib mənə baş çəkdilər. Gözləyirəm ki, ölüm xəbərimi yayan adam çıxar məndən üzr istəyər deyər ki, bağışlayın, bunu bilmədən mən etmişəm. Əlbəttə o, adamı bağışlayaram. Deyərəm ki, çox sağ ol ki, sən belə xəbəri yayıbsan və mən  buna görə çox yaşayacam”. 


Paylaş: