"Bakı səhnəsində çıxış etməkdən məmnunluq duyuram"
Tarix: 3-09-2019, 16:34




"Bakıda olmaqdan, sizin səhnənizdə çıxış etməkdən məmnunluq duyuram. Çıxış etdiyimiz Teatrın binası da çox gözəldir. Tamaşaçılarınız, ümumiyyətlə insanlarınız çox istiqanlıdır".
Bu fikirləri Open.az-a özəl açıqlamasında Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru, Rusiya Federasiyasının Dövlət Mükafatı Laureatı Aleksey Quskov deyib.
Bakıya E.Vaxtanqov adına Akademik Dövlət Teatrının qastrol səfəri və 3-cü Beynəlxalq M.A.P Teatr Festivalı çərçivəsində gələn Aleksey Quskov ötən gün Akademik Musiqili Teatrın səhnəsində nümayiş olunan "Yevgeni Onegin" əsərində çıxış edib.
Tamaşadan əvvəl və antraktda Akademik Musiqili Teatrın binası ətrafında gəzişən Aleksey Quskov Bakının havası ilə nəfəs almağın onun üçün xoş olduğunu dilə gətirib: "Tamaşadan əvvəl və fasilə zamanı sizin gözəl teatrın binası ətrafında gəzişib, siqaret çəkirəm. Başqa şəhərdə olsaq, bəlkə də belə sərbəst ola bilmərəm. Amma Bakıda daha çox gəzmək, şəhərdə olan gözəl dəyişiklikləri müşahidə etmək xoşdur. Bakı keçmiş Sovetlər İttifaqının dövründə də Beynəlmiləl şəhər idi. Böyük Vətən müharibəsində qazandığımız qələbəyə görə Bakı neftinə minnətdar olmalıyıq. Mən bunu bilirəm və deyirəm. Bakı- böyük Müslüm Maqomayevin vətənidir. Bir sözlə sizlərin qarşısında çıxış etməkdən zövq aldım. Ümid edirəm ki, yenidən sizin şəhərə gəlmək və burada tamaşalarımızı bakılı teatrsevərlərə nümayiş etdirə biləcəyəm".
Xatırladaq ki, sentyabrın 1-dən 4-dək Bakıda Rusiyanın nüfuzlu E.Vaxtanqov adına Akademik Dövlət Teatrının qastrol səfəri başlayıb. Səfər çərçivəsində Rusiyanın görkəmli teatr xadimləri Aleksey Quskov, Lyüdmila Maksakova, İrina Kupçenko, Leonid Biçevin, Sergey Makoveski və başqaları Bakıya təşrif buyurublar.
Sentyabrın 3-də Akademik Musiqili Teatrın səhnəsində "Yevgeni Onegin" tamaşasının növbəti, sonuncu nümayişi olacaq.
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının səhnəsində isə "Lanqustun harayı” adlı tamaşa nümayiş olunacaq.
Sentyabrın 4-də Akademik Rus Darm Teatrının səhnəsində "Medeya" tamaşası göstəriləcək.
Qeyd edək ki, tamaşalar saat 19.00-da başlanır.



Rusiyanın Xalq artisti: Bakı səhnəsində çıxış etməkdən məmnunluq duyuram


Paylaş: