Kinomuzun Üzeyir bəyi - 70 yaşlı Hüseynağa Atakişiyev
Tarix: 9-09-2019, 17:37


Azərbaycan teatrının fədakar sənət xadimi, görkəmli rejissor, əməkdar incəsənət xadimi, istedadlı aktyor, kinomuzda yaratdığı Üzeyir bəy Hacıbəyli surəti ilə hər kəsin yaddaşında əbədi həkk olunan Hüseynağa Atakişiyevin anadan olmasından 70 il ötüb.
Open.az xəbər verir ki, ötən gün mərhum rejissorun 70 illik yubileyi münasibətilə sənət dostları, keçmiş Gənclər Teatrının kollektivi, 56 yaşında həyatla vidalaşıb haqq dünyasına "səfərə çıxan" sənətkarın məzarını ziyarət ediblər.
Hüseynağa Atakişiyevin Üzeyir bəy obrazını ifa etdiyi "Uzun ömrün akkordları. Üzeyir ömrü" filmində belə bir kadr var.
Hüseyn Ərəblinskinin dəfn mərasimidir. Ərəblinskinin dostları qəbiristanlıqdadır.Hüseynqulu Sarabski obrazını ifa edən Mikayıl Mirzə: "Hüseyn, sən həmişə gileylənərdin ki, artistlər vaxtında toplaşmırlar. Bax bir. Hamımız buradayıq. Səni gözləyirik. Qalx, məşqi başlayaq". deyir.
Üzeyir bəyi ustalıqla canlandıran Hüseynağa Atakişiyevin filmdə söylədiyi fikirlər də sanki onun özünə, 56 illik qısa ömrünün hər anına aiddir. "Hüseyn Ərəblinski öz acı taleyinin son faciəvi rolunu oynayıb, bizimlə həmişəlik vidalaşır. Əl çalmaq lazım deyil. Alqışlarımıza cavab verə bilməyəcək. Yaralı başını daha əyməyəcək. Həyatının pərdəsi düşdü. Bir də daha qalxmayacaq. Heç vaxt... Heç bir vaxt..."
Hüseynağa Atakişiyevin həyatının pərdəsi bir daha qalxmasa da, onu sevənlər, sənətini, sənətkarlığını, oynadığı obrazlar və yaratdığı tamaşaları unutmayanlar hələ var. Uzun illər də var olacaqlar. Hüseynağa Atakişiyev məktəbindən pöhrələnən aktyorlar bu gün böyük sənətkarlardır. Ustadlarını hər zaman yad edən, adını hörmətlə, rəhmətlə çəkən sənətkarlar.
Hüseynağa Atakişiyev onların ömründə, sənətində, səhnədə etdikləri hər bir ştrixdə, hər bir mizanda yaşayır.
Hüseynağa müəllimlə bir dəfə ünsiyyətdə olan adam belə onu yaddaşında saxlayıb. Unutmayıb.
Sənətinin fədaisi olan əsl sənətkarlar, həqiqi rejissorlar isə unudulmurlar. Hüseynağa Atakişiyev kimi...
70 yaşının astanasında ruhuna salam olsun Ustad!



Kinomuzun Üzeyir bəyi -70 yaşlı Hüseynağa Atakişiyev
Kinomuzun Üzeyir bəyi -70 yaşlı Hüseynağa Atakişiyev


Paylaş: