"Cəmiyyəti arxanca apara bilmirsənsə, bunu ona izah etmək məcburiyyətindəsən"
Tarix: 31-08-2019, 09:12




“Təəssüflər olsun ki, cəmiyyətimizdə öz fikrini ifadə edə bilməyən insanların sayı getdikcə artır...”

“Hesab edirəm ki, bu ümumiyyətlə Azərbaycan cəmiyyəti üçün çox ciddi problemdir. Sovet dönəmində ən çox oxuyan respublika biz idik, amma indi Allah bilir hardayıq”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı oxu mədəniyyəti haqda danışarkən deyib. Xalq artisti mütaliyə edən insanların sayının azalmasının çox ciddi problem olduğunu bildirib:

“Bir millət oxumaq istəmirsə, kitabdan ayrı düşürsə, onun sabahı yoxdur. Bu birmənalı şəkildə belədir. Ancaq oxuyan, öyrənən, mütaliəli millətlər qazanandırlar. Yəni normal cəmiyyətlər ancaq oxumaqla, öyrənməklə formalaşır. Hesab edirəm ki, bu ümumiyyətlə Azərbaycan cəmiyyəti üçün çox ciddi problemdir. Sovet dönəmində ən çox oxuyan respublika biz idik, amma indi Allah bilir hardayıq. Ancaq oxumaq, öyrənmək istəyən bunu edəcək. Lakin çox sayda oxuyan yoxdursa, bu bir fəlakətdir. Biz bir müddət öncə naşir Şahbaz Xuduoğlunun təklifi ilə bir kitabı səsləndirdik və disk şəkilində buraxdılar. Əziyyət çəkmədən, yerimizdə oturub bəzi şeylərə qulaq asmaq istəyirik. Mənə elə gəlir ki, kitab disklər hazırlamaqla onları yaymaq olar. Bu şəkildə cəmiyyətin ən azı oxu mədəniyyətinin qarşısını almaq üçün cəhdlər etmək lazımdır. Amma bilirsiniz ki, nəticə etibarilə heç bir şey kitabı əvəz edə bilmir”.

Xalq artisti mütaliənin insanın nitq qabiliyyətini formalaşdırdığını qeyd edib və bildirib ki, cəmiyyətdə öz fikrini ifadə edə bilməyən kifayət qədər tanınmış adamlar var: 

“Sizə bir şeyi də deyim ki, oxumaq həm də insanda nitq mədəniyyətini formalaşdırır. İnsanların öz fikrini ifadə etmək qabiliyyətini artırır. Bu gün cəmiyyətimizdə kifayət qədər savadlı insanlar, akademiklər var, amma təəsüflər olsun ki, onlar öz fikrini ifadə edə bilmir. Bu da onların mütaliə etməməsinin nəticəsidir. Ona görə də cəmiyyətimizdə öz fikrini ifadə edə bilməyən insanların sayı getdikcə çoxalır. Çoxları buna barmaqarası baxa bilər, amma bizim peşəmiz budur və mən bunu tam əminliklə deyirəm. Cəmiyyətin müəyyən tələbləri var və əgər sən onu arxanca apara bilmirsənsə, onunla yanaşı dayanıb bəzi məsələləri ona izah etmək məcburiyyətindəsən ki, ondan sonra sənin arxanca getsin. Bu mənada hesab edirəm ki, disk kitabları buraxmaqla cəmiyyət arasında qulaq asmaq mədəniyyətini formalaşdıra bilərik”.


Paylaş: