Firəngiz Qurbanova çoxseriyalı cizgi filmi layihəsi üzərində çalışır
Tarix: 21-08-2019, 16:24




Azərbaycanın tanınmış kino rəssamı, ssenarist, animasiya rejissoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü Firəngiz Qurbanova çoxseriyalı cizgi filmi layihəsi üzərində iş aparır.
Open.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mətbuat xidməti yayıb.
Firəngiz Qurbanova qeyd edib ki, Azərbaycan nağıllarının motivləri üzərində qurulacaq filmlər animasiya serialı kimi nəzərdə tutulub: “88-ci ildə yaratdığım “Birlik” studiyasında istehsalı nəzərdə tutulan animasiya filmi üzərində Kino Məktəbinin tələbələri təcrübəli peşəkarlarla bir yerdə çalışacaq. Onlar həm dərs keçəcək həm də təcrübə qazanacaq. Çox şadam ki, Rüstəm müəllim istehsalla tədrisin birləşdirilməsi təşəbbüsümüzü dəstəklədi və aidiyyatı orqanlara layihənin dəstəklənməsi üçün Kinematoqrafçılar İttifaqı adından artıq müraciət də olunub".
Firəngiz Qurbanova Kino Məktəbinin animasiya qrupunun ümidverici tələbələrinin də olduğunu vurğulayıb: “Belə tələbələrin olması məni çox sevindirir. Sadəcə olaraq bu tələbələrlə çalışmaq, onların qabiliyyətini daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, Kino Məktəbi olaraq bunun öhdəsindən gələcəyik və yeni nəsil animasiya rejissorları yetişdirəcəyik. Mən cizgi animasiyasının tərəfdarıyam. Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Kinematoqrafçılar İttifaqı nəzdində açılmış Kino Məktəbinin animasiya qrupuna da məhz rəssamlıq bacaran tələbələri qəbul edirik. Çünki mənim üçün əsas şərt “çəkərək düşünmək” prinsipidir. Özüm də elə işləyirəm, əlimdə karandaş çəkirəm, xarakter haqda düşünürəm, onun vizual həllini axtarıram”.
Xatırladaq ki, Firəngiz Qurbanova “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb, «Birlik» studiyasına rəhbərlik edib. Bir çox bədii filmlərin-
“Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. quruluşçu rəssamıdır. Eyni zamanda “Seans”, “Bulud niyə ağlayır”, “Anam ağacda” və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur.

Paylaş: