Xalq artisti Fidan Hacıyeva 43 yaşını qeyd edir
Tarix: 7-09-2019, 12:07




Bu gün Xalq artisti Fidan Hacıyevanın doğum günüdür.
Cebhe.info xəbər verir ki, Fidan Hacı Ağa qızı Hacıyeva 7 sentyabr 1976-cı ildə doğulub.
F.Hacıyeva 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Solo oxuma (vokal) fakültəsinə qəbul olunub. Professor Hüseyn Əliyevdən professional dərs alan ifaçı, 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.
Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, “Koroğlu operası”nda “Xanəndə qız” obrazı ilə gəlib.
Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir.
2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Xalq artisti adına laiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır.

Paylaş: