“Tərəf müqabilimiz başqası olanda o, məni, mən də onu qısqanırdım...” - Nisgilli etiraf
Tarix: 4-09-2019, 09:24




“Mən Yaşar müəllimin yoxluğuna inanmıram, hələ də səsi qulağımdadır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Yaşar Nurinin tərəf müqabili Firəngiz Mütəllimova deyib. F.Mütəllimova Y. Nurini diqqətdə saxlayan insanlara da öz minnətdarlığını bildirib: 

“Bu gün Yaşar müəllimin doğum günüdür və elə axşam saat 12:00 olan kimi səhifəmdə bununla bağlı məlumat paylaşdım. Mən Yaşar müəllimi yoxluğuna inanmıram, hələ də səsi qulağımdadır. Televiziya kanallarımız filmlərini, tamaşalarını verir. Bu gün də teatrımızın kollektivi ilə onun məzarını ziyarət etdik. Bilirsiniz ki, sentyabrın 5-də Siyavuş müəllimin də doğum günüdür. Ümumiyyətlə, bu yüz ildə dünyasını dəyişən aktyorların qarşısında sayğı duruşuyla dayandıq. Hələ də adam inanmır ki, bu insanlar yoxdur.

“Yaşar müəllim sizə “dərdləşdiyim sevgi” adını qoymuşdu. Bundan xəbəriniz var idimi? sualına F.Mütəllimova belə cavab verib:

“Xeyr. Xəbərim yox idi, kim nə fikirləşir, elə də yazır. Ailəsi də, mən də, Yaşar müəllim də o vaxt bilirdi ki, həyatımda kim var. Biz dost olmuşuq və bunu hamı da bilir”.

“Niyə son vaxtlar sizlər kimi sevilən aktyorlar doğulmur?” sualına cavablandırarkən xalq artisti bu cür aktyorlarımızı doğulmadığını özü də etiraf edib:

“ƏlbəttəŞ bu gün elə aktyorlar yoxdur. Mən özüm də dərs demişəm. Aktyorun bazası dolu olmalıdır, fantaziyası olmalıdır, ikinci plan durmadan işləməlidir. Belə şeylər yoxdur. İndi çoxları yüngül şeylərə qaçmaq istəyir ki, hər şeyi əldə etsinlər. Amma görürsünüz ki, qırx ilə yaxındır teatrda çalışırıq və indi nəyəsə nail oluruq. Mən sənətə gələndə maddiyatı düşünmürdüm, ancaq sənətdən zövq almışam. Düzdü, bizə həmişə hörmət ediblər. Yaşar Nuriylə, Siyavuş Aslanla qastrollara getmişəm, hər ikisiylə filmə çəkilmişəm. “Bəyin oğurlanması” filminə çəkilməyim bəsimdi, çünki Azərbaycanın üzdə olan “qaymaqları” hamısı o filmdə olub”. 

F.Mütəllimova həmişə birlikdə tamaşalar oynadıqlarına görə ayrı tamaşalarda yer alanda Y.Nuriylə bir-birilərini qısqandıqlarını da etiraf edib:

“Mənə çox xoşdur ki, Yaşar Nuri kimi dahi sənətkarla ilk tərəf müqabili olmuşam. Onunla tamaşalarımız çox yaxşı alındı. İndi təkliflər gələndə filmlərə çəkilməmək üçün bəhanələr axtarıram. Yaşar müəllimlə “Səni axtarıram” və “Göz həkimi” tamaşalarında oynadıq. Bununla yanaşı, teatrlarda da çox tamaşalarda oynadıq. Biz bayramlarda da bir yerdə olurduq və elə bil bizi həmişə cüt görmək istəyirdilər. Hər yerə bizi cüt çəkirdilər. Açığını deyim ki, tərəf müqabilimiz başqası olanda o, məni, mən də onu qısqanırdım. Ona görə deyirdi ki, bizi bir yerdə yazın ki, rahat oynayaq”.


Paylaş: